Sizin reklam burada
Sizin reklam burada
  • Nizami Gəncəvi Mərkəzinin direktoru Türkiyədə keçirilən beynəlxalq simpoziumda geniş məruzə ilə çıxış edib

    AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Türkiyədə keçirilən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II simpoziumda iştirak edib və “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində birgəyaşayış, tolerantlıq və insan konsepsiyası" mövzusunda məruzə edib.
    Mərkəzin direktoru Əlimuxtar Muxtarov "Atributinfo .az" saytına bildirib ki, simpozium Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Kalicaga Yogyakarta Dövlət İslam Universiteti və Azərbaycan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Türkiyənin Kırıkkale şəhərində təşkil edilib.
    On dörd ölkədən 100-dən artıq alimin iştirak etdiyi simpoziumda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov və prorektoru dosent Mirniyaz Mürsəlov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, baş mütəxəssisi Aynur Süleymanlı Azərbaycan İlahiyyat İnstitutunun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak ediblər.
    Əlimuxtar Muxtarov məruzəsində Azərbaycan xalqının dünya ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərində təbliğ və təsvir edilən tolerantlığın, birgəyaşayışın, multikultural ənənələrin dahi şairin mənsub olduğu Azərbaycan xalqının tarixi keçmişindən süzülüb gəldiyini və bu ideyaların indi də Azərbaycan cəmiyyətində mehribanlıqla birgə yaşayan müxtəlif xalqların bir həyat tərzi olduğunu vurğulayıb.
    Alim simpozium çərçivəsində Türk dünyasından, İslam ölkələrindən gələn həmkarları ilə fərdi qaydada görüşlər keçirərək, dahi mütəfəkkirin əsərlərinə, qədim təzkirələrə, mənbələrə istinad etməklə Nizami Gəncəvinin Gəncədə əsilli-nəsilli Azərbaycan türkünün ailəsində dünyaya gəldiyini, dünya poeziyasının nadir inciləri olan “Xəmsə” sini bu diyarda, bu şəhərdə qələmə aldığını, həm ata-anasının, həm də özünün məzarlarının, məqbərəsinin bu gün də Azərbaycan xalqı ilə yanaşı, ölkəmizə gələn qonaqların müqəddəs bir məkan kimi ziyarət edildiyini bildirib.
    Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açan alim diqqətə çatdırıb ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
    Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib, 2021-ci il isə Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” kimi qeyd edilib.
    Alim, eyni zamanda, Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı Azərbaycanda nəşr edilən bəzi kitabların elektron versiyalarının qonaqlar üçün əlçatanlığını təmin edib .

    Zahir Məmmədov
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ