Əli Əkbər Bakının Nəsimi rayonundakı T.Həsənov adına 23 saylı tam orta məktəbin 7a sinfində oxuyur. Dərs əlaçısıdır. Müəllimlərin və şagirdlərin sevimlisidir. Necə deyərlər, ağlı söz kəsəndən Azərbaycanın Milli rəqsinə sonsuz marağı olan Əli Əkbəri bu maraq 7 yaşından 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə gətirmiş və burada Azərbaycan milli rəqs dərnəyinin üzvü olmuşdur. O, Azərbaycanın xalq artisti, baletmeystr Rüfət Xəlilzadədən milli rəqsin incəliklərini öyrənmişdir. Elə bunun nəticəsidir ki, Əli Əkbəri 11 yaşından R.Xəlilzadənin rəhbərlik etdiyi “Azəri inciləri” rəqs ansamblının solistidir. Bir sıra dövlət tədbirlərində diqqət çəkən ifaları ilə iştirak etmiş, tamaşaçı rəğbəti qazanmışdır. Bu günədək Əli Əkbərin bir-birini əvəz edən uğurları yetərincə olmuş və bu uğurlar hazırda daha yüksək səviyyədə, hətta Azərbaycanın hüdudlarından kənarda da davam etməkdədir. Belə ki, o, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Ölkəmin rəqs çələngi” adlı festivalda “milli rəqs” nominasiyası üzrə solisti olduğu rəqs ansamblı ilə birlikdə iki rəqsləri ilə QRAN-PRİ qazanmış və 1-ci yeri tutmuşdular. Bundan əlavə, Əli Əkbər təhsil aldığı məktəbin rəqs ansamblı ilə birlikdə ötən il aprel ayının 23-də qardaş Türkiyə Cümhuriyyətində “9 Uluslararası Gökhan Kolleji Çocuk Halk Oyunları Festivalı” laureatı olmuş, orada ölkəmizi layiqincə təmsil etmişdir. Bu yaxınlarda İtaliya, İspaniya, Gürcüstan kimi xarici ölkələrin festivallarında iştirak etmək üçün dəvət alsa da, təhsilində geriləməmək üçün Əli Əkbər bütün bunlardan imtina etmişdir. Lakin Əli Əkbərin daha böyük uğurları hələ qarşıdadır.
Onu da deyək ki, hər il Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyində Əli Əkbər solisti olduğu “Azəri inciləri” rəqs ansamblı ilə birlikdə “Qaytağı” rəqsini ifa etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak etmişdir.
P.S. Redaksiyanın yaradıcı kollektivi adından qazandığı uğurlar münasibətilə Əli Əkbəri təbrik edir, ona bu yolda daha böyük nailiyyətlər arzulayırıq.
Bəradər Səməndərli
