Sizin reklam burada
Sizin reklam burada
  • Hüseyn İsaoğlu – "Gəlin" (hekayə)


    Hüseyn İsaoğlu,
    yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

    Günay əvvəlcə hər iki ayağını növbə ilə yerə vurdu və sonra elə bağırdı ki, Güllü arvadın qulaqları cingildədi. Bir andaca ona elə gəldi ki, başının tən ortasında ildırım çaxdı və bu ildırımın səsindən dizləri bükülən kimi oldu. Yıxılmamaq üçün birtəhər divara söykənib güclə eşidiləcək bir tərzdə dilləndi:
    Niyə qışqırırsan?
    Əcəb eləyirəm, hələ bir o yana da keçərəm. Sən kimsən ki, mənim şəxsi işimə qarışırsan? Ərim bilər, özüm bilərəm.
    Günay bu dəfə ildırım kimi çaxmasa da, şimşək kimi guruldayıb Güllü arvadın beyninin qatığını dağıtmasa da «Sən kimsən ki?» – sualı onu ildırım vurmasından da pis hala saldı. Onun bu sualı yazıq arvaddın dünyasını alt-üst elədi. Ona elə gəldi ki, ürəyi yerindən qopub mədəsinə düşdü. İçi bulandı. Öyüdü. Və bu sual onu dəli olmaq həddinə gətirib çıxartdı.
    Necə yəni mən kiməm? – Gözləri yaşardı.
    Hər kimsən, özün bilərsən! – Günay yenidən od püskürdü və onun püskürdüyü od bir andaca alovlanıb Güllü arvadı yandırmağa başladı.
    Sən bu evə gəlin gəlmisən! Mən də sənin qayınananam. – Səsi güclə çıxdı. Söykəndiyi mətbəxin divarından birtəhər aralanıb stula çökdü. Bir andaca mətbəx qaranlığa qərq oldu. Və bu qaranlıqda üzünü Günaya sarı çevirdi. Onun gözləri qaranlıqda işıq düşmüş canavar gözləri kimi parıldayırdı. Qorxdu. Bir andaca ona elə gəldi ki, mətbəxdə deyil, hər yanı qar bürümüş düzənlikdədi və bu düzənlikdə dişi bir canavarla üz-üzə gəlib. Canavar mırıldayaraq onun üstünə atılmaq istəyir. Qeyri-ixtiyari stuldan durub bir addım geri çəkildi. Sonra da başını iki əlinin arasına alıb qorxunc bir səslə dilləndi:
    Mənə yaxın gəlmə!
    Sənə Əzrayıl yaxın gəlsin! – Günay sevinc qarışıq bir səslə bildirdi.
    Güllü arvad gözlərini bərk-bərk yumub yenidən açdı. Onun gözlərini açması ilə mətbəxi bürümüş qaranlıq da öz-özünə çəkilib getdi və o, hələ də döyüşə hazır vəziyyətdə dayanmış Günayı görüb səsinə bir mülayimlik qatdı:
    Axı mən sənə nə dedim ki?
    Sən mənə nə deyə bilərsən ki? – Suala sualla cavab verdi.
    İnnən sonra nə deyə bilərəm, a bala? – Səsi tirədi. Uşaq kimi hönkürüb ağlamaqdan özünü güclə saxladı. Özünü birtəhər ələ alıb öz otağına keçir. Gəlib pəncərənin önündə dayandı. Axşamdan yağan qar təzəcə kəsmişdi. Havada şaxta vardı. Pəncərə buz bağlamışdı. Havanın şaxtalı olmasına və şəhərə güclü qar yağmasına baxmayaraq yollar təmizlənmişdi. Yollar qardan təmizləndiyinə görə də sərnişin avtobusları adəti üzrə ara vermədən işləyirdi.
    Güllü arvad öz-özünə belə bir sualla müraciət etdi: Axı sən ona nə dedin ki, o da quyruğu üstünə qalxıb səni didib-parçalamaqdan özünü güclə saxladı. Özünə verdiyi suala özü də cavab verdi: – Sən ona dedin ki, səhərin gözü açılmamış nə bəzənirsən? Toya gedirsən? Axı toy səhər o başdan olmur, axşam olur! – O isə cavab vermək əvəzinə dəliyə döndü. Sonra da qaz peçinin üstündəki tavaya sarı cumdu və həmin anda nə fikirləşdisə də tavanı götürmədi, səsi otağı başına götürdü. Dəli kimi elə bağırdı ki, çox güman ki, üst mərtəbədə yaşayan Solmaz həkim qorxusundan dik atılıb və zəlzələ olduğunu düşünüb qapıya sarı qaçmaq istəyib. Bayaqdan bəri səs-küydən bığlarını gəmirən Vasif öz-özlüyündə bunu təxmin eləyib sağ əlini yumruqlayıb divara çırpdı. Sonra da fikirdən xəstə düşən arvadı Güllünün oğluna dediyi sözləri xatırladı: «Ay oğul, özünə tay olan birisini tap. Məgər eşitməmisən ki, taylı tayını tapmasa pis keçər axır günü?» – Oğlu da anasına baxıb belə demişdi. Demişdi ki, heç nə olmaz. Günay yaxşı qızdı, tayı-bərabəri yoxdu. – O vaxtdan dörd il ötüb-keçmişdi. Dörd ildən sonra heç nə olmazdan, çox şeylər olmağa başladı. Günay birinci uşağı dünyaya gətirdiyi gün təpəsinin ortasında bir buynuz, ikinci uşağı dünyaya gətirəndən sonra isə ikinci buynuz çıxardıb qaşınmağa başladı. Onun buynuzları qaşınmağa başlayanda Güllü arvad yazıq bir görkəm alıb demişdi ki, keçinin buynuzu qaşınanda özünü çobanın çomağına sürtər. Onun bu sözlərini eşidəndə oğlu anasına baxıb bir az hirsli tərzdə: – Ay ana, heç nə olmaz. Birtəhər dözün. Axı o, uşaqlarımın anasıdı». – Güllü arvada sanki od vurdular:- Uşaqlarının anasıdı, gəlsin, minsin boynumuza. Səni çoxdan minib, at kimi səyirdir. Bircə o qalıb ki, yeməyimizə zəhər qatıb bizi cəhənnəmə vasil eləsin» – Ağlamsındı. Vasif isə dözməyib hirslə belə demişdi: – Cəhənnəmə vasil eləməsə də bizə cəhənnəmi yaşadır. Elə bilir ki, qorxuruq. Abrımıza qısılıb susuruq. Nə istəyir, onu da eləyir. Hara istəyir ora da gedir». – Neyləyir? – Toğrul az qaldı ki, atasının üstünə cumub dəli inək balasını çığnayan kimi onu çığnasın. Amma Güllü buna yol vermədi. Oğlunun sinəsindən geri itələyib alçaq səslə dedi: – Həddini bil! – Mən həddimi bilirəm. – O, bu dəfə anasının üstünə bağırdı. O, elə bağırdı ki, alt mərtəbədə yaşayan Telli arvad qorxusundan sarısını udmuşdu. Sabahısı günü o, həyətdə Güllü arvadla söhbətləşəndə bunu özü etiraf eləmişdi və sonra demişdi ki, incimə qonşu, sənin o gəlinindən gözüm su içmir. Özünü bəy qızı kimi aparır. Elə bil ki, dünyanı o yaradıb».- Güllü arvad nə deyəcəyini bilməmişdi. Bircə onu demişdi ki, Günayı heç qəbir də düzəldə bilməz. Onu bizə ürcah eləyinin Allah bəlasını versin.
    Güllü arvad bütün günahı özündə görürdü. Tahirin qapısına getdiyi günə lənət yağdırırdı. Dəfələrlə oğluna demişdi ki, ay oğul, yad qızından yad iyi gələr. Və bir də gör kimin qızına aşiq olmusan? Bütün el-oba onu yaxşı tanıyır. Onunla bizimki tutmaz. Onunla ayrı-ayrı adamlarıq. Tahirin qızını ocağımızın başına gətirsən, başımıza oyun açacaq. O qızın deyib-gülməyinə baxma. Onun içində şeytan gizlənib. Həmin o şeytan fürsət gözləyir ki, dünyamızı başımıza dar eləsin.
    Toğrul da anasının bu sözlərindən hirslənib yenə də onun üstünə bağırmışdı: – Mən onu sevirəm. Əgər elçi getməsəniz, özümü öldürəcəyəm. – Və sonra da anasını qəzəblə süzüb demişdi: «Qara keşiş». – Bu söz od olub Güllünün ürəyinə düşdü və onun cızdağını çıxartdı. Dili söz tutmadı. Göz yaşları yanağı aşağı süzüldü. Az sonra soruşdu: «Qara keşiş kimdi? – Əslinin atası. Qızını Kərəmə vermədi. Kərəm də yanıb külə döndü.- Güllünü gülmək tutdu. Məgər Günay erməni qızıdı? – Sonra da öz sualına özü cavab verdi: – Sevdiyin o qızın atası ermənidən də betərdi.
    …İllər keçdi. İllər keçdikcə Güllünün ürəyinə düşən od onu daha çox yandırmağa başladı. Güllünün odsuz-alovsuz yandığını hamı yaxşı görürdü. Görürdü ki, od olmayan yerdən tüstü çıxaran Günay, onun evinə köçdüyü gündən iblisə yaşıl işıq yandırmağa başlayıb və bu yaşıl işıq yanmağa başlayan gündən qalmaqallı, anormal bir ailənin təməli qoyulmaqdadır.
    Toğrul anasının, eləcə də atasının nələr çəkdiyini, hansı dərd yükünü daşıdıqlarını görsə də görməməzliyə vururdu. Amma bilmirdi ki, dünyada o qədər Günaylar var ki, heç biri anasının kəsilən dırnağına dəyməz. Ana anadır və heç vaxt atadan, anadan yar şirin ola bilməz. Ata-ana təkdir. İstəsən səndən ötrü canını əsirgəməz, ürəyini belə təmənnasız çıxarıb verər. Günayın hiyləsi, öz hərəkətlərilə şeytanı belə mat qoyması, ərini əlinə alıb tennis şarı kimi oynatması…Toğrulu yatdığı yuxudan hələ də oyandıra bilmirdi, əksinə, getdikcə daha şirin yuxuya qərq eləyirdi. El arasında «hegemon» kimi ad çıxaran Günay axır ki, istəyinə nail ola bildi. Toğrulla atasının arasına elə bir qalmaqal saldı ki, Güllü infarki keçirdi. Anasının infarkt keçirməsi Toğrulun vecinə də olmadı, əksinə, düşündü ki, ölsə, Günayın canı qurtarar və ona gözünün üstündə qaşın var, deyən tapılmaz. Qalır bircə Vasif, onu da evdən çıxarıb «qocalar evi»nə yerləşdirərik.
    Günay ağzına yüyən keçirib at kimi mindiyi əri indi də atası ilə üz-göz olmuşdu. Onu yaralı şir kimi hər an didib-parçalamaq istəyirdi. İstəyirdi ki, bütün ömrünü ev-eşik qurmağa sərf edən atasını öz doğma ocağından didərgin salsın. Əvvəlcə onu «Qocalar evi»nə qoymaq istəyirdi, amma nədənsə çəkindi. Qayınatası bunu israrla təkid etsə də Toğrul ilk dəfə olaraq «ata» dediyi Tahirin sözünü eşitmədi. Tahirin sözünü eşitmədiyinə görə də Günay növbəti dəfə cin atına mindi və cin atını elə səyirtdi ki, Toğrul tozanaq içində qalsa da, bu tozanaqdan heç çıxmağa da cəhd eləmədi. İstəsə də bunu bacarmazdı, çünki o, ləyaqətini, kişiliyini, susmuş vicdanını arvadının ayağının altına atıb atasına, anasına, bacısına arxa çevirmişdi. Onlara sarı arxasını çevirməsəydi, Günay elə bir qiyamət qoparardı ki, səsi bu boyda şəhərdə əks-səda verib bir kilometr radiusda yaşayan adamların qulaqlarında «Qrad» qurğuları kimi gurultu qoparardı.
    Günay sanki pislik etmək üçün xüsusi təlimat keçmişdi. Qəlbi nifrətlə alışıb-yanan bu cür neqativ enerjili adam ailədə təhlükə mənbəyinə çevrilmişdi. Ərindən və uşaqlarından savayı heç kimi saymırdı. Ərinin qohumlarının ayağını evdən kəsmişdi. Qayınatası ilə danışmırdı. Güllü arvada qulluqçu gözü gözü ilə baxırdı. Onu bir gün vaxtında yemək bişirmədiyinə görə saçlarını yolub üzünə tüpürmüşdü. Güllü arvad oğluna şikayətlənəndə o, belə demişdi: – Günay haqlıdır. Gərək onu hirsləndirməyəsən. – Bununla da söhbətə yekun vuruldu və Güllü arvad bir daha oğluna şikayət etmədi. Günayın dağları kölgədə qoyan nöqsanları olsa da əri onu əzizləyir, anasının yanında «Günayım» deyə onu qucaqlayırdı. Güllü arvad isə ürəyində deyirdi ki, təki balam xoşbəxt olsun, mehriban yaşasılar.
    O, necə istəyir, eləcə də hərəkət edirdi. O, elə bil ki, Güllü arvadın xoş ovqatına, əhval-ruhiyyəsinə zəhər qatmaq üçün yaradılmışdı. O isə onun hər bir hərəkətinə dözür, səsini çıxarmır, «qonşulardan ayıbdır» – deyərək həmişə özünü şən göstərməyə çalışır, amma özünü nə qədər şən göstərsə də gözlərinin içindən boylanan qəm-kədər onu ələ verirdi.
    Günayın gündə neçə yol qayınatasının yanında öz atasını «Qurban olum atama» – deyə onu elə əzizləyirdi ki, elə bil bütün gününü çayxanada keçirən Tahir bu dünyanın hökmdarı idi. Tahirin vaxtilə sovxozda naxırçı işləyən atasına görə el arasında ona «Naxırçı oğlu» deyirdilər. Bu naxırçı oğlu Tahir sanki Allahın bacısı oğlu idi və ona görə də «Allahın bacısı oğluna» günlərin birində Güllü arvadın ağzında özü də bilmədən belə bir söz çıxmışdı. «Ay bala, nə atam-atam deyirsən? Sovxozun iki danasını oğurladığına görə babanı türməyə soxmadılarmı? – Güllü arvadın ağzından bu səs çıxar-çıxmaz Günay onun başının üstünü ley kimi kəsdirib qəzəblə elə bağırmışdı ki, Güllü arvad qorxusundan özündən getmişdi.
    …Güllü arvad gözlərini bir nöqtəyə dikib nə barədəsə düşünürdü. Üz-gözündən kədər yağırdı. Düz üç ay idi ki, qırx il bir yastığa baş qoyduğu ərini torpağa tapşırmışdı. Onsuz darıxırdı. Hərdən də öz-özünə deyirdi ki, yazıq kişi gəlinin əlindən canını qurtarıb haqq dünyasına qovuşdu.
    Vasif canını tapşırmazdan yarımsaat əvvəl onun əlindən tutub demişdi: «Özünü üzmə. Mən yaşamağa gedirəm. Orada yolunu gözləyəcəyəm.». – İndi o, mənim yolumu gözləyir. Gözləyir ki, nə vaxt gələcəyəm. – Elə bu zaman Günayın qəzəbli səsi eşidildi: – Ay arvad, nə mürgü vurursan? Günortaya az qalıb. Niyə yemək bişirmirsən? Bir azdan atam bizə gələcək.
    Güllü oturduğu yerdən ayağa durmaq istədi, amma bacarmadı, gözlərinə qaranlıq çökdü və arxasıüstə yerə yıxıldı. Bir neçə saniyə xırıldayıb hərəkətsiz qaldı.
    Pəncərənin önündə göyə ucalan şam ağacına beş-altı sərçə qonmuşdu. Sərçələr gah atılıb-düşür, gah da kədərli bir səslə cəh-cəh vururdular. Həmin o boz sərçələr sanki oxumurdular, Güllü arvada ağı deyirdilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ