Sizin reklam burada
Sizin reklam burada
  • "Kitabı əlindən düşməyən balam, kitablara dönüb indi"

    Bu gün 44 gündə tarix yazan qəhrəmanlarımızdan Ceyhun Şalıyevin ad günü idi.
    "Atributinfo.az" xəbər verir ki, müharibədə sinəsini vətənə sipər edən oğulun üç ildir ki, dəyəşməyən ad gününə toplaşır doğmaları. Bu dəfə mən də həmin doğmalarla birlikdə şəhidimin anım günündə iştirak edirdim. "Qəlbimizdə yaşayanlar" kitabımın qəhrəmanı Ceyhun Şalıyevin qardaşı Bakıxanov stansiyasında qarşıladı bizi. Elə ilk baxışdan şəhid qardaşı olduğu bəlli olurdu. Halbuki ilk dəfə idi bu ailənin qonağı olacaqdım. Yol boyu saçlarının bəyazları diqqətimi çəkmişdi. Səssiz gəldiyimiz yolda sanki bəyazlaşan tellərin hər biri dilə gəlir, bid qardaş həsrətinin nə qədər acı olmasından danışırdı mənə. Binanın önünə çatanda əvvəl şəhidin xatirə bulağı sonra isə abidəsi qarşıladı bizi. Beşinci mərtəbəyə addım-addım qalxdıqca sanki cənnətin pillələrini qalxırdıq. Axı şəhid evləri, şəhid guşələri, şəhid muzeyləri ziyarətgahlar qədər əzizdir, müsabiqədədir mənə. Evə çatdıqda şəhidimizi mənə tanıdan, kitabımda yer almasının səbəbkarı olan Rəna müəllimə qarşıladı bizi sonra yan otaqdan şəhidin anası gəldi. Qara geyimindən, saçlarının bəyazlaşan tellərindən, simasının baha həsrətli fəryadından, qonağını balası kimi bağrına basmasından anladım ki, şəhidimin anasıdır bu mərd qadın. Bir iki şəkil çəkdikdən sonra şəhidimin məzarını ziyarətə yollandıq. Bu mənzərə dözülməz idi. Cehunumun anası balasının şəkli əks olunmuş məzar daşını qucaqlayıb elə fəryad qoparırdı ki, yerin bağrı yarılır, göyün sinəsi göynəyirdi.
    "Alim şəhid" ləqəbli Ceyhun Şalıyev çox çalışqan, savadlı, istedadı ilə hər zaman özünə hörmət qazanmış şəhidlərimizdən biri olub. Ana fəryad edərkən "kitabları əlindən düşməyən balam, kitablara dönüb indi. Can ay bala, qələmin əlindən düşməzdi, sən gedəndən qələmlərin rəngini bilmirəm mən. Allah möcüzə yetir. Mənə balamı gətirin, mən balamı istəyirəm"-deyən, ana elə ah çəkirdi ki, fəryadı hər kəsin sinəsini göynədirdi. Onlarla insan arasından heç kimsə irəli durub təsəlli ola bilmirdi ana ürəyinə. Onunla birlikdə ağlamaqdan başqa elimizdən heç nə gəlmirdi.
    Mən necə qabağa durum axı. Kitabları əlindən düşməyən balasını, bir kitaba sığdırıb gətirmişəm anaya. Necə deyim,"sənə oğlunu gətirməyə gücüm çatmadı amma ondan şeir yazıb, kitab gətirmişəm." Sözlərim boğazımda düyünlənib, ürəyimə möhür vurdu. Bəlkə də həyatımda ilk dəfə bir ananın qarşısında kəlmələrim qırılıb, sözlərim yetərsiz qaldı. Yüzlərlə anaya təsəlli olan qələmim bu dəfə ana fəryadının qarşısında boynunu bükdü.

    Esmira Günəş
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ