Sizin reklam burada
Sizin reklam burada
  • Təqdimat: Zeynəb Camaləddin qızı Novruzova

    Zeynəb Camaləddin qızı Novruzova 31 oktyabr 1962-ci ildə Quba şəhərində anadan olmuşdur. İlk təhsilini Qubada 4 saylı orta məktəbdə alıb. Daha sonra ailəsi Bakıya köcdüyündən təhsilini Bakıda 196 saylı orta məktəbdə davam etdirmış və 1980-ci ildə oranı bitirmisdir. Orta məktəbi bitirdikdən sonra Bakı Neft Texnikumunu, daha sonra Dövlət Neft və Kimya İnstitunun İqtisad fakultəsini bitirmişdir. “Nord” Elmi İstehsal Birliyində mühəndis konstruktor və Bakı Elektrik Avtomatları zavodunda mühəndis-texnoloq, daha sonra Respublika TƏS-da aparıcı mühasib olaraq çalışmışdir.
    Klassiklərimizə, şifahi xalq ədəbiyyatına və folklara məktəb illərindən böyük marağı olmuş və sonralar özü də müxtəlif janrlarda şeir yazmışdır.
    Zeynəb Cəmaləddinin şerləri “Sevgi”, “Məhsəti şairlər məclisinin jurnalı”nda, “Kür-Araz” ədəbi-bədii, publisistik jurnallarda, “Şərqin səsi” və “Heydər zirvəsi” ədəbi-bədii, elmi-publisistik toplularda, “Vedibasar”, “Ədəbiyyat və İncəsənət”, “Zəfər qalası” və digər qəzetlərdə oxuculara təqdim olunmuşdur.

    ŞƏHİDİM
    Qarabağ - Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Məkanınız Cənnət olsun! Ruhunuz qarşısında ehtiramla baş əyirik!

    Elə bil durdu zaman, keçdi bircə an şəhidim,
    Necə qıydı sənə düşman, de necə, can şəhidim?

    Nə qədər bəsləsək də naşükürü yağ, bal ilə,
    Barındı qoynumuzda ilan tək düşman, şəhidim.

    Nankorun, nadürüstün olmadı dostluqda payı,
    Qənim olsun olara hər iki cahan, şəhidim.

    Gəncliyin, gözəlliyin tuş oldu namərd oxuna,
    Parçalandı min yerə can, şəhidim, can, şəhidim.

    Dursa da göz yaşımız, sağalmaz ürəkdə yara,
    Axacaq qəlbimizə qan, şəhidim, qan, şəhidim.

    O mələk ruhunuza bağır basıb, baş əyirik,
    Unutmaz bir an sizi el-oba, dövran, şəhidim.

    Nə günahsiz, nə mələk, düşdüsə behişt yoluna,
    Alacaq ağuşuna Cənnəti-Rizvan, şəhidim.

    Aldı ifadəsini Ali Baş Komandanımız,
    Eylədi Paşinyanı min dəfə peşman, şəhidim.

    Möhürü igidlikdi, mürəkkəbi şəhid qanı,
    Sizi vəsf eyləyəcək, tarixi dastan, şəhidim.

    Sarıdız siz yarasın, bu doğma yer-yurdumuzun,
    Sizinlə fəxr eləyir, Azəribaycan, şəhidim.

    Zeynəbəm, üz tuturam İlahinin dərgahına,
    Anlasın, dərk eləsin insanı insan, şəhidim.

    25.09.2023

    AZƏRBAYCAN

    Yaşa Azərbaycan, var ol, Vətənim,
    Varlığına bağlı bu can, bu tənim.
    Ümidim, qürurum, fəxrimsən mənim,
    Ucalsın göylərə üçrəng bayrağın,
    Gözləri oxşasın yeni növrağın.

    Sən nələrdən keçib, bu günə gəldin,
    Tarıxın bağrından qopub, yüksəldin.
    Oğuzdan od alan nurlu məşəldin,
    Büdrədin, yenə də ayaqda durdun,
    Mərdlık qalxanıdir, çünki Boz qurdun.

    Gah artdın, çoxaldın, gah da kəm oldun,
    Namərd süfrəsində bəzən yem oldun,
    Gülüstan, Bəlləbur, Əlincəm oldun,
    Yandın, küllərindən doğdun, ucaldın,
    Bir yumruğa dönən eldən güc aldın.

    Hər gün təzələnən yurd dastanımsan,
    Oğuz, Cavanşırsən, mərd İlhamımsan,
    Tomris, Sara xatun, Mehribanımsan,
    Qanayan yaranı ovudub, saran,
    Soyun, kökün sənin dəyişməz Turan.

    Canlı salnamədir Zəncan, İrəvan,
    Dərbənd, Təbriz, Göyçə sağalmaz yaran,
    Anadan ayrılan hər ciyərparan...
    Ruhun hər parçanda, vahid bir cansan.
    Hər qəlbdə döyünən Azərbaycansan.

    Ey zülmə susayıb, qana doyanlar,
    Sülhün ayağının altın oyanlar,
    Nədir bu oynanan kirli oyunlar,
    İşığı zülmətə təslim etməyin,
    İblisin iziylə artıq getməyin.

    Çoxalsın, nə qədər xeyir əməl var,
    Qayğıdan, sevgidən necə təməl var,
    Birləşsin dünyada nə qədər əl var,
    Alsin ovucuna yer kürəsini,
    Dinləsin dünyanın gülən səsini.

    Tanrı bir, insan bir, dünya birdimi?
    Hər kəs haqq axtarır, harda, sirdimi?
    Ədavət, kin, tamah, canda kirdimi?
    Yol verin, dostluqda ərisin, itsin,
    Nəhayət savaşlar, qan-qada bitsin

    On milyard insanın bir səsiyəm mən,
    Torpağın ahıyam, nəfəsiyəm mən,
    Oyun quranlara deyəsiyəm mən,
    Bəsdi, çalxamayın qana, dünyanı,
    Hər kəsin anası Ana dünyanı.
    15.09.2023

    ŞUŞA

    Bülbüllər sökər danı tuti-şirin dillər ilə,
    Cıdır düzü bəzənər yazda gözəl güllər ilə.
    Çətir şəlalə axar qırçın, uzun tellər ilə,
    Sankı nazənin sənəm, can alan dilbərdi Şuşa.
    Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.

    Sevgidi, sədaqətdi qədim torpağın mayası,
    Vətən övladı üçün arxadı hər bir qayası.
    Qalmadı qiyamətə, alındı axır qisası,
    Bir dəmir yumruq olan min-min igid ərdi Şuşa.
    Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.

    Yad ayaqlar tapdadı, gözlərimiz qan ağladı,
    Elə dağ çəkildi ki, yandı ürək, can ağladı,
    Ya Rəbbi, şükür Sənə, sonunda düşman ağladı,
    Ruhu nizamda tutan dayaqdı, mehvərdi Şuşa.
    Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.

    Hər daşın, hər qayanın öz əbədi nəğməsi var,
    Əl vursan dil açacaq, tarıxdən gələn səsi var.
    “Şur” u var, “Segah”ı var, “Çahargah”, “Şikəstə”si var
    Bu milli dəyərlərlə dillərə əzbərdi Şuşa,
    Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.

    Gecə göy qubbəsinin ulduzları sehrə salır,
    Səhər ləçəkdəki şeh, dağda duman ruha dalır.
    Qarqar, Daşaltı çayı... bulaqları canlar alır,
    Gecəsi, gündüzuylə Cənnətə bənzərdi Şuşa
    Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.

    Sanki göydən asılıb, şəhər sanki göydən enib,
    Ulduz-ulduz işıqlar evlərin üstə ələnib,
    Elə Allaha yaxın, ilahi nura bələnib,
    Allahı zikr elyən məsciddi, minbərdi Şuşa,
    Qarabağ baş tacimiz, bu tacda gövhərdi Şuşa.
    08.11.2022

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ