Azərbaycan müstəqillik qazandığı zaman bu xalqın övladları dövlətimizin sərhədlərinin, torpaqlarının və müstəqiliyimizin qorunması yolunda heç bir zaman qanını və canını əsirgəməmişlər. Könüllü dəstələr şəklində birləşərək Vətənin müdafiəsinə xidmət etmişlər. Nizami Ordumuzun yardılması üçün əsas və ilkin təşəbbüskarlıq Ümummillli Liderimiz Heydər Əliyevə məxsusdur. Onun göstərişləri əsasında orduda həyata keçirilən dəyişikliklər, islahatlar nəticəsində erməni faşistlərinin və onun havadarlarının torpaqlarımıza etdikləri hücum əməliyyatları dayandırıldı, ilk dəfə olaraq əks-hücum planları işləndi, hazırlandı və həyata keçirildi. Ordumuz daimi müdafiə taktikasından hücum taktikasına keşməyə başladı.
Azərbaycan dövlətinin və dövlət başçılarının – həm Ümummilli Liderimiz Heydər Əliyevin, həm də Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindən biri və ən başlıcası ordu quruculuğu sahəsidir. Görülən işlər, aparılan islahatlar nəticəsində könüllü dəstələr nizami orduya, həm də Qafqazın ən güclü ordusuna çevrilmişdir. Bu gün Azərbaycan xalqı öz Ordusu ilə fəxr edir və sərhədlərinin toxunulmazlığını, müstəqilliyini bu orduya etibar edir.
Ordumuz bir daha sübut etdi ki, çəkilən xərclər, təlimlərdə tökülən tərlər yersiz deyil və nə qədər önəmlidir. Xalqımızın və Möhtərəm Prezidentimizin güvənc yeri olduğunu, bu etibarı qanı ilə, canı ilə doğrultduğunu sübut etdi Ordumuz! Prezidentimiz hər bir əsgərin onun üçün necə dəyərli olduğunu, Vətən uğrunda canını qurban verən şəhidlərin necə dəyərli və uca olduqlarını, şəhid ailələrinə öz əzizləri kimi dövlətin sahib çıxmasını, arxa-dayaq olmasını, təskinlik verilməsini sübut və bəyan etdi cahana – dosta, düşmənə.
Bu yüksək dəyərlərin nəticəsində Xalq koronavirus deyilən bəladan çəkinmədən küçələrə, meydanlara axışdı, öz prezidentinə, əsgərinə, şəhidinə və şəhid ailələrinə, doğmalarına həmrəylik nümayiş elətdirdi. Dünyanın bir çox yerlərində azərbaycanlılar Vətənin dar günündə birləşməyi bacardılar, sayının çoxluğundan-azlığından asılı olmayaraq lazımi cavab verildi erməni faşizminə və onu dəstəkləyən güclərə. Dünya Dövlətimizin, Prezidentimizin, Ordumuzun və Xalqımızın gücünə və birliyinə şahid oldu. Yaşasın Qüdrətli Prezidentimiz, Qələbələrə layiq olan Güclü Ordumuz və bu dəyərlərə, bu irəliləyişə qiymət və dəstək verməyi bacaran Xalqımızın birliyi – Üçlüyü! Allah bu birliyi yaradan, yaşadan və qorumağı bacarıb bizə əmanət verən şəhidlərimizə rəhmət eləsin!
Orxan Məmmodov
"Atributinfo.az"
Saatlı rayonu
