Anım mərasimi şəhidimizin dəfn olunduğu Saatlı şəhərində baş tutub.
Şəhidimizin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Xalid Nəciyevin məzarı önünə tər gül dəstəsi qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad edilib.
Vətən müharibəsi şəhidi Xalid Nəciyevin məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdıraraq bu kateqoriyadan olan insanlara göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların qayğıları həmişə olduğu kimi, bu gün də Saatlı Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Bu ailələr bundan sonra da daim Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onun valideynlərinə və yaxınlarına ehtiramını bildirən Elmir Bağırov vurğuladı ki, Vətənimizin hər qarış torpağı uğrunda mücadilə və mübarizələrə atılan, bu şanlı və şərəfli yolda şirin canlarını qurban verən qəhrəman şəhidlərimizin hər birinin xatirəsi qəlbimizdə əbədidir, unudulmazdır. Xalid qardaşımız da şəhidliyiylə tarix yazaraq tariximizdə əbədiyyən qalır.
Milli-mənəvi birliyimiz, Xalid kimi Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Xalid qardaşımızın timsalında ana Vətənimizin yolunda canını qurban verənlər həmişə qəlbimizdə yaşayır və bundan sonra da daim yaşayacaqdır!
Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998–2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı.
Xalid Nəciyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "III dərəcəli Rəşadət" ordeni ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xalid Nəciyev “Qubadlının azad olunmasına görə” medalı ilə tətif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Bəradər Səməndərli
"Atributinfo.az"
