AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Belə bir xitabla bir zamanlar dahi Azərbaycan şairi Nizami Gəncəviyə etniasız yanaşanalara qarşı unudulmaz şairimiz Nəbi Xəzri də fəryad qoparırdı... Zaman-zaman, vaxtilə belə uğursuz əllər həm sapı özümüzdən olan və olmayan baltalar tərəfindən milli-mənəvi dəyərlərimizə, tarixi, ədəbi şəxsiyyətlərimizə qaldırılıb, bu gün də qaldırılır, sabah da qaldırılacaq, çünki hər kəs həyatda yaşadığı müddətcə öz əxlaqının övladı olur. Amma eyni zamanda unudulmamalı olan bir həqiqət də var ki, ulularımıza uzanan o bəd əllər xalq nağıllarımızda olduğu kimi quruyur, daşa dönür. Onları daşa döndürüb tarixin heçliyinə atan isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Pir” adlandırdığı o müdrik Azərbaycan şəxsiyyətlərinin ruhudur, qüdsiyyətidir. Məgər o namərd əllər Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə, Şah İsmayıl Xətaiyə, Mirzə Fətəli Axundova, Hüseyn Cavidə, Əhməd Cavada, Mikayıl Müşviqə, Səməd Vurğuna,ümumən 100 minə yaxın 37-ci il repressiya qurbanlarına qaldırılmadımı!? Qaldırıldı...Ancaq əl qaldırılanlar yaşadığı halda, qaldıranlar cəsədləri kimi lüzumsuz ruhları da heçlik ünvanına varis oldular. Çünki xalqın həm maddi, həm də mənəvi gözü tərəzidir. Əlahəzrət tarix, fakt kimin kim, nəyin nə olduğunu zamanla üzə çıxarır, tarixə dəllallıq edənləri, nadürüstləri ifşa edir, Mirzə Cəlilin sözü ilə desək, tfuu sizin üzünüzə deyir!
Böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin ruhunu incidənləri də belə aqibəti gözləyir....
Belə insanlardan yaşca kiçik olduğuma, valideynlərimdən, müəllimlərimdən, ustadlarımdan aldığım tərbiyə mənim onlar haqqında hər hansı bir nalayiq, təhqiramiz kəlmə istifadə etməyimə yol açmadığına görə elmi, ədəbi faktlarla bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm.
Məhsəti Gəncəvi intibah dövrü Azərbaycan ədəbiyyatının Gəncədə yetişən ən görkəmli, qüdrətli şairlərindən biridir.
Əvvəlcə XII əsr Gəncəsi, Məhsəti Gəncəvi ilə yanaşı X-XIII əsrlər aralığında Gəncədə yaşayıb, yaradan kişili-qadınlı 23 nəfər şair haqqında məlumat verən olduqca qiymətli “Nüzhətül-Məcalis” kitabı barədə məlumat vermək istəyirəm. Kitabda yer alan və X-XIII əsrlərdə Gəncədə yaşayan həmin şairlərdən bir mənalı olaraq Gəncəli kimi bəhs olunur. Həmin şairlərin adlarını aşağıda qeyd edəcəm və onların sırasında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvi də vardır. Və nəzərə almaq lazımdır ki, kitabın müəllifi Cəmaləddin Xəlil Şirvani bu gün Məhsəti Gəncəvini Azərbaycandan, Gəncədən qoparmağa çalışanlardan, ona böhtan atanlardan görkəmli şairimizə daha yaxın bir zamanda yaşayıbdır.Və deməli, ən mötəbər, etibarlı məlumat ona məxsusdur. Və ən təsirlisi də odur ki, müəllif kitabda digər Gəncəli şairlərdən fərqli olaraq Nizami Gəncəvi ilə Məhsəti Gəncəvinin adını dərin düşüncə ilə iki yerdə çəkir.
İlk öncə həmin qiymətli mənbənin, kitabın müəllifi, tarixi, ehtiva etdiyi mənadan başlayacam. “NÜZHƏTÜL-MƏCALİS” sözünün mənası “Ürəkaçanlar məclisi” deməkdir.
Həmin kitabın müəllifi Cəmaləddin Xəlil Şirvanidir. Cəmaləddin Xəlil Şirvaninin 1250-1260-cı illərdə mövzular üzrə toplayaraq Şirvanşah Əlaəddin Fəriborza ithaf etdiyi “Nüzhətül-məcalis” (“Ürəkaçanlar məclisi”) kitabında X və XIII əsrlərdə Gəncədə bizə məlum olan şairlərdən başqa,(Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül Üla Gəncəvi, Rəziyyə Gəncəvi, Ömər Gənci, Əbubəkr ibn Xosrov əl-Ustad və b.) məlum olmayan 24 nəfər şairin, fikir adamlarının adlarını da çəkməklə əsərlərindən nümunə gətirməsi Gəncənin o dövrdə sahib olduğu elmi potensialının göstəricilərindən biri və ən bariz nümunəsidir.
Toplunun özünəməxsus quruluşu vardır.Buraya salınan rübailər 17 əsas bölmə (bab) və 96 qismdən(nəmt) ibarət olan mövzular üzrə geniş şəkildə təsnif edilərək təqdim edilmişdir.
“Nüzhətül-məcalis” kitabında toplanan rübailərin çoxu məhəbbət mövzusundadır ki, bu da öz növbəsində klassik ədəbiyyatın mövzu və motivlərini əks etdirir. Məhəbbət həm həyat eşqi, həm də insaniyyətə, insanlığa olan sevgidir ki, bu da klassik mütəfəkkirlərin yaradıcılığında aparıcı yer tutur. Haqqın insana, insanın da Haqqa olan sevgisi böyük sənətkarların yaradıcılığının mərkəzində dayanır.
Kitabın Türkiyənin Süleymaniyyə kitabxanasında saxlanılan əlyazma nüsxəsi 1330-cu ildə köçürülmüşdür. Kitab haqqında ilk dəfə Helmut Riter məlumat vermişdir. Günümüzə qədər gəlib çatan təzkirə və qaynaqlarda adı ədəbiyyat tarixinə düşməyən bir çox şairlərin adlarını bu qiymətlə özündə yaşatmışdır. Hətta Ömər Xəyyamın rübailərini nəşrə hazırlayan Məhəmməd Əli Foruğu bu mənbədən istifadə etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, Xəyyama aid 30, Məhsəti Gəncəviyə aid isə 60 rübai bu qaynaqdan götürülmüşdür. Kitabda Azərbaycan şairləri ilə yanaşı, İran şairləri də yer almışdır.
Toplu ilk dəfə Məhəmməd Əmin Riyahinin düzəlişləri və qeydləri əsasında 1987-ci ildə Tehranda “Zəvvar” nəşriyyatında çap edilmişdir. Mətnin sonrakı təkmilləşdirilmiş nəşrində Türkiyə nüsxəsi ilə Tehran Universitetinin Mərkəzi kitabxanasında olan başqa bir nüsxə tutuşdurularaq çoxsaylı düzəlişlər edilmişdir. Əsəri yenidən nəşrə hazırlayan Məhəmməd Əmin Riyahi kitaba geniş ön söz yazmaqla onu 1996-cı ildə Tehranda “Elm və Fərhəng” nəşriyyatında çap etmişdir.
Kitabın müəllifi Cəmaləddin Xəlil Şirvani buraya Bakı, Gəncə, Təbriz, Naxçıvan, Dərbənd, Tiflis, Ərdəbil, Zəncan, Xoy, Marağa, Aran, Şirvan və Beyləqandan olan 116 şairin adını salmışdır. Kitabda ümumilikdə 291 şairin təkrarlarını çıxmaqla 4085 rübaisi verilmişdir ki, bu rübailərin 2212-si Azərbaycan şairlərinə məxsusdur.
Gəncədən 24, Şirvandan 18, Marağa 7, Təbriz 5, Əbhər 3, Tiflis və Beyləqandan 5, Bakı, Dərbənd və Naxçıvandan bir şairdən nümunə gətirilmişdir.
Burada diqqət yetiriləsi daha mühüm bir məqam var. Həmin dövrdə də Gəncə sayca öndədir. Və həmin mütəfəkkirlər həm Nizami Gəncəvinin, həm də Məhsəti Gəncəvinin sələfi, müasiri və xələfləri olmuşlar.
Məhz bütün bu tarixi və müasir mövcudiyyəti nəzərə alıb əsaslandıran nizamişünas alim, professor Rüstəm Əliyev yazır: “Nizami Gəncəvinin qeyri-adiliyi – belə bir şey yoxdur, Nizami Gəncəvi gerçəkliyin dahiyanə təzahürüdür, belə bir dahiliyin məhz Azərbaycanda, Gəncədə meydana gəlməsi isə tarixi zərurət idi. XII əsrdə Gəncədə Nizami Gəncəvi ilə başlayan, meydana gələn intibah nəinki Şərq dünyasını, eyni zamanda Qərb dünyasını da ağuşuna aldı və nəticədə Şərq İntibahının əsasları üzərində pyedestal kimi Nizami Gəncəvinin nəhəng şəxsiyyəti və dühası ucaldı”. Və heç şübhə yoxdur ki, bu müdrik fikirlərdən Məhsəti Gəncəvi və digərlərinə də pay düşür.
“Nüzhətül-məcalis” kitabını Azərbaycana, Azərbaycan oxucusuna çatdıran isə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimi, filologiya elmləri doktoru Nəsib Göyüşovun tərcüməsində 2016-cı ildə “Teas-press” nəşriyyatı olmuşdur.
“Nüzhətül-məcalis” kitabında Məhsəti Gəncəvi haqqında yazılır: “Məhsəti Gənceyi- Gəncənin çox məşhur qadın şairlərindən olub, əsasən, dübeyt və rübai janrlarında şeir yazmışdır. Gəncə xətibi Əmir Əhmədlə onun haqqında əfsanə düzəltmişlər. Topluda 60 rübaisi verilmişdir”.
İkinci cümləyə diqqət yetirsək, görərik ki, yazılır ki, əfsanə düzəltmişlər. Hətta rəvayət də yazılmır. Ədəbiyyat nəzəriyyəsində yazılır ki, “Əfsanələrdə rəvayətlərdən fərqli olaraq real zəmin olmur, reallıq üstünlük təşkil etmir”. Ən gerçək olan isə birinci cümlədir.Gəncənin çox məşhur qadın şairlərindən olub. Deməli böyük şairəmizə atılan böhtanların çoxu reallıqdan uzaq olan əfsanələrdir.
Müəllif kitabın digər yerində o dövrki başqa Gəncə şairi Şəmsəddin (Əmir Şəmsəddin) Əsəd Gənceyi haqqında məlumat verərkən Nizami gəncəvi və Məhsəti Gəncəvinin böyüklüyünü bir daha etiraf edir: “Şəmsəddin (Əmir Şəmsəddin) Əsəd Gənceyi-Nizami Gəncəvi və Məhsəti Gəncəvidən sonra ən böyük şairlərdən biridir”.
Oxucular üçün maraqlı olar düşüncəsi ilə “Nüzhətül-məcalis” kitabında yer alan və çoxlarının tanımadığı digər Gəncə şairlərinin adını da seçib təqdim edirəm.
Bürhan Gənceyi, Xətib oğlu Gəncə, Sələ oğlu Gəncə, Camal Gənceyi, Həmid Gənceyi, Gəncə Xətibinin qızı, Rəşid Gənceyi, Rəzi Gənceyi, Rəziyyə Gənceyi, Səəd Rəəd Gənceyi, Şəmsəddin Gənceyi, Şəms Ömər Gənceyi, Qazi Şihab Gənceyi, Nəcməddin Əbdüləziz Gənceyi, Əyani Gənceyi, Qəvami Gənceyi, Müxtəsər Gənceyi, Müzəffər Gənceyi, Məhsəti Gənceyi, Nəcm Gənceyi, Əsəd Gənceyi.
Məhsəti Gəncəvinin şəxsiyyətinə, yaradıcılığına dünyada ən layiqli qiyməti, dəyəri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva olmuşdur.
Ulu öndər Heydər Əliyev Gəncə şəhəri haqqında danışarkən Məhsəti Gəncəvi yaradıcılığını yüksək qiymətləndirərək deyirdi: “Məhsəti xanım Azərbaycan xalqının mənəvi aləminin bəşəriliyini, böyüklüyünü və insanpərvərliyini tərənnüm etdirən görkəmli söz sərrafıdır”.
Əbədiyaşar əsərləri ilə insan fikir və düşüncəsini yüz illərlə qabaqlamış böyük söz ustadı Məhsəti Gəncəvinin dünya mədəniyyəti tarixində dəyərini bütün zənginliyi ilə duyan, bilən ulu öndər Heydər Əliyev dahi Azərbaycan şairəsi və mütəfəkkiri Məhsəti Gəncəvinin irsinə ilk dəfə böyük qiymət vermiş, əsərlərinin öyrənilməsi, nəşri, təbliği, yubileylərinin keçirilməsi, adının əbədiləşdirilməsi sahəsində böyük işlər görmüşdür.
Ulu öndər Heydər Əliyevin 1972–1975–1980–ci illərdə xüsusi qərarları ilə Azərbaycan intibahının parlaq nümayəndəsi Məhsəti Gəncəvinin rübailəri təkcə Azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmiş, bədii gecələri keçirilmiş, respublikanın bütün rayon və şəhərlərində adına məktəblər, mədəniyyət evləri verilmiş və1980–cı ildə şairənin doğma yurdu Gəncə şəhərində heykəli ucaldılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu Öndər Heydər Əliyev kimi klassik irsimizə, ədəbiyyatımıza, o cümlədən Məhsəti Gəncəvi irsinin təbliğinə böyük həssaslıqla yanaşmaqdadır. Cənab İlham Əliyevin təşəbbüsü ilə 2004–cü ildə Azərbaycanın görkəmli klassik ədiblərinin yaratdıqları möhtəşəm əsərləri ilə yanaşı, Məhsəti Gəncəvinin də rübailəri latın qrafikası ilə nəfis şəkildə yenidən nəşr edilmiş, şairənin poeziya günləri keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 yanvar 2013-cü ildə Məhsəti Gəncəvinin 900 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamış, 2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş əzəmətli Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak etmişdir. Məhsəti Gəncəvinin zəngin irsinin sərgiləndiyi Mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulmuş, “Məhsəti bağı” salınmışdır.
Eyni zamanda YUNESKO–nun 29 oktyabr 2012–ci il tarixli xüsusi qərarı ilə Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin qeyd olunması bəyan edilmişdır.
Göründüyü kimi “Nüzhətül-məcalis” kimi etibarlı mənbələrdən, kitablardan süzülüb gələn həqiqətləri Azərbaycan xalqı, dövləti, rəhbərləri, alimləri hər zaman uca tutmuş və yaşatmışlar.
Akademik Rafael Huseynov “Nüzhətül-məcalis” haqqında yazır: “Nüzhətül-məcalis”in ənənəvi təzkirələrdən başlıca fərqi budur ki, yalnız bir şeir şəklini seçərək tərtibçiliyi də onun üstündə aparılır, müəlliflər haqqında qısaca da olsa, bilgi verilmir. Söz yox, əksəri indi məlum olan həmin şairlərin hər biri haqqında ən cüzi soraqlar belə bu gün bizə unutduqlarımızı nisbətən aydın görüb-tanımaqda yardımçı olardı.Fəqət heç bir şair haqqında heç bir izahatın verilməməsinin oyatdığı başqa mülahizə də budur ki, yəqin, həmin dövrdə elə Şirvanşahların ədəbi zövq və bilgi çevrəsində, bəlkə də, daha geniş əhatədə, bu imzalar hamısı yetərincə tanınırmış, onların heç xüsusi təqdimata ehtiyacı yoxmuş. Bu isə öz növbəsində, onların yaradıcıqlarının başqa örnəklərinin tapıla biləcəyinə də ümidləri artırır”.
Və heç də təsadüfi deyildir ki, Azərbaycan ədəbiyyatı tarixində Məhsəti Gəncəvi haqqında ən fundamental elmi və bədii əsərin müəllifi də akademik Rafael Hüseynovdur. İllərdir oxucusu azalmayan “Məhsəti necə varsa” əsəri bu sahədə şedevrdir. Rafael müəllim eyni zamanda Məhsəti Gəncəvi haqqında heç vaxt solmayan radio və televiziya verilişlərinin də müəllifidir.
Məhsəti Gəncəvi poeziyasının özünəməxsusluğu ilə bağlı alimlərimizin fikirlərinə də nəzər salmq yerinə düşərdi.
#ProfessorXəlilYusifli: “Dövrünə görə mükəmməl təhsilə malik olan Məhsəti azadfikirliliyi, həyata və insana sərbəst münasibəti, insan duyğularını olduğu kimi qələmə alması, inanı şeirin məhvərinə çevirməsi ilə diqqəti cəlb edir. O rübailərində İntibah epoxasına məxsus qabaqcıl adamların ümumiləşmiş obrazını yaradaraq onun düşüncə və istəklərindən söz açır. Onun şeirlərinə sadə çəkildə yanaşmaq olmaz. Onun şeirləri Orta əsrin ehkamlarına, fanatizminə meydan oxumaq idi”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Zahra Allahverdiyeva: “Məhsəti Gəncəvinin öz rübailərində işlətdiyi ifadələrin hamısı əxi cərəyanına xas simvollardır. Şərab ilahi eşqi bildirir. "Ey mənə can verən, bir qurtum ver ki, yox olum"- ilahi eşq və aşiq arasında, Allah və insan arasında bağlılığı bildirir. İnsan azadlığı, cəhalət və zülmətdən qurtuluş, insan duyğularının olduğu kimi ifadəsi, insanın zahiri və batini gözəlliyinin çılpaqlığı ilə təsviri. Bu, Şərq İntibah dövrünün şeir üslubudur, rübai formasında rəvan şəkildə yayılırdı və sevilirdi, xərabat məclislərində oxunurdu. Avropanın XV əsrdə ucaldığı zirvəni Şərq XI -XII əsrlərdə fəth etmişdi. Yəqin ki, Orta çağlarda dünyanı, hər bir şeyi qan rəngində çəkən rəssamların əsərlərinə baxmısınız. Bu sənətdə bir cərəyandır, üslubdur. Bu gün Məhsətini qınayanlar bilməlidirlər ki, onun şeirləri bir qadının qaranlıq cəhalətə qarşı üsyanı idi. Təəssüf ki, biz insanlar hələ də cəhalət girdabındayıq. Qısası, sənət sənət üçündür. Məhsətini hər kəs anlaya bilməz”.
Yazımın sonunu ünvanlılara böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin rübaisi ilə bitirirəm!
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər...

