Sizin reklam burada
Sizin reklam burada
  • Professor Vidadi Orucovdan şair Bəradər Səməndərli yaradıcılığına baxış


    Professor Vidadi Orucovdan şair Bəradər Səməndərli yaradıcılığına baxış:

    ÖZÜNÜ SEVDİRMƏ MƏNƏ

    ...Sən Allah özünə öyrətmə məni,
    Hicran qoxusuyla göynəmə məni.
    Musa Yaqub.

    Bir azca insafın varsa,
    Özünü sevdirmə mənə.
    İki dünya bir olarsa,
    Sevsəm, ayrıla bilmərəm,
    Ürəyini vermə mənə,
    Özünü sevdirmə mənə.

    Çək əlini əllərimdən,
    Tökülərsən gözlərimdən.
    Gəl, incimə sözlərimdən,
    Azacıq ömrüm qalıbdı,
    Onu da çox görmə mənə,
    Özünü sevdirmə mənə.

    Görməmişəm beləsini,
    Duymamışam nəfəsini.
    ,,Qoşa nar,,ın giləsini
    Qoparıb göndərmə mənə,
    Özünü sevdirmə mənə.

    Ölən kimi ölməyəcəm,
    Gülən kimi gülməyəcəm.
    Qərar tuta bilməyəcəm,
    Gələcək ev "türmə" mənə,
    Özünü sevdirmə mənə.

    Ürəyimdi, səs eyləyir,
    Bilirsənmi nə söyləyir?
    Gözəlliyin bəs eyləyir,
    Gərək deyil sürmə mənə,
    Özünü sevdirmə mənə.

    Nə kiprik uzat, nə qaş al,
    Nə üzük tax, nə daş-qaş al.
    Hicab tutub bağlama şal
    Göstərərək ,,tirmə,, mənə,
    Özünü sevdirmə mənə.

    Sevmədən yaşayan varmı?
    Heç sevgidən doyan varmı?
    Axıtsam göz yaşlarımı,
    Çata bilməz Kür də mənə,
    Özünü sevdirmə mənə.

    ÖZÜNÜ SEVDİRMƏ MƏNƏ
    Bəradər Səməndərli

    Bəradər Səməndərli şeirində “Özünü sevdirmə mənə” deməklə, sevgi və daxili ehtiyacların, ruh dünyasının bir-birinə tilsimə dolaşmış zülfün kəndiri kimi olduğunu göstərir. Bu fikir təkcə şeir misrası, söz deyil, qəlbin pəncərəsidir; şair burada həm arzularından, həm də qorxularından danışır. Şeirin misraları artıqca, oxucu da sanki qəlbinin yavaş-yavaş döyüldüyünü hiss edir, çarəsiz qalaraq, özü də bilmədən poezianın cazibə qüvvəsinə – başqa bir aləmə, sevgi adlı bir məmləkətə düşür. Bu məkanda hər şey gözəldir, könül oxşayandır, vaxtsız zamandır:

    “Çək əlini əllərimdən,
    Tökülərsən gözlərimdən.”

    Hər bir misra bir nəfəs, hər təkrar bir titrəyişdir; oxucu qəlbin ritmini hiss edir, şairin ehtiyat və arzularını paylaşır. Qoşa nar, qoşa nar… “Qoynunda var iki bar, biri heyva biri nar” kim oxumayıb bu nəğməni, kim nakam qalmayıb o şirin-şəkər arzulardan? Ələsgər babamız:
    “Sinən üstə dərdə dərman görünür.

    O köynəyə nar məmələr bürünür,
    Onçu qurban olluq biz köynəyinə.”

    Zəlimxan Yaqub isə:
    “Zəlimxan nə desin, göz-qulaq olun,
    Qoynunda bəslənən nar amanatı.”

    Hərə özünə görə oxudu bu nəğməni… Bəradər Səməndərli də öz poetik dilində, şirin amma iç dünyasını yandırıb yaxan arzularınə oxucuya belə çatdırır:

    “Qoşa nar”ın giləsini
    Qoparıb göndərmə mənə.”

    Kiprik, qaş, üzük və hicab kimi simvollar isə şairin baxışında yalnız bəzək deyil; ruhun pərdələridir, ehtiyat və istəklərin incə toxunuşudur:

    “Nə kiprik uzat, nə qaş al,
    Nə üzük tax, nə daş-qaş al.
    Hicab tutub bağlama şal
    Göstərərək “tirmə” mənə.”

    Özünü sevdirmə mənə… Şeir boyu hiss olunan gərginlik – həm arzu, həm qorxu, həm yaxınlıq, həm məsafə – oxucunu sınağa çəkir. Burada zamanın sərhədi yoxdur, hisslər ölməzdir, qəlb öz sükutu ilə danışır:

    “Açmayacam telefonu,
    Zəng eləmə bir də mənə.”

    Bəradər Səməndərli burada yalnız sevgini təsvir etmir; o, ruhun gizli aləmindəki qorxuları, ehtiyatı və istəkləri bir-birinə dolaşmış zülf kimi göstərir. Oxucu isə bu dolaşıq zülfün arasında dolaşarkən həm öz qəlbini tanıyır, həm də şairin duyğularına yaxınlaşır – şeir sadəcə söz deyil, qəlbin pəncərəsidir, və bu pəncərədən baxan hər kəs öz ruhunun əksini görür.
    Amma şeir burada bitmir; sonunda şair həm məsləhət verir, həm xəbərdarlıq edir, həm də həyatın acı-şirin həqiqətini xatırladır:

    “Sevmədən yaşayan varmı?
    Heç sevgidən doyan varmı?
    Axıtsam göz yaşlarımı,
    Çata bilməz Kür də mənə.”

    Bu misralar göstərir ki, sevgini saxlamadan, duyğularını ifadə etmədən, insan ruhu heç vaxt tam doyum tapmır. Şair deyir ki, hər duyğu, hər hiss, hər titrəyiş – paylaşıldıqca və qəlbdə yaşadıqca mənalıdır. Əks halda, sevgi də, qəlb də, göz yaşı da bir çay kimi axıb gedər, hətta Kür çayına çatmaq istəyərkən belə.
    Beləliklə, “Özünü sevdirmə mənə” təkcə bir həyəcan, bir qorxu və ehtiyat deyil; o, insan ruhunun incə harmoniyası, öz-özünə xatırlatma və sevginin dastanı-möcüzəsidir.

    Professor Vidadi Orucovdan şair Bəradər Səməndərli yaradıcılığına baxış

    Vidadi Orucov,
    pedaqogika elmləri doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ