Bəli, şəhərimiz güllər şəhərinə çevrilib. Hər tərəf al-əlvandır. Sanki rəssamın fırçası ən gözəl rəngləri seçib bu yerləri boyayıb. Təzə-tər, rəngarəng güllər, yaşıl otların arasından boylanan çiçəklər hər kəsin zövqünü oxşayır. Bu gözəlliklərə baxdıqca doymaq olmur. Güllər heyrətamiz, sevimli mənzərə yaradır. Mərkəzi küçələrdə, parklarda, istirahət məkanlarında bu zəriflik nümunələri şəhər sakinlərinin, bura gələn qonaqların könlünü oxşayır.
Dünyanı həm də çiçəklər xilas edəcək. Bəli, çiçəklər, güllər Sumqayıtımızı gözəlləşdirir, ətrafa xoş rayihə bəxş edir. Belə xariqənin yaranmasına sevinirsən. Bir yandan ana təbiət, bir yandan insan əlləri gülüstan şəhərimizə sığal çəkir. Dəniz mehli, həyat eşqli musiqi dinləyirsən güllərin, çiçəklərin əhatəsində. Mükəmməl istirahət yeridir tükənməyən arzusu, kamı olan Sumqayıtım.
Bir sözlə, bu gözəlliklərin təməlində isə doğma şəhərimizə, Vətənmizə, torpağımıza olan sevgimiz, məhəbbətimiz dayanır.
İlhamə Məhəmmədqızı
"Atributinfo.az"
