Sizin reklam burada
Sizin reklam burada
  • Sənədlərin tərcüməsinin düzgünlüyünün təsdiqi

    Əli Əliyev,
    Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu

    Sənədlərin tərcüməsinin düzgünlüyü xüsusilə xarici dillərdə aparılan işlərdə və beynəlxalq əlaqələrdə olduqca vacibdir. Qloballaşmanın sürətləndiyi dövrdə müxtəlif səbəblərdən sənədlərin tərcüməsinə olan tələbat artır. Bu məqalədə sənədlərin tərcüməsinin düzgünlüyünün təsdiqi və notariatın bu prosesdəki rolu haqqında ətraflı məlumat veriləcəkdir.
    Son illərdə insanların beynəlxalq səfərlər, təhsil, iş, biznes və hüquqi işlər üçün xarici ölkələrə üz tutması, xarici dillərdə sənədlərin tərcüməsinə olan tələbatı xeyli artırıb. Xarici universitetlərə qəbul üçün təqdim edilən diplomlar, iş üçün lazım olan arayışlar, məhkəmə sənədləri və müqavilələr bu cür sənədlərə aid edilə bilər. Bu sənədlərin düzgün tərcüməsi və təsdiqi, sənədlərin beynəlxalq hüquqi qüvvəyə malik olmasını təmin edir.
    Tərcümə edilmiş sənədlərin hüquqi statusa malik olması üçün onların düzgünlüyünün notariat tərəfindən təsdiqi çox önəmlidir. Notarius, sənədlərin tərcüməsinin düzgün olduğunu yoxlayır və onların qanuni qüvvəyə malik olmasını təmin edir. Bu proses xüsusilə rəsmi sənədlər üçün tələb olunur, çünki səhvlər ciddi hüquqi nəticələrə və yanlış tərcümə edilmiş sənədlər qanuni mübahisələrə və hətta maddi zərərə səbəb ola bilər. Tərcümə edilmiş sənədlərin təsdiq edilməsi prosesi həm sənəd sahibini, həm də onu qəbul edən qurumu hüquqi problemlərdən qoruyur.
    “Notariat haqqında”Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər. Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir.
    Həmçinin notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Bununla bağlı qeyd etmək lazımdır ki, artıq neçə illərdir “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə peşəkar və sertifikatlı, yəni müvafiq dildə səlahiyyəti və sənədləri tərcümə etmək hüququ olan tərcüməçilərə sənədlərin göndərilməsi imkanı yaradılmışdır. Belə ki, geniş yayılmış rus, türk, ingilis, gürcü dilləri ilə yanaşı alman, fransız, ərəb, cin, çex və digər dillərə tərcümə olunacaq sənədlərin düzgünlüyü notarius tərəfindən yoxlandıqdan sonra skan edilərək “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə tərcüməçilərə göndərilir və hazır müvafiq dilə tərcümə edilmiş sənəd təsdiq olunaraq vətəndaşlara təqdim olunur.
    Hüquqi sənədlərin düzgünlüyünün təmin edilməsi üçün notariatın rolu əvəzsizdir. Notarius, tərcümənin düzgünlüyünü yoxlamaq və təsdiq etməklə sənədin hüquqi qüvvəyə malik olmasına zəmanət verir. Bu proses, xarici ölkələrdə hüquqi, təhsil və iş məqsədləri ilə təqdim edilən sənədlərin rəsmiyyət, hüquqi status qazanmasını və beynəlxalq səviyyədə qəbul edilməsini təmin edir.
    Bəzi hallarda notariat təsdiqi kifayət etmir və sənədin beynəlxalq səviyyədə tanınması üçün leqallaşdırma və ya apostil tələb olunur. Bu, sənədin başqa bir ölkədə rəsmi tanınmasını təmin edən əlavə bir təsdiq prosesidir.
    Tərcümə xidmətlərinin inkişafı ilə bağlı əsas tendensiyalar arasında, rəqəmsal tərcümə platformalarının genişlənməsi və süni intellekt vasitəsilə tərcümə prosesinin avtomatlaşdırılması var. Lakin bu texnoloji inkişaflar, hələ də peşəkar tərcüməçinin və notariat təsdiqinin əvəzini verə bilməz.
    Gələcəkdə tərcümə xidmətlərinə olan tələbatın daha da artacağı gözlənilir və bu, notariatın rolunu daha da önə çıxaracaq. Tərcüməyə tələbatın artdığı müasir dövrdə, sənədlərin düzgün tərcümə olunması və təsdiq edilməsi hüquqi təhlükəsizliyi təmin etmək üçün əsas vəsitələrdən biri olaraq əvəzsizdir. Bu səbəbdən, inanıram ki, notariat təsdiqinin əhəmiyyəti daha da artacaq və beynəlxalq əlaqələrin güclənməsinə mühüm töhfə verəcəkdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ