Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda ölüm cəzasının ləğvindən 25 il ötür

    "Azərbaycanda ölüm cəzasının ləğvi bu cəzaya məhkum olunmuşların vəziyyətini yüngülləşdirib və humanist addım kimi qiymətləndirilməlidir" "Atributinfo.az" xəbər verir ki, bu sözləri Əli İbrahimov deyib
    O, əlavə edib ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi. ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır. Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. "Məlum qərara görə, cinayət edənədək on səkkiz yaşına çatmayan şəxslərə və qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında on beş ildən çox, lakin iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası bütün cəza müddətində həbsxanada saxlanılmaqla təyin olunur. Ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Bu barədə qərar qəbul edən hakimlərdən biri xüsusi rəydə qalarsa, şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz.
    Azərbaycanda bu cəzaya məhkum olunmuşlar Qobustan Qapalı Həbsxanasında cəza çəkir. Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum olub. Qeyri-rəsmi məlumatlara görə, hazırda onlardan 80 nəfərə yaxını həbsxanada cəza çəkir."-Ə. İbdahimov deyib.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ