Sizin reklam burada
Sizin reklam burada
  • QAZİ (hekayə)

    Hüseyn İsaoğlu,
    yazıçı-publisist,
    AYB-nin və AJB-nin üzvü.

    Dollar Rasim hələ bu günkü kimi hirslənməmişdi. Hirs vurmuşdu başına və olub-qalan ağlı da təpəsindən tüstü kimi çıxıb otağa «yayılmışdı». Sanki beyninə oksigen getmirdi. Göm-göy göyərmişdi. Bığ saxlasaydı, indi yəqin ki, bığlarını gəmirərdi. Hirs başına vurduğuna görə mindiyi cin atını otaqda ora-bura «səyirdirdi». Bir-birinə sıxılmış dodaqlarını qəflətən aralayıb oğlunun üstünə elə bağırdı ki, Dubaydan gətirtdiyi çil-çırağın qızıl suyuna çəkilmiş şüşələri bir-birinə dəyib cingildədi və bu cingilti incə bir melodiyanı xatırlatdı.
    - Ayda bir dəfə təptəzə maşını top kimi ora-bura vurub əzirsən. Sənə minik almaqdan boğaza yığılmışam. Bəsdir. Daha bu gündən universitetə avtobusla gedib-gələcəksən.
    - Bura bax, ay kişi! - Sənəm sinəsini irəli verib döyüşə atılmaq istəyən xoruz kimi dim-dik dayandı:
    - Oğlumu el-aləm içində biabır eləmək istəyirsən? Yaxşısı budur ki, qohum-qonşunu, nə bilim iti-qurdu üstümüzə güldürmə. Avtobus-zad nədir?
    Dollar Rasim gözünü arvadı Sənəmin civə kimi oynayan gözlərinə dikib bir az yumşalan kimi oldu:
    - Bəlkə düz demirəm?
    - Yox. Düz demirsən. - Sənəm əndamını əsdirə-əsdirə oğluna yaxınlaşıb onu bağrına basdı:
    - Bu anası ölmüşün nə günahı var? Üç aylıq kursa adını yazdırdın, sonra da on dənə yüz dollarlıq verib «prava» aldın. Bəs indi acığını bir parça uşağın üstünə niyə tökürsən?
    - Daha avtosalona gedib təzə maşın almaqdan utanıram.
    - Niyə utanırsan? Keçəl halva yeyər, puluna minnət. Maşını sənə havayı vermirlər ki?
    - Orası elədir, amma deməzlərmi ki, Rasim Zeynaloviçin oğlu nə fərasətsiz adamdı. Düz-əməlli maşın sürməyi hələ də öyrənə bilməyib.
    - Niyə öyrənməyib, öyrənir də. Uşaq da yıxıla-yıxıla böyüyür. Mənim balam da maşınları arxadan-qabaqdan vura-vura öyrənir də…- Güldü.
    Dollar Rasim mum kimi yumşalmağa başlasa da hirsi hələ ötüb-keçməmişdi. Hirsi ötüb-keçmədiyinə görə də oğlunun üzünə baxıb soruşdu:
    - Cibində nəyin var?
    Sənan ciblərini boşaldıb bir addım geri çəkildi. Dollar Rasim on ədəd yüzlük dolları və yeddi ədəd yüzlük manatlığı götürüb əvəzində Sənana beş manatlıq uzadıb bildirdi:
    - Avtobusla gedəcəksən!
    Sənanın rəngi kağız kimi ağardı. Dodaqları səyridi. Ağlamaqdan özünü güclə saxlayıb dedi:
    - Mən avtobusa minən deyiləm. Utanıram. - Səsi titrədi və ağlamısınaraq bu dəfə anasının üzünə baxdı. Anası ah çəkərək sakitcə bildirdi:
    - Bir dəfə də atan deyəni eşit. Sabah şənbə günüdür. Universitet işləmir. Bircə gün avtobusla dərsə gedib-gəlsən dünya dağılmaz ki? Bəlkə ondan sonra iki-üç aydan bir vurub əzdiyin «Porje»lərin qədrini biləsən.
    Bununla da söhbətə yekun vuruldu. Sənan ayaqlarını sürüyə-sürüyə qapıya yaxınlaşdı və birdən-birə nə düşündüsə də geriyə çevrilib soruşdu:
    - Mamulya, universitetə hansı avtobus gedir?
    - Sənəm çiyinlərini çəkib «bilmirəm» dedi.
    - Papa, sən də bilmirsən? - Ümidlə dilləndi.
    - Mən hardan bilim? - Dollar Rasim səsinə bir mülayimlik qatıb əlavə elədi: - Get, avtobus dayanacağında öyrənərsən
    - Bəs avtobus dayanacağı hardadır? - Sənan boynunu büküb əvvəlcə atasına, sonra da anasına baxdı. Onlar da cavab vermək əvəzinə bir-birilərinin üzünə baxıb eyni vaxtda udqundular.
    - Yaxşı, özüm axtarıb-taparam. - Ürəklənən kimi oldu.
    - İtirmisən ki, tapasan? - Dollar Rasim sol əlini dazlaşmış başına çəkib o biri otağa keçdi.
    Sənan həyətə çıxıb ayaq saxladı. Elə bu zaman gözü Fəridə sataşdı. Fərid də onu görüb gülümsədi, sonra da yaxınlaşıb dedi: - İrandan yaxşı mal gəlib. - Sənan üz-gözünü turşutdu. - Sənin o yaxşı malın məni dörd-beş dəfə zibilə salıb. - Sonra da yadına nə düşdüsə də soruşdu: - Avtobus dayanacağı hardadır?
    - Neynirsən? - Fərid təəccübləndi.
    - Universitetə gedəcəm.
    -Avtobusla? - Fəridi gic bir gülmək tutdu, amma gülmədi, ciddi bir görkəm alıb güclə eşidiləcək tərzdə dedi: - Sənə təzə maldan saxlayım, ya yox? Gecə uşaqlar bir göz qırpımında dağıtdılar. Amma sənin payını saxlamışam. Götür, bunun dadına bax. Dirilik suyu kimi bir şeydi. Xoşuna gəlməsə, qaytararsan.
    Sənanın gözlərinə bir andaca işıq gəldi. Fəridin təriflədiyi «dirilik suyu»nu cibinə qoyub bir də soruşdu:
    - Mənə adam balası kimi cavab ver görüm, avtobus dayanacağı hansı tərəfdədi? - Fərid deyəsən qorxan kimi oldu. Bir addım geri çəkilib əlilə irəlini göstərdi.- Qabaqdan sağa dönərsən. Dayanacaq ordadı. Özün də «3»-ə minərsən!
    Sənan daha heç nə demədi. İlan kimi fısıldayıb Fəriddən aralandı.

    ***

    Dayanacaqda yenə də basabas düşmüşdü. Hər kəs özünü içəri soxmaq istəyirdi. Sənan irəli cumdu və yaşlı bir kişini var gücüylə kənara itələyib adamları yara-yara özünü irəli verdi. O, az sonra boş oturacaqların birində əyləşib özündən razı halda gülümsədi. «Yaxam cırıldı» - orta yaşlı bir qadın səsinin yoğun yerinə təzəcə salmışdı ki, cavan bir qız «of, ayağım!» - deyə yaralı şir kimi inildədi. On dəqiqədən sonra avtobus «ağzına» kimi doldu və sürücü siqnal verib yola düşən kimi mikrafonda mülayim və şirin bir səs eşidildi: «Avtobus yola düşdü. Sizin yeriniz rahatdır. Siz «Dəmirbank»dan da rahat istifadə edə bilərsiniz». - Bank adını eşidən bir kişi dilinin ucuna gətirdiyi yağlı söyüşü udaraq hirslə bildirdi: - Bu banklar xalqın anasını ağlar qoyub. Kredit borcu olmayan bir ailə tapmaq çətindir. Hər kəs bankların girovuna çevrilib. Allah axırımızı xeyir eləsin. - Bir ayağının üstündə güclə dayanan cavan bir oğlan özünü saxlaya bilməyib dilləndi: - Bizim başımızı Allah çoxdan buraxıb, çünuki başı özünə qarışıb. - Güldü. - Sonra da əlavə elədi: - Allah bizi görmür. Görsə də görməməzliyə vurur. - Üz-gözündən kədər tökülən saqqalı bir kişi xırıltılı səslə: - Allah neyləsin, gücü çatmır də…» - deyərək onunla üzbəüz dayanan qırmızı qalstuklu kişiyə baxdı. Həmin o qırmızı qalstuklu kişi az qala qoltuğundan sürüşüb düşməkdə olan qovluğu düzəldib dilləndi: - İndi hər bir məmur özünü Allah sayır. Yazıq Allah neyləsin, təkdir, ona görə də bacarmır. - Ay kişi, müxalifətçi kimi ağzını Allah yoluna qoyub danışma. Yoxsa bizim mitilimizi avtobus qarışıq aparıb üfunət iysi gələn qaranlıq bir zirzəmiyə atarlar. - Xala, mən müxalifətçi deyiləm. Professoram. Universitetdə mülki hüquqdan dərs deyirəm. - Sənan universitet adını eşidən kimi başını qaldırıb onun üzünə baxdı, amma tanımadı.
    Az sonra avtobus dayandı. Qapı açıldı və bozarmış pencəyinin yaxasından dörd medal asılmış cavan bir oğlan qoltuq ağacına güc verib birtəhər avtobusa mindi. Sərnişinlər o dəqiqə arxa tərəfə sıxlaşaraq ona yol verdilər. Bozarmış pencəyinin yaxasından asdığı orden və medallar bir-birinə dəyib cingildəyəndə Sənan əvvəlcə onun üzünə, sonra yaxasından asdığı orden və medallara baxıb öz-özünə düşündü: - Görəsən, bu dəmir-dümürlər kimə lazımdı?- Öz-özünə verdiyi bu suala cavab tapa bilməyəcəyini yəqin eləyib avtobusun pəncərəsindən çölə boylandı. Bu zaman universitetdə mülki hüquqdan dərs deyən professor gözünü Sənana zilləyib dedi: - Ay oğul, dur, qoy qazi qardaşımız otursun! - Sənan ona tərs-tərs baxıb: «Mən sənin oğlun deyiləm» - dedi. Professorun «qazi qardaşımız» dediyi oğlan mülayim səslə bildirdi: - Dəymə, qoy yerində rahat otursun! - Sonra da ağır-ağır köks ötürüb başını aşağı dikdi. Professor qazinin yaxasından asdığı «Şuşanın alınmasına görə» medalından gözünü çəkməyərək dedi: - Şuşa işğal olunanda mənim on yaşım vardı» - Kövrəldi. Ağlamaqdan özünü güclə saxlayıb bu dəfə hirsini Sənanın üstünə tökdü: - Ay bala, görmürsənmi ki, qazi qardaşımız ayaq üstə güclə dayanıb. - Mən neyləyim! Avtobusa yox, taksiyə minəydi. Yaxasına bir neçə dəmir qırığı düzüb deyə, mən öz rahat yerimi ona verməliyəm? - Sənan öz üstünlüyündən həzz alıb yerində qurcalandı. - Professor qoltuğuna vurduğu qovluğu Sənanın başına çırpmaqdan özünü güclə saxladı: - Ay qanmaz, bu kişi ayağının birini bu vətən üçün qurban verəndə bəs sən harada şellənirdin? - Vətən! Vətənə bir bax! - Sənan hırıldadı və o dəqiqə də atasının dediyi sözləri xatırladı: «Vətən kasıblar üçün uydurulmuş ən şirin sözdü». - O, sonra tərs-tərs professorun üzünə baxdı və ağlına gələn fikirdən sevinən kimi oldu. Həmin anda onun ağlına belə bir fikir gəlmişdi: «Səni universitetdən didərgin saldırmasam, qoy mənə də Rasim Zeynaloviçin oğlu deməsinlər».
    Ayaq üstə güclə dayanın qazi üzünü yana çevirdi. Hiss olunurdu ki, sıxılır. Elə sıxıla-sıxıla dedi: - Müəllim narahat olmayın, beş-on dəqiqədən sonra düşəcəm.
    Professorun ürəyi sancdı. Qeyri-ixtiyari sağ əlini ürəyinin üstünə qoyub yazıq bir görkəm aldı.
    …Qazi bir ayağının üstündə güclə dursa da o, insanlığın ən uca zirvəsində dayanmışdı. O, bir ayağını verib dörd medal almışdı. Ən böyük qazancı bozarmış pencəyinin yaxasına düzdüyü bu medallar idi. Hiss olunurdu ki, ürəyi cibində çırpınır və boş ciblərində bir məzar soyuqluğu var. Əlini cibinə salsaydı, üşüyərdi.
    O, həm də həyatdan küskün kimi görünürdü. Deyəsən, yaşamaqdan bezmişdi. Yaşamaqdan bezdiyinə görə də özünə intihar yolu seçmişdi. Seçdiyi intihar yerinə gedirdi. O yerin adını heç kimə deməmişdi. Desəydi, onu intihar yolundan döndərə bilərdilər. O isə getdiyi yoldan dönmək istəmirdi, seçdiyi intihar yolundan dönsəydi, yenə də bir-birindən balaca üç uşağının üzünə baxmalı olacaqdı. Daha bir-birindən balaca üç uşağının üzünə baxa bilmirdi. Bu, ona əzab verirdi. Bu cəhənnəm əzabından qurtulmağın bircə yolu vardı: İntihar etmək!
    Onun dərdə, kədərə bürünmüş ürəyini daha sevindirəcək heç nə yox idi. Əksinə, ömrünə-gününə hər gün ölüm yağırdı. Bu ölüm «yağışından» təngə gəlmişdi. Bu ölüm «yağışından» canını biryolluq qurtarmaq istəyirdi.
    O, birdən nə düşündüsə də Sənanın gözlərinin içinə baxdı. Sənanın gözlərinin içində bir nifrət vardı. Düşündü: «Bu nifrət görəsən, kimə qarşıdır? Mənəmi? Axı o məni, mən də onu tanımıram» - Dodaqları səyridi.
    Dünyanın hər bir dərdi, problemi, qayğıları…Sənandan yan keçirdi. İndi avtobusla universitetə getmək onun üçün ən böyük dərd idi. Amma bu dərd bir-iki gündən sonra sovuşub gedəcəkdi. Və o yenə də universitetə təzə avtomobillə gedəcəkdi. O, avtomobilsiz dəli olardı. Onun ruhunun qida mənbəyi Fəridin satdığı «İran malı»nda və xumarlanaraq şəhərin küçələrində sürdüyü «porje»də və saqqız kimi çeynəyib atdığı gözəl qızlarda idi. Onun həyatı bu üç şeyə bağlıydı. Bunlardan biri olmasaydı, həyatının mənası da olmazdı.
    Sənan universitetə könülsüz gedirdi. Gedirdi ki, atası demişkən «o karton parçasını əldə eləyə bilsin, Həmin o karton parçasını ala bilməsəydi, prokuror da ola bilməyəcəkdi». - Məhz buna görə də o, prokuror olmaq üçün universitetə ayaq döyüb o karton parçasını almalıydı.
    O, növbəti dayanacaqda düşüb universitetə doğru üz tutdu. Birdən nə düşündüsə də arxaya baxdı. Professor ağır addımlarla onun aprxasınca gəlirdi. Sənan tez-tələsik yolun o biri tərəfinə keçib qarşıda ucalan universitetin binasına baxdı. Ürəyi bulandı. Qusmaq istədi. Elə bu zaman atasının hər dəfə dediyi sözlər yenidən qulaqlarında cingildədi: «Biz o karton parçasını mütləq almalıyıq. Sənin vəzifən isə gedib universitetdə görünməkdi».
    Hirslə daş döşənmiş səkiyə tüpürüb yoluna davam elədi. Ayaqlarını güclə sürüyürdü. Elə bil ki, ayaqlarından bir pud daş asılmışdı. «Bircə bu xarabadan canım qurtarsaydı…» - Öz-özünə mızıldanıb əlini cibinə saldı. Fəridin verdiyi «İran malı»ndan birini çıxardıb ağzına tulladı. Çox keçmədi ki, ayağından «asılan bir pudluq daş» parçalanıb yox oldu və Sənan qov kimi yüngülləşib universitetə doğru «uçmağa başladı».



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ