Sizin reklam burada
Sizin reklam burada

Uşaqların sevincinə səbəb “Nənəmin nağılları”

Bu yaxınlarda “Azəri” Poliqrafiya tərəfindən böyük mühəndis, elmi işçi Zenfira Tapdqovanın “Nənəmin nağılları” kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliiyinin üzvü, veteran jurnalist Zümrüd xanım Baloğlanovadır. Rəssamı isə memar dizayner Xatirə Tapdıqovadır. Nəvələrin və nəticənin araya-ərsəyə gətirdikləri bu nəşr kiçik yaşlı oxucuların ixtiyarına təqdim edilib. Müəllif girişdə qeyd edir: “Müqəddəs ruhun şad olsun, bizim ağ ipək sap yumağına oxşayan, gözəl üzlü, şirin sözlü Şəhrəbanu nənəmiz! 7 yaşıma qədər mənə və eləcə də o biri nəvələrinə danışdığın nağılları, şeir və tapmacaları 72 yaşımda qələmə almaqla nəvələrimizə yadigar qoyuram.”
“Dəvə dayının nağılı”, “Hiyləgər tülkü və axmaq ayı”, “Qızlı ilə bizlinin əhvalatı”, “Nazəkbənazək və Tazəkbətazəkin nağılı”, “Eşşəyin qurd dayısı”, “Allah ruzini kimə verir”, “Dovşan balasına niyə üç gün süd verir”, “Kasıb kişi necə varlandı”, “Ağıllı dəvə və tərs eşşək”, “Qaranquş və ağcaqanad”, “Cik-cik sərçəcik nağılı”, “Hacıleylək və hiyləgər tülkü”, “Hiyləgər tülkü və ağıllı qarğa”, “Xeyirxah sərçələr”, “Nə tökərsən aşına, o çıxar qaşığına”, “Şirin dil ilanı yuvadan çıxarar”, “Əqrəb xasiyyəti”, “Leyləyin şahlığı”, “Tovuz quşu və xoruz”, “Nardaran Xatun nağılı”, “Pişik və ağıllı sərçə”, “Niyə lobyanın qarnı qaradır?” nağılları, tapmacalar və yanıltmaclar inanırıq ki, balaca oxucular tərəfindən sevə-sevə qarşılanacaq, onların ürəyincə olacaqdır.
Kiçik həcmli bu nağıllar uşaqlara mehribanlıq, çalışqanlıq, qayğıkeşlik, böyüklərə hörmət kimi bir çox müsbət xüsusiyyətlər aşılayır. Bol şəkilli, uşaqların maraq dünyasına uyğun bu kitab nəfis tərtibatlı və keyfiyyətlidir. Belə kitabları vərəqləyərək böyüyən uşaqların xəyal dünyası daha geniş, yaddaşları daha qüvvətli olur. Eynşteynin belə bir fikri var ki: "Əgər uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun. Yox, əgər uşaqlarınızın daha ağıllı olmağını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun". Çünki nağıl dinləyən, sonrakı yaşlarda özü nağıl oxuyan uşaqların televiziya izləyərək, telefonla oynayaraq böyüyən uşaqlarla müqayisədə xəyal dünyası daha geniş olur. Uşaq nağılı oxuduqca səhnələr beynində canlanır, beyin daim işləyir. Amma televiziya izlədikdə beyin düşünməyə, səhnələr canlandırmağa əziyyət çəkmədən hazır görüntüləri qəbul edir. Bu da beynin getdikcə passivləşməsinə səbəb olur. Bunu nəzərə alsaq, kitab oxumağın böyük faydası var. Həmçinin onu da qeyd edim ki, kağız kitab daha yaxşıdır. Elektron kitab uşağın gözünə zərərli ola bilər. Həm də pedaqoqlar və psixoloqlar 3-4 yaşa qədər uşaqların elektron vasitələrdən uzaq tutulmasını tövsiyyə edirlər.
Bir sözlə, “Nənəmin nağılları” xəyal gücünü genişləndirməklə yanaşı, uşaqların zehni inkişafına da olduqca faydalıdır.

İlhamə Məhəmmədqızı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ