1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürsə də, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Ümummilli liderin apardığı siyasət sayəsində ölkədə bazar iqtisadiyyatına yaşıl işıq yandıran qanunlar qəbul edildi, ən başlıcası isə qüdrətli ordu quruculuğu prosesi formalaşdı. Azad mətbuatın demokratik prinsiplərlə inkişafına hüquqi zəmin yaradıldı. Senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olundu. Avropa Şurasına qəbul olmaq, NATO ilə əməkdaşlıq etmək, "İpək Yolu”nun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəməri və s. qlobal niyyətlər reallığa çevrildi. Zaman keçdikcə Heydər Əliyev siyasətinin çalarları pərdə-pərdə açıldı. Heydər Əliyev öz məğrur səsi ilə dünyanın bütün dövlətlərinin ali kürsülərindən cəsarət və mərdliklə bəyan etdi: "Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir. Azərbaycan bundan sonra heç zaman heç bir dövlətin asılısı və müstəmləkəsi olmayacaqdır".
Bu gün xalqımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü böyük şərəf və təntənə ilə qeyd eməyə hazırlaşır. Əlbəttə, dahilər hər zaman xalqın tarixi yaddaşında silinməz izlər buraxırlar. Bu mənada, Heydər Əliyev şəxsiyyəti xalq və dövlət birliyinin təkrarsızlığını öz əhatə dairəsində əbədiləşdirə bilmişdir. Bu doğum günündə dünyanın ən nüfuzlu şəxsinə - böyük düha Heydər Əliyevin ruhuna səmimi ehtiramımızı bildirir, onun apardığı siyasətin həmişə uğur verəcəyinə qəlbən inanırıq.
