Bütün bunlarla yanaşı peşəsinə, ixtisasına sevgi ilə yanaşdığı təqdirdə insan öyrənir, peşəkarlaşır, peşəsinin sirlərinə yiyələnir və dünən öyrəndiklərini sabah müəllim, alim kimi öyrədəndə özünü faydalı, dəyərli və xoşbəxt hiss edir. İnsan övladının kamil nümunəsi olan müəllim üçün bundan böyük xoşbəxtlik varmı? Təbii ki, yox!
Məlum olduğu kimi Azərbaycan Kardiologiya Cəmiyyətinin 5- ci İnvaziv Kardiologiya Konfransı keçirildi. İki gün davam edən konfransda mən də çıxışçılar sırasındaydım. Həmin mötəbər tədbirdə mənim üçün ən xoşbəxt an nə ola bilərdi: məruzə ilə çıxış, yaxud da konfransda moderatorluq etməkmi? Əlbəttə, bütün bunlar şəxsim üçün böyük şərəfdir. Amma mən başqa mövzu haqqında danışacam.
Rezident həkim kimi bir ili hələ yenicə tamam olmuş ürək cərrahı Fidan Abdullayevanın sərbəst şəkildə Almaniyadan, Türkiyədən və Azərbaycandan olan, ürək xəstəliklərində öz sözünü demiş dövrümüzün peşəkar həkimlərinin, cərrahlarının qarşısında qarışıq və çətin bir mövzu ilə bağlı çıxışı, intensiv nitq qabiliyyəti, fikrini sərbəst, aydın şəkildə ifadə etməsi, biliyi, intellekti, bacarığı ilə auditoriyanı ələ alma məharəti mənə bu günə qədər sənətimdən və işimdən almış olduğum zövqlərin ən alisini yaşatdı. Düşünürəm ki, hər kəs peşəsinə, sənətinə uyğun olaraq cəmiyyətimiz, dövlətimiz üçün faydalı ola bilər. Necə ki, hərbçilərimiz, peşəkar zabitlərimiz Ali Baş Komandanın rəhbərliyi altında fövqəladə qəhrəmanlıqla müasir hərb tarixi üçün dərslik, Azərbaycanımız üçün zəfər tarixi yazdılar.
Çünki bu sənətin sirlərini mükəmməl mənimsəmişdilər və ən əsası, uğrunda ölməyə hazır olduqları Azərbaycanı sevgi ilə qoruyurdular, sevgi ilə döyüşürdülər. Bu sevgi Vətəni tam və bütöv, bizi isə xoşbəxt etdi.
İdmaçılarımızın qalibiyyətindən sonra ən yüksək zirvədə mübarək bayrağımızın dalğalanması bizə sevincli anlar yaşadır, çünki yarışa inamla hazırlaşır, çalışırlar.
Gənclərimizin, həmvətənlərimizin qlobal arenanın auditoriyalarında bizə düşmən mövqedə dayananların susdurulmasına, ölkəmizin həqiqətlərinin bəlli bir təbəqəyə çatdırmasına şahidlik edirik.
Bu günümüz ona görə xoşbəxtdir ki, ölkəmizi, taleyimizi 20 ildir tam etibarlı bir liderə həvalə etmişik, bizi sevir və sevilir!
Onun böyüklüyü ilə bizim artıq niskilimiz, dərdimiz yox. Var olan problemlərimizin də həllinə tam ürəkdən inanırıq.
Ali Baş Komandanın qətiyyəti hesabına bütövləşən sevimli Vətən gələcəkdə peşəsindən asılı olmayaraq bu gün qürurla yaşayan gənclərimizə əmanətdir.
Fidan və Fərid kimi istedadlı Azərbaycan gənclərinin simasında səhiyyəmizin yaxın gələcəkdə daha parlaq olacağına əminəm, bunu görür və aydın bir şəkildə hiss edirəm.
Ürəklərin həkimi olan bir millət vəkili kimi bu hislərimi sizlərlə bölüşməyi özümə borc bildim.
Rəşad Mahmudov
Milli Məclisin deputatı
