Sizin reklam burada
Sizin reklam burada
  • İşaldan azad edilmiş rayonlara getmişdik

    Bu səfərdən ağrı, qürur və təəssüf dolu hisslərlə qayıtdıq.
    Sanki açıq səma altında nəhəng – ucu-bucağı görünməyən sərgiyə baxırdıq. Bir tərəfdə vandal erməni xislətinin, xəstə hay təfəkkürünün “yaratdığı” viranəliklər, xaraba evlər, digər tərəfdə isə türk , Azərbaycanlı qüdrətinin göstəricisi olan möhtəşəm bərpa-quruculuq işləri.
    Sanki bir tarixi filmə baxırdıq. Əlahəzrət Haqqın əli ilə yazılmış ssenaridə nələr yox idi? Əsas kadrların yarısında heç zaman özü görünməyən qüvvələrin fitvası, fitnəkarlığı, riyakarlığı, hərtərəfli dəstəyi ilə Azərbaycan ərazilərinə divan tutan, əlli milyonluq soydaşlarımıza dağ çəkən vəhşilərin otuz ildən çox davam etmiş “qələbəsinin” nəticələri göstərilir, yarısında isə qalib ölkənin cəmi beş ildə ortaya qoyduğu quruculuq missiyasının təzahürləri boy verir, baş qaldırırdı.
    Sanki Hörmüz və Əhrimənin ( Zərdüştlükdəki Xeyir və Şərin) min illərdən bəri davam edən mübarizəsinin son iki əsrdəki qanlı səhnələrinin şanlı səhifələrini görürdük. Əhrimənin (o, ərməni deyil haaa) son otuz ildəki əl işləri şəhər və kəndləri nə günə salmışdı, İlahi? Yaşayış məntəqələri hətta, daşı, torpağı da əridən yanğından çıxmış kimi görünürdü. Hörmüz isə bu yerlərdə bizim əcnəbi filmlərdə gördüyümüz avtomobil yollarından qəti şəkildə geri qalmayacaq yollar çəkmiş, bu ərazilərdə heç zaman olmayan gözəl, abad, firəvan yaşayış məntəqələri ərsəyə gətirmişdir.
    Onu da əlavə etməyi vacib sayıram ki, Zərdüştlükdəki (Avesta) hörmüz və Əhrimən əkiz qardaş olsa da, bizim regiondakı Xeyir və Şərin nəinki qardaşlığı, hətta qohumluğu belə yoxdur. Azərbaycan ərazilərini bu günə salan haylar hansısa qaraçı köçündən geri qalmış oğru, quldur, talançı və terrorçu tayfasıdır.
    Bu iki həqiqəti görəndə ürəyimdən gizli bir ağrı keçdi: Biz nə üçün tarix boyu təklənmişik? Nə üçün tarix boyu sözümüzü eşidən olmayıb? Niyə bu boyda xalq bugünkü lider kimi bir oğul ərsəyə gətirə bilməyib?
    Sağa, sola baxanda möhtəşəm bir qürur hissi keçirdim: Heç bir ölkə qısa müddətdə bu qədər əhatəli və möhtəşəm bərpa– quruculuq işlərini həyata keçirə bilməzdi. Bunu Azərbaycan bacardı, qalib Liderimiz edə bildi, xalqımızın quruculuq əzmi bu nəticələrin ərsəyə gəlməsinə kömək etdi.
    O ki qaldı, sərlövhədəki “təəssüf dolu hisslər” məsələsinə, deməliyəm ki, bu arqumenti yol boyu gördüyüm tamamilə xoşagəlməz mənzərələr yaradırdı. Belə ki, işğaldan azad edilmiş rayonların ərazisinin girişində – məlumat lövhəsi əvəzinə hazırlanmış, rayonun simvolikasını ifadə edən tikilinin ətrafı zir-zibil içərisində idi. Həmin mənzərəni görəndə ötən il avqustun 8-də “Xalq qəzeti”ndə verilmiş “ Bulaq suyu, dağ havası … Bəs zibilliklər?” adlı yazım yadıma düşdü. “Qız qalası” saytında verilmiş qısa videolentə baxandan sonra yazmışdım:
    “Çox arzulayardım ki, “Şuşadan Laçına gedən yol” adlı həmin materialı ermənilər və onlara havadarlıq edənlər görməyəydilər. İndi hansısa separatçı, qarətçi, talançı, yurdumuzu viranəyə çevirmiş Haykaz, Aşot və ya Qurgen deyə bilər ki, əgər o yerləri o günə salacaqdınızsa, nə üçün minlərlə şəhid verdiniz? Hansısa Baqrat şəxsən məndən soruşsa, cavab verə bilmərəm”.
    Yəni Cəbrayıl rayonunun girişindəki bu tipli göstəricinin ətrafını tamamilə bərbad gündə gördüm. Ərazrdəki qalın toz qatı (ayaqqabının içinə töküləcək qədər idi) , ziyarətə gələnlərin tulladığı boş butulkalar, plastik torbalar, çoxsaylı salfetka tullantıları, qəzet paraları, parası kəsilmiş bel kəməri, yanmış kabel kəsikləri, nə zamansa hansısa ağıl sahibinin buradək gətirib burda tulladığı çomaq... və sairə. Mən isə bura çatanadək yol yoldaşıma danışmışdım ki, əhalisinin faiz etibarilə ən çox ziyalısı olan rayonumuz məhz Cəbrayıldır.
    Bəlkə də turistlərin və ya bu ərazilərdən köçkün düşmüş, indi o yerləri ziyarət etmək üçün gələn sakinlərin məhz həmin məsuliyyətsizliyinin nəticəsidir ki, rəsmi dövlət qurumları “Xudafərin körpüsünü” ziyarətçilərin üzünə bağlayıb. Daha doğrusu, Dövlət Sərhəd Xidmətindən icazəsi olmayanlar körünün yanına buraxılmırlar. Ancaq Xudafərin Hidroqovşağını uzaqdan da olsa gördük və həmin fakt məni çox sevindirdi. Çünki o yerlərdə torpaq nə qədər münbit olsa da, susuz heç nəyə nail olmaq mümkün deyil. Bu hidroqovşaq isə olduqca böyük ərazinin suvarılmasına və əhalinin içməli su ilə təminatına zəmin yaradacaq.
    Xatırladaq ki, ötən il mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti – mərhum Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilmişdi. Bildirilmişdi ki, 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
    Ancaq ərazidə başqa uğurların da şahidi olduq. Məsələn, həmişə teleekranlardan gördüyüm Ağalı kəndini – Ağıllı kəndi xeyli gəzdik. Orada müasir insanın rahat və firavan yaşaması üçün lazım olan bütün şəraitlər yaradılıb. Gəzdiyimiz ərazilərdəki həyətyanı sahələrdə əkilmiş ağacların arasında Azərbaycanın bütün guşələrinin “təmsilçisini” gördük. Bir neçə həyətdə isə eynilə Qəbələdə olduğu kimi kiçik istixanalar gördüm. Yəni həmin evin sahibi dekabr, yanvar , fevral aylarında da göyərtini öz həyətindən yığıb istifadə edəcək.
    Mənim üçün daha maraqlı olan faktlardan biri isə “Ağıllı kənd”dəki “Çinar” restoranındakı naharımız oldu. Çünki sifariş etdiyimiz yeməyin içərisində eynilə Qəbələdə olduğu kimi şabalıd da var idi.
    Yolüstü Zəngilanın Məmmədbəyli kəndində də sakinlərin ixtiyarına verilmiş evlər, salınmış yollar və ümumiyyətlə, göz oxşayan bərpa-quruculuq işlərini də gördük.
    Onu da vurğulamaq istərdim ki, Cəbrayılda davam edən möhtəşəm tikinti-quruculuq işləri, özbək qardaşlarımızın qarabağlı şagirdlərə hədiyyə etdiyi Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, həmin şəhərdəki Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi, bu rayon mərkəzinin müasir dünya standartları səviyyəsində qurulmuş küçələri, Füzuli Beynəlxalq Hava Limanı, Köndələnçay su anbarı və Köndələnçay istirahət parkı da Ağalıkənddən geri qalacaq səviyyədə deyil.
    Ancaq bu üç rayonun bərpasının ən mühüm göstəricisi hansısa şəhərə gedişi təmin edən və ya oradan keçib o biri şəhərə gedən yolların hamısının olduqca yüksək səviyyədə yenidən çəkilməsidir. O yolları görən mat qalır. Həmin ərazilərin işğaldan azad edilməsindən cəmi beş il keçir. Bu qısa müddətdə o qədər yol infrastrukturunun yaradılması … sadəcə möcüzədir.
    Deyəsən təsadüf deyildi. Biz Cəbrayıldan Füzuliyə gedəndə maşınımızda cənab Prezidentin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dillər əzbəri olmuş məşhur ifadəsinin də əlavə edildiyi bir mahnı səslənirdi: “Cəbrayıla yol çəkirdin. Nə oldu, Paşinyan?!”
    … Bəli, yol çəkilib. Ancaq təkcə Cəbrayıla yox! Bakıdan Ankaraya, Vaşinqtona, Pekinə, İslamabada, Londona, Romaya, Brüsselə, Ər-Riyada, Zəngilana və dünyanın hər yerinə.
    ,,, Bizim Zəngilandan Bakıya qayıdan yolumuz çox rahat və aydın idi. Sənin yolun da daim rahat və aydın olsun, Azərbaycan!

    İttifaq MİRZƏBƏYLİ,
    Əməkdar jurnalist,
    Bakı, Füzuli, Cəbrayıl, Zəngilan.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ