İlqar Həkim
YOXDU
Gedibdi, gəlməyib o vaxtdan bəri
Deyirlər orada qeheri yoxdu.
Burda ondan sonra nələr dəyişib
Atamın çox şeydən xəbəri yoxdu .
Yaxşı bələd idim onda vərdişə
Mərd idi dövrana, vaxta , gərdişə .
Deyirlər gecədir orda həmişə
Orda gecələrin səhəri yoxdu .
Bəzən uşaq idi məntək uşaqla,
Qaçardım üstünə - məni qucaqla.
Ata, yanındaca mənə yer saxla,
Özün də qayıtma, təhəri yoxdu .
Gəlmir acı sözü, yoxdu bal sözü
Ağır kəlmələri, qaya, sal sözü
Ata, çox gəzirəm ağsaqqal sözü
Sənsiz nəsihətin təpəri yoxdu
Dünya dövr eyləyir vaxtın üstündə
Bir ömür çarpışdım baxtın üstündə
Anam da qocalıb taxtın üstündə
Gördüyün gülyanaq o pəri yoxdu
Qarışıb möhnətdən halı İlqarın
Ürəkdə çarpazdı xalı İlqarın,
Yenə havalanıb dəli İlqarın
Coşan xəyalının sipəri yoxdu .
İNCIDIR MƏNI
İstədim səni unudum
Qüssəni içimdə udum.
Neynim,üzündə buludun,
Çənin də incidir məni.
Köksünü kədər sarıyıb,
Gözündə həsrət qarıyıb.
Çeşmədən suyun quruyub,
Nəmin də incidir məni!
Hanı mənə yüz ərk edən
Könlümü gözdən dərk edən.
Şirin çöhrəni tərk edən,
Şənin də incidir məni.
Billur sular döndü lilə
Lil çiləndi solan gülə.
Yaxında olmasan belə
Genin də incidir məni.
Düyündü dünyanın simi
Açılmır bağlı tilsimi.
Dərdinə həmdəmin kimi,
Kəmin də incidir məni
