Bu gün BDU-nun keçmiş professoru mərhum Firudin Səməndərovun doğum günüdür
Cəmiyyət
12-01-2023, 16:45
957
12 yanvar, dəyərli müəllim, səmimi ağsaqqal, elimizin obamızın Saatlımızın fəxri hüquqşünas, Azərbaycanda "Cinayət hüququnun atası", hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı (1985-1989), Bakı Dövlət Universitetinin rektoru (1992-1993) Firudin Səməndərovun doğum günüdür. Allah gözəl insan olan, müəllim adını şərəflə daşıyan Firuddin müəllimə rəhmət etsin inşallah. Firudin Yusif oğlu Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunda Molday kəndində əkinçi ailəsində anadan olmuşdur. 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı medalla bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur. 1966-cı ildə təhsilini başa vurduqdan sonra həmin universitetin Cinayət hüququ kafedrasında aspirant saxlanılmışdır. 1970-ci ildə "Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri" mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Görkəmli hüquqşünas 1988-1992-ci illərdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkatında fəal iştirak edib. 1990-1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunub. 21 aprel 2014-cü ildə Bakı Dövlət Universitetində Firudin Səməndərovun anadan olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Hüquqşünas-alim 2019-cu il oktyabrın 24-də Bakı şəhərində 80 yaşında dünyasını dəyişib. “Qurd Qapısı” adlanan qəbiristanlıqda dəfn olunub. Ailəli idi, Aydan və Yusif adında iki övladı var. Aydan ixtisasca psixoloqdur, psixologiya üzrə fəlsəfə doktorudur, dosentdir, BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olur.