Sizin reklam burada
Sizin reklam burada
  • ƏR-ARVADIN ÜMUMİ ƏMLAKINDAKI PAYA MÜLKİYYƏT HÜQUQU HAQQINDA ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ

    İlham Hüseynov,
    Bakı şəhəri 26 saylı Notariat Ofisinin notariusu

    Ölkə vətəndaşları mülki dövriyyədə müxtəlif dövlət aktları, özgəninkiləşdirmə və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Vəfat etmiş şəxsdən miras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Bu baxımdan vərəsəlik hüququ önəmli bir institutdur.
    Miras əmlakın qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə onun adına rəsmiləşdirilməsinin əhəmiyyəti böyükdür. Qanunvericiliyə nəzər saldıqda görürük ki, vərəsələr vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludurlar. Mirası qəbul edib-etməməsi vərəsələrin öz iradəsinə bağlıdır. Qanunvericilikdə onların arzularına zidd heç bir məcburi qayda nəzərdə tutulmayıb. Lakin elə hallar olur ki, miras qoyanın vərəsələrinin mirasın qəbulu ilə əlaqədar hüquqi hərəkətləri vaxtında yerinə yetirməmələri onun qəbulu ilə bağlı müddətin buraxılması ilə nəticələnir. Bu halda mirasın qəbuluna, buraxılmış müddət məhkəmə qaydasında bərpa edildikdən sonra yol verilir ki, bu da əlavə vaxt itkisi deməkdir. Ona görə də mirasın qəbul olunması müddətini və qaydasını bilmək çox önəmlidir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Həmin qaydalar vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisində onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanmasından ibarətdir.
    Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri VVADQ orqanları tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası hissəsinə aid olmasa da qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş nikah münasibətində olan ər(arvadın) ölümündən sonra ona çatası hissəyə vərəsəlik hüququ yaranır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsi). Lakin nikahı ləğv olunmuş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü maddəsi). Habelə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı 3 il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1164-cü maddəsi)
    Nikah VVADQ orqanlarında pozulduqda, pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə, bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
    Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.
    Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.
    Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər.
    ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadınə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.
    Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.
    Notariat haqqında Təlimatın 113 -161 maddələrində yuxarıda qeyd edilən maddələrin izahı və tətbiq etmə qaydası öz əksini tapmışdır.
    Təcrübə göstərir ki, birgə nigah dövründə ər-arvadın ümumi birgə mülkiyyətində olmuş əmlak üzrə mirasın qəbulu zamanı bəzən vərəsələr arasında anlaşılmazlıqlar meydana çıxır. Bir çox vərəsələr elə hesab edirlər ki, miras qoyanın adına rəsmi qeyd edilən əmlak birgə nigah dövründə əldə olunub-olunmamasından asılı olmayaraq bütövlükdə vərəsəliyin obyektidir. Əslində isə sağ qalan ər və ya arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almaq hüququ vardır. Qeyd edilməlidir ki, bu halda şəhadətnamə ümumi əmlakın yarısına verilir. Vərəsəlik işi açılarkən miras əmlakdan həmin hissə çıxıldıqdan sonra yerdə qalan hissə miras əmlak hesab olunmalıdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
    Onu qeyd etmək lazımdır ki, vərəsələrə mirasın qəbulu və onun qəbulundan imtina edilməsi qaydalarının düzgün tətbiq olunması vətəndaşların əmlak hüquqlarının qorunmasına təminat verir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ