Sizin reklam burada
Sizin reklam burada
  • 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi

    "Bu il bütün bəşəriyyət İkinci Dünya Müharibəsinin başa çatmasının 78-ci ilini qeyd edir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqı böyük əmək sərf edib və fədakarlıq göstərib."
    Bu sözləri Qələbə bayramı ilə əlaqədar "Atributinfo.az"-a açıqlama verərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bolmə rəsi Anar Əsgərov demişdir.
    O, açıqlamasında bildirmişdir:
    "600 mindən çox vətəndaşımız SSRİ ordusunun tərkibində faşistlərə qarşı savaşıb. Onların təxminən yarısı 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaların, qalanları isə digər hissə və birliklərin tərkibində döyüşlərdə iştirak ediblər. 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilib, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb. Azərbaycanlılar Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə şücaət göstəriblər. Bundan başqa, həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Azərbaycandan cəbhəyə gedən hər iki döyüşçüdən biri bu qanlı müharibədə həlak olub.
    1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, mühərrik yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində yüksək oktanlı aviasiya yanacağının kəşf olunması da Azərbaycan alimlərinin nailiyyətidir. Bu neft və neft məhsulları olmasaydı, SSRİ-nin qələbəsindən danışmaq mümkün deyildi.
    Bakı Sovet İttifaqının həm də mühüm silah istehsalı mərkəzlərindən biri idi. Müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Azərbaycanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəltmişdi. 1942-ci ildə artıq Bakıda “Katyuşa” yaylım atəşi sistemlər üçün mərmiləri istehsal edən 610 saylı yeni sursat zavodu (sonrada “Şmidt adına zavod”) yaradıldı.
    1942-ci ilin sonunda Azərbaycanda 130 növdə silah, döyüş sursatı, hərbi ləvazimat istehsal olunurdu. Onların arasında minaatan hissələri, PPŞ silahlarları, tank hissələri də mövcud idi. 1942-ci ildə Bakıda istehsal edilən “YAK-3” qırıcıları cəbhəyə uçmağa başladı. Leninqraddan sonra Bakıda “Molotov kokteyli” istehsalına başlandı.
    Bu gün dünyanın daha çox bəhs etdiyi “Lend-Liz” əməliyyatının birincisi də Azərbaycanın nəqliyyat imkanları hesabına həyata keçirilib. 1941-ci ilin sonundan başlayaraq, əvvəlcə ABŞ və İngiltərədən, sonralar isə Kanadadan SSRİ-yə 400 min avtomobil, 2,6 mln ton neft və neft məhsulları, 9,6 min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər ki, bunlar da Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı. “Lend-liz” yükləri İran körfəzindən SSRİ-yə iki yolla - Xəzər su yolu və Qafqazdan keçən quru yol vasitəsilə daşınırdı. Əgər Bakı nefti və Azərbaycan üzərindən “Lend-Liz” daşımaları olmasaydı, İkinci Dünya Müharibəsi 1942-ci ildə bitəcək, Hitler reyxstaqın bir hissəsini Moskvaya köçürəcəkdi.
    Rusiyanın Azərbaycanın II Dünya Müharibəsindəki qələbə payını mənimsəməyə çalışması əslində heç nəyi dəyişmir. Azərbaycan xalqının II Dünya Müharibəsində göstərdiyi fədakarlıq İkinci Qarabağ Müharibəsində də artıqlaması ilə təkrarlandı. Qorxu bilməyən qəhrəman Silahlı Qüvvələrimiz cəmi 44 gündə 30 illik erməni işğalına son qoydu. Artıq Azərbaycanın özünə məxsus olan 44 günlük Vətən Müharibəsi və Parlaq Zəfəri var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs missiyasını layiqincə yerinə yetirərək, pozulmuş ərazi bütövlüyümüzü bərpa edib. Artıq düşmən və havadarları üzərində əldə etdiyimiz möhtəşəm Qələbəmiz var və 2020-ci ildən bəri hər ilin 8 noyabr tarixində Zəfər bayramımızı qeyd edirik. Bu Qələbəni bizə bəxş edən qəhrəman Silahlı Qüvvələrimiz hər gün daha da genişlənir, daha da güclənir."-Anar Əsgərov demişdir.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ