Sizin reklam burada
Sizin reklam burada
  • DAHA YERDƏ GƏZMƏK OLMUR, ƏZİZİM



    DAHA YERDƏ GƏZMƏK OLMUR, ƏZİZİM

    Vahid Əziz – 80

    Dost sədaqəti: professor Vidadi Orucov Xalq şairi Vahid Əziz haqqında yazır

    İnsan bu dünyanın içində doğulur, amma çox vaxt onun səthində qərar tuta bilmir.
    Dünya - bəzən insana dar gəlir; sanki torpaq ağırlaşır, nəfəs almaq olmur.
    Hər addım bir sınma, hər nəfəs görünməz bir ah kimi səslənir.
    Dünya daralanda insan Tanrının qapısına sığınır - çünki bəzən ən geniş yer bir dua qədər olur.
    Xalq şairi Vahid Əziz “Əzizim” şeirində elə bu mənəvi yüklənmənin, ruhun dünyaya sığmamasının poetik tablosunu çəkir:
    “Hər nə geysəm, vücuduma dar gələr,
    Bu darlığa dözmək olmur, əzizim.”
    Burada “dar gəlmək” yalnız fiziki məna daşımır. Bu, çiçəyin öz torpağına sığmaması kimidir - kökü dartınır, qönçə genişlənmək istəyir, amma dünya daralır. Ruhun çərçivəyə yerləşməməsi, varlığın qalıb könlün daralmasıdır. Şair üçün dünya artıq bir məkan deyil, qönçəsi solmağa başlayan çiçək kimi bir sıxıntıdır; sevincin yerini yorğunluq, nəfəsin yerini sükut tutur.
    “Əzəl gündən dünya yalan dünyadır,
    Baha satan, ucuz alan dünyadır...”
    Bu misralar sadəcə bir giley deyil - çiçəyin ömrü qədər qısa olan dünyanın poetik xülasəsidir.
    Çiçək bilmir ki, onu dərən əli sevgi üçün uzanıb, yoxsa laqeyd bir toxunuşdur. İnsan da bilmir dünyanın nəyə necə qiymət qoyduğunu. Burada çox zaman qiymət dəyəri əvəz edir, səmimiyyət hesaba dəyişdirilir. “Dağılanı düzmək olmur” - çünki insan, solmuş çiçəyin ləçəklərini yenidən açdıra bilmədiyi kimi, həyatın pozduğu bütövlüyü də geri qaytara bilmir.
    Amma bütün bu iç ağrısının fonunda Vahid Əzizdə bir üsyan yox, sakit bir qəbul var. O, qisməti dərk edir, amma ona təslim olmur. Onun “qocalmaq” motivi də, “bezmək” kəlməsi də əslində dünyadan bezmək yox, çiçəyin qoxusunu itirməyin insan ruhunda yaratdığı boşluq kimidir - yaşamağı anlamağın yorğunluğu.
    “Səndən ayrı yaşamaqdan bezmişəm,
    El-obadan bezmək olmur, əzizim.”
    Burada “əzizim” həm bir sevgiliyə, həm Vətənə, həm də Allaha yönəlmiş ola bilər.
    Elə çiçək də böyüdüyü torpaqdan bezməz — çünki kökü ordadır; insan da heç vaxt tam ayrılmaz. Bu çoxqatlı müraciət, şairin bütün yaradıcılığında olduğu kimi, insanın həm insana, həm Tanrıya, həm torpağa bağlı ruh halını ifadə edir.
    Və nəhayət, şeirin zirvəsi:
    “Gedəcəyəm, göylər məni çağırdı,
    Daha yerdə gəzmək olmur, əzizim.”
    Bu misra artıq bədəndən ayrılan ruhun səsi kimidir.
    Yerdəki bütün bağlılıqlar çözülür - insanın insanı anlamadığı, amma Tanrını duymaq istədiyi o son məqam…
    Burada ölüm qorxu deyil, çiçəyin solub ətrinin göyə qalxması kimi bir azadlıqdır. Göy çağırır, yer isə artıq yorub.
    Şair bilir ki, dünyadan köçmək – məğlubiyyət deyil, ruhun qayıdışıdır.
    Amma çiçək ömrü yaşamağın başqa bir gözəlliyi də var: onda məhəbbət və əbədiyyət ətri gizlidir.
    İnsan bəzən çiçək kimi solur, amma ətri qalır - xatirə kimi, dua kimi, iz kimi.
    Və bu qayıdışdan əvvəl şair bircə cümlə pıçıldayır:
    “Daha yerdə gəzmək olmur, əzizim...”



    Vidadi Orucov
    Pedaqogika elmləri doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ