Bitki mühafizəsi kənd təsərrüfatı istehsalında, ölkənin ərzaq təhlükəsizliyində, artan əhalinin qida maddələri ilə təminatını ödənilməsində mühüm strateji xətdir, elə bu baxımdan da bitki mühafizəsi dünya ölkələrində milli təhlükəsizlik amili kimi qəbul edilir. Birləşmiş Millətlər Təşkilatının FAO ekspertlərinin verdikləri məlumata görə dünyanın hətta inkişaf etmiş ölkələrində belə istehsal edilən kənd təsərrüfatı məhsullarının 40%- ə qədəri xəstəlik törədicilər, zərərvericilər, alaq otları və digər zərərli orqanizmlərin təsirindən itkiyə gedir, 10-12% məhsul isə qış aylarında saxlanma dövrü keyfiyyətini itirdiyindən çıxdaş edilir. Dünya üzrə zərərli orqanizmlərlə kimyəvi mübarizədə tətbiq edilən pestisidlərin çeşidi və istehsalının artması da problemlərin həllində acizdir. Bu gün keçirilən tədbirdə çıxış edən gənc elmi işçilərin çıxışlarının əsas qayəsi də bu yolları aramaqda fermerlərə kömək idi. Elmi işçilərdən Gülcamal Ələsgərova, Aytəkin Hüseynova, Qərib Məmmədov, Samirə Avazova, Nurlana Məmmədova, Tünzalə Bağırova buğda, arpa, qarğıdalı, şərq xurması, çəyirdəkli meyvə bitkilərini xəstəlik və zərərvericiləri, siçanabənzər gəmiricilər, kəhrə kimi ali çiçəkli parazitlər və onlara qarşı mübarizə tədbirlərindən bəhs etdilər. Tədbir iştirakçıları maraqlandıran suallara cavablarla yekunlaşdı. Sonda bu tədbirdə iştirak edən bütün iştirakçılara və maarifləndirici mövzularla çıxış edən həmkarlarıma, elmi işçilərimə təşəkkürlərimi bildirirəm.
İbrahim Cəfərov
AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
