Vətən müharibəsində qəhrəmancasına şəhid olan Saatlı rayonun Dədə Qorqud kəndindən olan Həsənli Amid İsaq oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Oktyabrın 30-da Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin 3-cü ildönümü mərasimində iştirak ediblər. Şəhid Həsənli Amid İsaq oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
"Atributinfo.az" məlumat üçün bildirir ki, Vətən müharibəsi şəhidi Həsənli Amidin məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Elmir Bağırov vurğuladı ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişlər.
Amid Həsənli 1996-cı il yanvarın 21-də Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Amid Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Həsənli Füzuli döyüşləri zamanı şəhid olub. Saatlı rayonu Dədə Qorqud kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Allah şəhidlərimizə rəhmət eləsin! Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Bəradər Səməndərli
"Atributinfo.az"
