Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan İctimai Televiziya ilə bağlı təklif

    "İctimai Televiziya Azərbaycan televiziya ailəsinə son vaxtlarda daxil olmağına baxmayaraq, son dövrlərin nümayəndəsi olmasına baxmayaraq, Azərbaycan televiziya məkanında öz yüksək yerini tutub, cəmiyyətdə müsbət imic qazanıb, özünəməxsus tamaşaçı auditoriyasına malikdir. Xüsusən də İctimai Televiziyanın Azərbaycançılıq istiqamətində və maarifçilik istiqamətində apardığı verilişləri, izlədiyi siyasəti yüksək qiymətləndirirəm və həm də müşahidə edirəm ki, İctimai televiziya bütün bunları yüksək professonallıq və peşəkarlıq səviyyəsində icra edir."
    Bu fikirləri Milli Məclisin bu gün-mayın 2-də keçirilən plenar iclasında "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Namizədlər haqqında" Qanun layihəsi ilə bağlı çıxış edərkən AMEA-nın Prezidenti, deputat İsa Həbibbəyli səsləndirdi. O, əlavə etdi ki, Azərbaycan Həmkarlar ittifaqının təklif etdiyi namizədləri yaxından tanıyıram və onlar bu məsuliyyətli işi daşımağa layiqdirlər:
    "Azərbaycan Mətbuat Şurasının namizədləri haqqında məndə həmkarlarım kimi yüksək fikirdəyəm. Azərbaycan Milli Elmlər Akademiyasının namizədi olan akademik Teymur Kərimli bizim klassik ədəbiyyatımızın, o cümlədən müasir ədəbiyyatımızın ölkəmizdəki görkəmli tədqiqatçılarından biri olmaqla bərabər, həm də televiziyaya yaxın adamdır. O, uzun illər televiziyada "Məclisi-üns" kimi çox məsuliyyətli bir ədəbi proqramın əsas aparıcılarından biri olmuşdur. İndi də fəaliyyətində televiziya ilə bağlı məqamları mən aydın şəkildə müşahidə edirəm inanıram ki, o, İctimai televiziyanın yayım şurasının üzvü kimi üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməklə televiziya kollektivinə yaxından köməklik edəcəkdir. Eyni zamanda, Sərxan Xavəri folklorşünasdır və bu sahədə tədqiqatlara malikdir. İctimai Televiziya isə folklor istiqamətində çoxlu tədbirlər, verlişlər təşkil edir. Bu istiqamətdə də bu seçilərsə, öz köməyini və təsirini göstərə biləcək."- İsa Həbibbəyli dedi. O, eyni zamanda çıxışında
    deputat həmkarı Etbar Əliyevin sorğusuna cavab verərək dedi:
    "Mən AMEA-nın prezidenti seçiləndən sonra Humanitar Elmlər Bölmısinə rəhbərlik etmək vəzifəsindən çıxmışam və o vəzifəni daşımıram. Hazırda Humanitar Elmlər Nölməsinin Elmi Şurasının sədrinin müavini olan Teymur Kərimli elmi şuranın sədri vəzifələrini müvəqqəti icra edir. İctimai Televiziya Yayım Şurasının namizədlərin verilməsi humanitar yönlü məsələ olduğu üçün bu humanitar elmlər bölməsində müzakirə olunub. Humanitar Elmlər Bölməsi isə təkcə Teymur Kərimlidən ibarət deyil. Humanitar elmlər bölməsinin elmi şurasının tərkibinə nəzərinizə çatdırım ki, 15 nəfər akademiyanın həqiqi üzvü, akademik və müxbir üzvü daxildir. Bunların 4 nəfəri müxbir üzvüdür, qalanları akademiklərdi. Yəni, Teymur Kərimlinin İctimai Yayım Şurasının üzvlüyünə namizədliyi 15 nəfər akademik tərəfindən müzakirə olunub, səsə qoyulub, qərar qəbul olunub. Teymur Kərimli sadəcə səsvermənin nəticəsinə aid sənədi imzalayıb və bura göndərilib.
    İkincisi, qaydaya uyğun olaraq Humanitar Elmlər Bölməsinin həmin iclasında ikinci namizədin də Sərxan Xavərin də məsələsi müzakirə edilib və səsverməyə qoyulub və səsvermənin nəticəsi olaraq qəbul olunmuş qərar haqqında birgə sənədi Teymur Kərimli imzalayıb. Teymur Kərimli haqqında sənədə başqa bir akademiya rəhbərini, ikunci namizədə isə Elmi Şura sədrinin vəzifələrini icra edənin imza atması məqsədəuyğun olmazdı. Ona görə hesab edirəm ki, Teymur Kərimlinin bu sənədə imza atması özü haqqında namizədin irəli sürülməsi kimi başa düşülməməlidir. Teymur Kərimli Humanitar Elmlər Bölməsinin aElmi Şurasının iclasında 15 nəfər üzv tərəfindən seçilib, təsdiq olunub, digər həmkarı ilə bir yerdə namizədliyi Milli Məclisə göndərilib. Onun bu sənədə imza atması hüquqi cəhətdən mənim fikrimcə tamamilə doğrudur."- Deputat vurğuladı.
    Çıxışının sonunda İsa Həbibbəyli bir məsələni də diqqətə çatdırdı:
    Ümumiyyətlə, ölkəmizin teleməkanında elmə aid ayrıca kanal yoxdur. Bu cəhətdən ən münasib televiziyalardan biri İctimai Televiziyadır. Mən çox istərdim ki, İctimai Televiziyada elm haqqında ayda ən azı 2 dəfə, yaxşı olardı ki həftədə bir dəfə ayrıca kanal ayrılsın və biz, Elmlər Akademiyası olaraq onun yüksək səviyyədə təşkil olunmasına tam təminat verə bilərik."- Deputat dedi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ