Sizin reklam burada
Sizin reklam burada
  • ŞAHİD QARDAŞLARIN ŞƏHİD QARDAŞI

    ŞAHİD QARDAŞLARIN ŞƏHİD QARDAŞI

    HEKAYƏ CƏLİLABAD RAYON, GÜNƏŞLİ KƏNDİNDƏ DOĞULUB, BÖYÜYƏN BAYRAM BABAŞOVA İTHAF OLUNUR.

    İsti, qızmar yay günü... Günəşli kəndinə, Günəş öz şəfəqləri ilə ətrafı nurlandıraraq, gözəllik saçmışdı. Havanın isti olmasına baxmayaraq, ara bir sərin meh əsirdi.Bir balaca əsən meh, kənd sakinlərinin əhval-ruhiyyəsinə könül xoşluğu qatırdı.İstiqanlı insanları olan Günəşli kənd sakinlərinin hər zaman qapısı evə gələn qonaqların üzünə açıq olur.Ata evindən qanad açıb, köçən qızların isə qonaq gəlməsi, evlərə xüsusi bir gözəllik qatır.
    Qonşu qızı Səidə yolun kənarı ilə ata evinə gedirdi.Balaca Bayram anasının ətəklərindən bərk-bərk tutaraq, onunla ayaqlaşmağa çalışırdı.Səidənin iti yerişləri Bayrama mane olurdu. Onun ayağı büdrəyir, gah burxulub yıxılır, gah da yenə ayağa qalxıb, tələsik, yubanmadan anasına çatmağa çalışırdı.
    Bayram Səidənin ikinci oğlu idi.İkinci övlad olmasına baxmayaraq, qardaşlarından seçilirdi.Onun cəld və çevik olmasına, qohum-əqrəba da qonşular da bələd idi.O, hər zaman böyük qardaşı Vüqarı, həm də kiçik qardaşı Nurlanı müdafiə edirdi.Evin son beşiyi olan bacısını isə daha çox sevir, qoruyur, ona qarşı daha çox mühafizəkar olurdu.Beləcə günlər, aylar ötüşür, gələcəyin igidləri olacaq Bayram və qardaşları böyüyürdü.Onlar uşaq olanda, Günəşlidə bu ağıllı, tərbiyəli uşaqların bir gün böyüyüb, Vətən torpaqlarının fədaisi olacağı heç kimin ağlına gəlməsə də Vətənə layiqli övladlar olacaqları, Bayramın da qardaşlarının da Vətəndən, Qarabağdan söz düşəndə hər kəlməsindən, dilindən tökülürdü.Bayram məktəbdə xüsusilə vətənpərvərlik mövzusunda olan dərslərdə, sinifdə şagirdlər arasında seçilirdi. O, Qarabağ, Qarabağın işğalı ilə bağlı müəlliminə suallar verərək, hər şeyi bilmək istəyirdi.Hətta mənfur düşmənlər barəsində soruşur, onların torpaqlarımıza necə soxulduqlarını, necə işğal etdiklərini öyrənirdi.
    Bayram taxtadan olan avtomat oyuncağını anasına göstərərək, deyirdi:
    - Bax ana, bax. Tup, tup, tup, bax beləcə düşmənləri vuracam.Hamsını bir-bir qıracam. Bunun bir gün real həyatda baş verəcəyi heç Səidənin ağlının ucundan belə keçmirdi. Yatsa heç yuxusuna girməzdi ki, Bayram bir gün əlinə silah alıb, Vətənin müdafiəsinə qalxacaq. Özünün dediyi kimi düşməni bir-bir qırıb, gözünü oyacaq.Səidə balaca Bayramın uşaq könlü xoş olsun deyə deyirdi:
    - Yaxşı oğlum, vurarsan.Böyüyüb, əsgər olanda vurarsan.İndi isə oğlum, get dərslərini oxu.Mənim ağıllı balam.
    Səidə həyat yoldaşını itirəndən sonra gözünü övladlarına dikmişdi.Çünki onun köməyi yox idi.Uşaqları atasız qalandan sonra çətin günləri başlamışdı.Dörd uşağı təkbaşına böyütmək asan məsələ deyildi. Nə ata evində, nə də ər ocağında çətinliyin nə olduğunu bilməyən Səidənin artıq taleyi çiyinlərinə ağır yük qoymuşdu.Tale ondan üz döndərərək, etibarsız dünyanın çətin, ağır üzü ilə üzləşdirmişdi.Sanki həyat onu birdən-birə vurub, yıxmışdı.
    Səidə təkbaşına min bir əzab-əziyyətlə övladlarını böyütdü, boya-başa çatdırdı.O, düşünürdü ki, daha balaları böyüyüb, çətin günlər sovuşar, geridə qalar.Daha onun problemləri azalar. Nə də olsa axı onun üç ağıllı oğul balası vardı.Daxilibdə övladlarının atasının yerini tutacağından çox əminlik hissi vardı. Bu elə belə də oldu.Səidə fikrində yanılmamışdı. Amma fələk sona kimi imkan vermədi.Sanki Səidənin bəxtinə yazılan parlaq yazını, fələk onun ömür-günündən öz qara əlləri ilə silmişdi.
    Artıq Bayram Günəşli kənd Əfilağa Həsənov adına 2 saylı tam orta məktəbi, nümunəvi şagird olaraq bitirib, sənədlərini Cəmşid Naxçıvaniski adına hərbi liseyə verdi və qəbul oldu.Hərbi biliklərə dərindən yiyələnmək niyyəti ilə Bayram litseyi bitirib, sənədlərini Heydər Əliyev adına ali hərbi məktəbə verdi.
    2016-cı ildə ali hərbi məktəbi bitirən Bayram artıq orduda, ordu korpusunun xüsusi təyinatlı snayper bölümündə tağım komandiri olaraq, işə başladı.
    Bayram Babaşov qardaş Türkiyə dövlətində dəfələrlə kurslar keçmiş, snayper atıcılıq dərslərini dərindən mənimsəyərək, hərbi biliklərini artırmışdı.Xüsusi hava paraşüt desant kursu keçərək, 2019-cu ildə baş leytinant rütbəsi alaraq, 3-cü ordu korpusunun əlahiddə əməliyyat taborunun, 1-ci əməliyyat komandiri vəzifəsinə təyin olunmuşdur.
    Onun aldığı hərbi təhsil nəticəsində peşəkarlığı həmişə göz önündə olub.
    Bayram bölüm əsgərlərinə hər zaman qayğı ilə yanaşaraq, onları cəsur döyüşçü kimi yetişdirirdi.Nizam-intizam isə onun üçün bölmədə öndə duran qayda idi.Öz yiyələndiyi hərbi biliklərini əsgərlərinə aşılayaraq, onlarda Vətənə qarşı sevgi, məhəbbət hissi yaradırdı.Onun qorxmaz bir bölüm komandiri olması əsgərlərdə ruh yüksəkliyi yaradırdı. Bayram nəinki əsgərlərdə eləcə də qardaşları arasında da Vətənə böyük sevgi hissi yaradaraq, onları da Vətən fədaisi olmağa cəlb etmişdi. Bir evdən, bir ailədən Vətən uğurunda döyüşən üç yenilməz, qorxmaz, ölümün düz gözlərinin içinə baxmağı bacaran, cəsur Bayram Babaşov və qardaşları vardı.
    Artıq üç hərbiçi anası olan Səidə Bayramı evləndirmək, nəvə yiyəsi olmaq istəyirdi.
    Bayram isə su sonası kimi gözəlliyi ilə seçilən xalası qızına aşiq olmuşdu. Amma bu cəsur, mərd oğlan hörmət əlaməti olaraq, bunu anasına deməkdən çəkinirdi.Nəhayət Bayram sevgisinin böyüklüyündən güc alaraq, anasına Arzunu sevdiyini dedi:
    - Canım anam, elə evlən deyib, durmusan.Bəs niyə oğlunun gözlərinə bir dönüb, baxmırsan? Bir baxsana, baxışlarımdakı qızı bir görsənə?
    Anası Səidə eşitdiklərinə inana bilmədi. Sevincindən yerindən sıçrayıb, tez dilləndi:
    - Bıy anan qurban, kimdir mənim oğlumun könlünü oğurlayan? De görüm hələ? Mən hazır. Günü elə sabah elçi gedim. Səidə oğlunun evlənmək fikrini biləndə sevincindən az qalırdı qanad açıb, uçsun. Bayram daha utanmağı bir kənara qoyub, anasının boynunu qucaqlayıb, dedi:
    - Ay ana, qız elə özündə. Niyə kənara qaçırsan?
    - Bıy, başıma xeyir. Ay oğlum, bir məni başa sal görüm kimi deyirsən?
    - Ay ana, bacın qızı Arzunu deyirəm. Könlümə elə girib, elə girib, oturub ki, özünə əməlli başlı yer edib.
    - Yer edib, lap yaxşı edib, anan qurban. Elə sabah elçi gedəcəm.Beləcə həm Səidənin, həm bacısın evində toy-büsat quruldu...
    Artıq Bayram ata olmuşdu. Onun nur topu kimi bir oğlu vardı.Uşaqlıq yaşlarından ata qayğısından məhrum olan Bayram uşağa atası İlqarın adını verdi.Bununla o, atasına olan övlad borcunu az da olsa yerinə yetirdiyini düşünərək, özünün və daxili aləminin hardasa rahatlıq tapdığını hiss edirdi. Baxmayaraq ki, onun rahatlığı yox idi. Gecə-gündüz səngərdə özünü bütövlükdə Vətənə, onun hər daşına, hər qayasına həsr etmişdi.Əslində daxilində uşaqlığından baş qaldıran qorxmazlıq, cəsurluq hissi onu xoşbəxt edirdi. Bayram öz döyüşçü ruhu ilə özünü məhz Vətənə xidmətində tapırdı.Onun atalıq hissi çox yüksək olsa da Vətənə olan sevgisi və işınə olan məsuliyyəti nəticəsində övladı ilə çox vaxt keçirdə bilmirdi.
    Balaca İlqar üçün atasının işdən evə dönməsi toy-bayrama dönürdü. Sanki atasın evə gəlmə saatını və zamanını körpə qəlbi ilə hiss edirdi.Qapı döyülən kimi cəld: "Ata, ata" - deyərək, ayağı ayağına dolaşa-dolaşa qapıya yüyürürdü. Atası isə gərgin iş saatın ağırlığından yorğun olmasına baxmayaraq, qollarını gen açıb, balaca İlqarı bağrına basaraq, qoxusunu ciyərlərinə çəkirdi. Bu qoxu onun ruhunu oxşayıb, bütün yorğunluğunu aşıb, keçə bilirdi. İlqar isə atası və onun qucağı üçün darıxdığından, atasının qucağından düşmək istəmirdi. Bayram isə qollarını açıb, evin ortasında süzər, bəzən də uşaq kimi qaçdı-tutdu oynayardı.
    Balaca İlqarın ilk idman müəllimi atası olub desək, yerinə düşər. Çünki atası ona idman oyunlarını böyük həvəslə öyrədərdi.
    Həyat yoldaşı Arzu xanımın Bayramla bağlı xatirələri bitib-tükənmir. Xoşbəxt günlərin ağuşünda gözəl günlər yaşadıqlarını tez-tez dilə gətirir.Bayramın çox ailəcanlı olduğunu, ailəsi ilə olanda xoşbəxt olduğunu -deyir. Hələ də onun yolunu gözlədiyini, acı həsrətə bürünüb, ömrünün sonuna kimi onu sevəcəyini, bir gün mütləq öz Bayramına qovuşacağına bütün varlığı ilə inanır.
    Müharibənin başlamasından 3 gün əvvəl idi. Murov dağa güclü qar yağmışdı. Qarın hündürlüyü dizi aşıb, keçmişdi. Sərt şaxta adamı kəsib, tökürdü.Sazaq insanın iliyinə işləyirdi.Bölüm komandiri Bayram əsgərləri ilə Murov dağda təlim keçirdi.Təlim zamanı komandir bərk soyuqlayır.Buna baxmayaraq, təlimdə heç bir xırda detalı gözdən qaçırtmır, axsatmır.Təlim bitəndən sonra evə dönür.Yoldaşı Arzu xanım Bayramın halının pis olduğunu görüb, ona ilkin tibbi yardım göstərir.Bayram həyat yoldaşına:
    - Hazırlaşın, gəzməyə gedirik -deyir.
    Arzu xanımın gözləri heyrətdən bərəlir:
    - Ay Bayram, nə danışırsan? Sənin qızdırman var axı.Sənə dincəlmək lazımdır. Zoğallı çayını iç, sonra uzan. Bu gün getməyək.Nə vacib olub ki? Məgər qaçaqaçdır? Sən sağalandan sonra gedərik.
    Bayram isə sözündən dönməyərək, İlqarı qucağına alıb:
    - Tez ol, dedim ki, gedirik -deyir.
    O, yol boyu qızdırması olmasına baxmayaraq, ailəsi ilə şirin-şirin söhbət edir.Onları çox sevdiyini, onun həyatına parlaq işıq saldıqlarını Arzu xanıma -deyir.Sonra isə onları Göygölə aparıb, ailəsi ilə son dəfə gözəl, unudulmaz bir gün keçirdir.
    Bayram döyüş zamanı qısa vaxt ərzində keçilməsi çətin olan sədləri keçərək, alınmaz qala adlanan "Ömər aşrımı" istiqamətindən düşmən mövqeyini onların murdar izindən təmizləyir. O, az zaman müddətində 2800 metir yüksəklikləri və qayalıqları aşaraq, "Canavar qulağı" adlanan postu düşməndən təmizləməyə nail olur.
    Fasiləsiz döyüşlərin birində mühasirəyə düşmüş, "Elşən postu" nun şəxsi heyətini müdafiə edərək, mühasirədən çıxartmış və onların həyatını xilas etmişdir.
    Sentyabrın 29-u idi.Bayram Murov dağ istiqamətindən əks hücum tapşırığı alır.Döyüşə girməzdən əvvəl əsgərlərinə evə zəng vurub, daha sonra isə döyüşə hazırlaşmağı tapşırır.Ağır döyüşü nəzərə alıb, ozü də evə zəng vurur.Hər şeyin yaxşı olduğunu deyir.
    Çox çətin relyefi olan Murov dağ hücumunu həyata keçirdir. Mənfur düşmən isə dayanmadan mərmiləri yağdırırdı.Güllə yağışı ara vermirdi.Ağır artireyaların, topların səsi qulağı batırırdı.Göy üzü qara dumandan görünməz olmuşdu.Cəsur bölüm komandiri Bayram və əsgərləri düşmənə aman vermirdi.Bayram igidliklə alınmaz qala adlanan"Ömər aşrımın" istiqamətdən düşmən mövqeylərini yağıdan tabeliyində olduğu əsgərləri ilə bir-bir təmizləyir. Döyüş isə davam edirdi.Atışma səngimək bilmirdi.Mövqeyi elə keçmiş düşmən ordusu quduza dönmüşdü.Bu dəfə yağılar Bayramın əsgərlərini sinayperlə nişan almağa başladılar.Bayram əsgərlərinin yaralandığını, bir çoxlarının aldığı ağır yaradan şəhid olduğunu görərək, dayanmadan, təkbaşına döyüşürdü. O, istəmirdi ki, nə yaralı, nə də ki, şəhid olmuş əsgərlər düşmən əlinə keçsin.Buna görə dayanmadan təkbaşına döyüşürdü.Bu döyüş zamanı Bayram 30-dan çox düşmən izini ana torpaqlarrımızdan təmizləmişdir.O, son nəfəsinə kimi dayanmadan, yorulmadan bir kəşfiyyatçı zabit olaraq, döyüşdü. Eyni zamanda düşmənə göz açmağa aman vermədi.
    Bayramın ailəsinə son zəngi sentyabrın 29-u axşam radələrində oldu.
    Oktyabr ayının 2-si Kəlbəcər uğurunda gedən döyüşlərdə bölüm komandiri qəhrəmancasına şəhid oldu.Kəlbəcər dağları onun nəşini öz qoynunda əzizləyərək, 72 gün başından bir teli belə əskik olmadan qorudu. Bu 72 gündə bütün yaxın qohumlar səfərbər olmuşdular.Onlar hər yerdə xəstəxanalarda, işğaldan azad olunmuş torpaqların hərbi qospitallarında Bayramı axtarırdılar.
    Anası Səidəyə isə qohumlar oğlunun çətin relyefi olan ərazidə olduğunu, buna görə zəng vura bilmədiyini deyib, ananı sakitləşdirirdilər.Səidə oğlunun həyatda olmamasından xəbərsiz olsa da həyat yoldaşı Arzu xanım bilirdi ki, Bayram heç vaxt, bu qədər vaxt ərzində onları intizarda qoymaz.Mütləq bir yol tapıb, evə zəng vurar, oğlu ilə danışar.O, hiss edirdi ki, həyatının mənası olan Bayram şəhadətə ucalıb.
    Bayramın qardaşları Vüqar və Nurlan da döyüşlərdə ağır yaralnmışdılar.Kiçik qardaşı Nurlanın bir qolunu itirmiş vəziyyətdə, ağır halda qospitalda səsi, sədası gəldi.Böyük qardaşı Vüqar da aldığı qəlpə yaralarından qospitalda müalicə alırdı.Başı bəlalı Səidə başını tamam itirmişdi.O, bilmirdi övladlarının hansının harayına qaçsın.Həyatı əvvəldən tərs gətirən, bəxti ondan küskün olan Səidənin övladları ilə bağlı olan arzuları çilik-çilik olmuşdu.Bu 72 gün ərzində həm Vüqarın, həm Nurlanın yaralarına həkim əlləri məlhəm ola bilmişdi.Ancaq Səidənin Bayram dərdinə məlhəm tapılmırdı.Onu gördüm deyən yox idi.
    Axtarışlar nəticəsində dekabrın 17-sində Kəlbəcərin sıldırım qayalarından ibarət dağlarından, qarın altından onun nəşi çıxarılıb, ailəsinə təhvil verildi.Ana Vətən onu öz balası kimi qorumuş, qayalar yastığı, aramsız yağan qar yorğanı olmuşdu.
    Günəşli kəndi öz qəhrəman oğlunu kəndin ta girişindən məzarına qədər çiçək düzərək qarşılayırdı.
    Bütün kənd camahatı üç rəngli yenilməz bayrağa bürünən və çiyinlərdə son mənzilinə köç edən, cəsur baş leytinant, bölüm komandiri Bayramın tabutunu gül yağışına tutmuşdu.Onlar igid Bayramın dəfnində qəhərdən boğulmaqlarına baxmayaraq, qürur hissi keçirdirdilər.
    Baş leytinant Babaşov Bayram İlqar oğlu 18 dekabr 2020-ci ildə Günəşli kənd Təklə məzarlığında, Günəşlinin digər qəhrəman şəhid oğullarının müqəddəs məzarları yanında torpağa tapşırıldı.
    Anası Səidə artıq ikinci ümidini də itirdiyindən, çəkdiyi ah-naləsindən göy üzü titrədi.Bir ananın fəryadına dözə bilməyən göylərin, buludların gözü dolaraq, leysan kəndi ağuşüna aldı.Bayramı ana toroağı 72 gündən sonra öz qoynuna alıb, əbədi uyutdu.
    Ən əsası o idi ki, Bayram həyat yoldaşı Arzu xanıma verdiyi sözü tutmuşdu. O, Kəlbəcərin anım günündə: "Bir gün bizim Kəlbəcəri azad etdiyimizi eşidib, mənimlə fəxr edəcəksən" -demişdi.
    Bayram növbədə olduğu günlərdə həyat yoldaşı üçün bəzi yazıları qeyd edirdi.O, qeyd dəftərində mənfur ermənilərin millətimizə necə divan tutmasından yazırdı.Onların insanlara verdiyi işgəncələr barəsində 2020-ci ilin fevral ayında yazdığı yazılarda xüsusilə qeyd edirdi.Bayram yazırdı:"Gün gələcək qan yerdə qalmayacaq.Qisas mütləq alınacaq "...!
    Bayram şəhadət zirvəsinə ucalandan 3 gün qabaq çox sevdiyi həyat yoldaşı Arzu xanıma sevgi dolu yazdığı məktubları döyüş yoldaşları onun dəfnindən 2 ay sonra tapırlar.Vədəsinə, ünvanına yetişməyən duyğu dolu məktubları Arzu xanıma silahdaşları çatdırır.Bu məktublar Bayramın nə qədər ailəcanlı olduğunun, sevgi dolu bir ürək yiyəsi olduğunun sübutu idi...
    Həyat bir yandan ağaldanda, bir yandan güldürür. Bayramın yadigar qalan oğlu İlqar artıq böyüyüb.Atası kimi qorxmaz olan İlqar bala Bakı şəhər, Nizami rayon 70 saylı liseyin 3-cü sinifində oxuyur.Böyüyəndə polis olacağını və atası kimi cəsur olacağını -deyir.
    Qardaşı qazi Nurlan sağlamlığının 80 faizini itirdiyindən, daha hərbiyə dönə bilmədi.Böyük qardaşı Vüqar isə müalicəsini başa vurub, yenidən müddətdən artıq hərbi xidmətə davam edir.Vüqar bu gün də düşməndən qorxmur.Ali baş komandanın əmrinə hər an hazır olduğunu bildirir.Onun qazi olmasına baxmayaraq, yenidən hərbi xidmətə qayıtması, bu qardaşların həqiqətən də Vətən sevgisindən yoğrulduqlarını göstərir.Onların qəlbində olan Vətən sevgisini nə mənfur düşmən, nə də od-alovulu müharibə əskildə bilmədi.
    Səidənin yaşının çox olmamasına baxmayaraq, övladının itkisindən sonra saçları qar bəyaz olsa da donu isə saçının rənginin əksini əks etdirsə də çoxları onu bədbəxt ana hesab etsə də o, dünyanin ən zəngin anasıdır.Çünki o, ana Vətənə 3 cəsur, qorxmaz oğul böyüdüb! Axı o, həm də şəhid və müharibə şahidlərinin anasıdır.O, Vətən yolunda gözünü qırpmadan canından keçməyi, qazi olaraq, yenidən xidmətini davam etdirməyi və Vətən fədaisi olmağı bacaran oğulların anasıdır! Səidə bu gün igid Bayramın tək yadigarı olan, hələ onu gənc yaşlarında başsız qoyaraq, dünyasını deyişən həyat yoldaşının adını daşıyan, Balaca İlqarla nəfəs alır.Axı İlqar atası Bayrama çox bənzəyir.Onun hər hərəkəti unudulmaz Bayramı xatırladır.
    Ali baş komandan İlham Əliyevin sərəncamı ilə şəhid baş leytinant Bayram İlqar oğlu Babaşovu ölmündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
    Cəsur və unudulmaz şəhidin ad günündə isə dünyaya göz açdığı Günəşli kəndində, oxuduğu Əfilağa Həsənov adına 2 saylı tam orta məktəbin həyətində Bayramın əziz xatirəsinə onun adını daşıyan xatirə bulağı açılmışdır.Bulağın açlış mərasimində rayon rəhbərliyi, şəhidin doğmaları və kənd əhalisi iştirak edərək, onun qəhrəmanlığından qürurla danışmışlar.Kənd camaatı onun müqəddəs ruhunu həmişə anacaqlarını və unutmayacaqlarını söyləmişlər.

    ATILDI DÖYÜŞƏ.

    Qəhrəman Bayramın igidlikləri,
    Dillərdə əzbərdir, gəlməz ki, saya.
    Əsgərə qayğısı, gen mərdlikləri,
    Çəkilir qürurla, sığmaz yüz aya.

    Atıldı döyüşə qorxu bilmədən,
    O, fürsət vermədi düşmənə bir an.
    Vətən torpağının üzü gülmədən,
    Bayram dünyasında oldu hey viran.

    Hər oğul bacarmaz inanın bunu,
    Tək, təkcə döyüşdü, bir neçə saat.
    Düşmən son güllədə görməzmi onu,
    Mənfurlar qurmazmı daha toy-büsat.

    Kəlbəcər dağları yastığı oldu,
    Anatək bağrına basdı Bayramı.
    Ürəklər dağlandı, gülüşlər soldu,
    Şəhadət zirvəsi ağmı, qaramı?

    Tabutu çatanda elə-obaya,
    Dillərdə can bala səsi ucaldı.
    Atəşlər açıldı yerdən havaya,
    Anası bir gündə min gün qocaldı.



    Hicran Əhmədli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ