Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün biz dirçəldilən Şuşanı görürük

    "Azərbaycan tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə başladı. Bu gün bu reallıq beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan təkmil dirçəliş modelini təqdim edir."
    Bunu "atributinfo.az" a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib. O, əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimiz müasir dövrün tələbləri əsasında yenidən qurulur. Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə diqqətdədir. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülür:
    "Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Birinci mərhələnin başa çatmasına qədər reallaşacaq hədəflər daim açıqlanır və onların icrası istiqamətində mühüm addımlar atılıb, bu gün də atılır. Dövlət başçısı İlham Əliyevin mayın 10-da Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfəri bu məqamlara bir daha aydınlıq gətirdi. Təkcə bir səfər çərçivəsində neçə-neçə sosial obyektin açılışı, təməlqoyma mərasimi keçirildi, görülən işlərlə tanışlıq oldu. Şuşa şəhərində görülən işlərin fonunda ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuğun aydın mənzərəsi yaradıldı. Dövlət başçısı İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşündə böyük qürur hissi ilə bildirdi ki, 32 ildən sonra dogma Şuşaya qayıdırsınız."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ