Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbər şəxsləri, Milli Məclisin deputatları, BSU-nun məzunu olmuş tanınmış ictimai xadimlər, universitetin profesor-müəllim heyəti və builki məzunları iştirak edirdilər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan rektor Anar Nağıyev bildirdi ki, bu gün BSU ailəsi üçün, xüsusilə də 2022-ci il məzunları üçün əlamətdar bir gündür. O, BSU-nun zəngin bir tarixə və pedaqoji ənənəyə söykənən universitet olduğunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında BSU-nun yaradılmasını xatırladan rektor bu ali məktəbin Slavyanşünaslığın öyrənilməsi və tədqiqi üzrə respublikada ilk və yeganə universitet olduğunu vurğuladı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan rektor bugünkü məzunların məhz “Şuşa İli”nin məzunları olmasından xüsusi qürur hissi keçirdiklərini söylədi.
Rektor yeni yola çıxan məzunların bir çoxunun təhsil müddətində müəyyən uğurlardan keçdiyini vurğulayaraq, dərin dəyərlərə sahib olan BSU-nun hər zaman tələbə və məzunlarını dəstəklədiyini bildirdi. 76 illik tarixində Azərbaycan elmi və pedaqogikasına öz adını həkk etmiş professorlara sahib olan universitetin tarixi ənənələrinin davam etdirildiyini vurğuladı.
BSU məzunlarının növbəti mərhələlərdə universitetlə əlaqələrini davam etdirmək üçün onların təşkilatlanmasında, əmək bazarında lazım olacaq bilik və bacarıqları əldə etməsində universitetin öz dəstəyini əsirgəmədiyini bildirdi. Bunun üçün bu günlərdə BSU-nun məzunlarının ictimai birliyinin formalaşdırıldığını diqqətə çatdırdı. Rektor hər bir məzuna gedəcəkləri müəssisələrdə BSU dəyərlərini - elmə sadiqlik, peşəkarlıq, dürüstlük kimi dəyərləri uğurla təmsil etməyi arzu etdi. Məzunların həm uğurlu vətəndaş, həm də uğurlu kadr kimi ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu söylədi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında BSU-nun tələbələrinin Nəsimi rayoununda təşkil edilən bütün ictimai-siyasi, mədəni tədbirlərdə fəal iştirak etdiklərini bildirdi. O, BSU-nun tələbə və məzunlarının dövlətə sədaqətinə görə seçilən gənclər olduğunu vurğuladı. Azərbaycan gənclərinin təhsil sahəsindəki uğurlarda xüsusi yer tutduğunu qeyd etdi.
A.Əsgərov Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti nəticəsində onların bütün sahələrdə fəal olmaları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldığını bildirdi. Qalib xalqın gəncləri olaraq Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən icra başçısı bu yolda məzunlara uğurlar arzuladı.
Təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ali təhsil müəssisəsinə qəbulun gənclərin ilk uğuru olduğunu, 4 il əvvəl BSU-ya daxil olmaqla bugünkü məzunların artıq bu uğura imza atdıqlarını bildirdi. E.Nəsibov BSU məzunlarının əmək bazarında layiqincə təmsil olunacağını qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə iştirak edən Əməkdar artist, BSU-nun məzunu olmuş Rafiq Həşimov tarixi bilməyin vacibliyini vurğuladı. O, Azərbaycan tarixində baş verən ictimai-siyasi hadisələrdən söz açaraq bildirdi, son iki ildə baş verən hadisələr nəticəsində, şanlı Qələbəmizdən sonra həm ölkəmizi, həm də gənclərimizi yalnız inkişaf və tərəqqi gözləyir. O, məzunların gələcək fəaliyyətlərində peşəkarlıq və dürüstlüyə önəm vermələrinin vacibliyini vurğuladı.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva dərin ənənələrə və elmi-pedaqoji bazaya sahib olan BSU-nun məzunu adının qürurverici hiss olduğunu vurğuladı. O, məzunlara öz bilik və bacarıqlarını gələcək əmək fəaliyyətlərində nümayiş etdirməyi, ideyalarını həyata keçirməyi arzuladı.
Milli Məclisin deputatı Arzu Nağıyev məzunlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzu etdi.
Əməkdar artist Nailə İslamzadə BSU-nun məzunu olaraq universitetlə bağlı xatirələrini bölüşdü, məzunlara uğurlar dilədi.
Tədbirdə BSU-nu fərqlənmə ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin universitetin ictimai həyatında fəallıq nümayiş etdirən məzunlar “Fəxri məzun” diplomu və “Təşəkkürnamə”lərlə təltif edildilər.
Tədbir BSU tələbələrinin və bir sıra incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirildi.
Atributinfo.az
