Bəradər Səməndərli
DÜZÜ DÜZDƏ AXTARIN
Sədaqət nümunəsi
Bu dünyada köpəkdi.
"Barama" qurd olsa da,
Toxuduğu ipəkdi.
Üzü gülmür astarın,
Düzü düzdə axtarın.
Güvəndiyin dostların
Çoxu hiylə-kələkdi
Acı dadar kal insan,
Zəhər verər bal umsan.
Hərdənbirxəyal insan
Tərsə əsən küləkdi.
Dünya qəmdi kədərdi,
Çəkmək olmur bu dərdi.
Şeytana uyma, şərdi,
Nə olsun ki, mələkdi.
Səməndərlinin səsi,
Düşündürər heç kəsi.
Qəlbi ümid çeşməsi-
Sonsuz arzu-diləkdi.
SÖZ ADAMLARI
Dünyanın şər üzü tərsə dayanır,
Kamil mürgüləyir, sərsəm oyanır.
Hər sözün altında imza dayanır,
Sözüylə tanınır söz adamları.
Ocaq var alışır, hənir verməyir,
Bu qaysaq yaramız yanır, göynəyir.
Görəsən İlahi, dünya neyləyir,
Soyuq adamları, buz adamları?
Güclülər gücsüzün haqqın talayır,
Canavar susanda, çaqqal ulayır.
Əyrilər, axsaqlar meydan sulayır,
Hədəfə alırlar düz adamları.
Var-dövlət artdıqca olurlar harın,
Yıgmaqla göz doymur, yeməklə qarın.
Kabinet, komanda toplayanların
Qalxır vəzifəyə öz adamları.
Bəradər, diqqət et yazdığın bəndə,
Dilindən düşərsən yoxsa, kəməndə.
Düzülüb qapıya elçi gələndə,
Özün naza çəkir qız adamları.
BAŞSIZ ATLILAR
Vəzifə bölgüsü, sərvət yanğısı,
Alıb insanlığı ayaq altına.
Bir tikə çörəyə möhtac olanlar,
Necə xidmət edir görün xalqına.
Xeyirxah adamlar, müdrik beyinlər,
İnsanlıq adına hesabatdılar.
Ömür sayğacları başa çatsa da,
Kəhərdən düşməyir başsız atlılar.
Donur sərt qışında günahlarının,
Üstünə yorğanın çəkir qalının-
Ruhsuz bədəndilər xəstə cəsədlər,
Əsiri olublar dünya malının.
Bəradər, ölümsüz İlahiyyatdı,
Bu fani dünyadan kimlər getmədi?
Bu acgöz məmurlar dərk eləmir ki,
Dünya Süleymana vəfa etmədi.
DÜNYA GÜNAH ANBARIDI
Var aşsa da başlarından,
Aşağıdır baş qarından.
Fəhlənin göz yaşlarından
Özün tutan klanlar var.
Baxış gözün açarıdı,
Yağış gözümdə qarıdı.
Dünya günah anbarıdı,
Gör nə qədər yalanlar var.
Hərəkətə keçmək üçün,
Şəri qəti seçmək üçün;
Bərəkəti çəkmək üçün,
Özgədən borc alanlar var.
Böcək susur yuvasında,
Nökər də bəy havasında...
İndi mələk libasında
Çox zəhərli ilanlar var.
Bəradər, söz bitib rəfdə,
Şərəf gəzmə bişərəfdə.
Ulaq durub bir tərəfdə,
Döyəclənən planlar var.
