Anamızın kiçik bacısı Gövhər xalamız bizə gələndə evdə toy-bayram olardı. Xasiyyətcə çox şən, zarafatcıl olan Gövhər xalamızla anamızın başına yığışar, onların doğma kəndləri, məktəbləri, müəllim və sinif yoldaşları, rəfiqələri barədəki duzlu-məzəli söhbətlərini dinləməkdən yorulmaz, zarafatlarına ürəkdən gülərdik, ahıl yaşlarına qədər unutmadıqları (unutmaq istəmədikləri) uşaqlıq xatirələrinin xoş təəssüratlarına ortaq olardıq. Anamız həmişə o yerlərin özləmini çəkərdi, tez-tez gənclik illərində işlədiyi kənd kitabxanasından, yaxın rəfiqələri Əzizədən, Valyadan söhbət açardı. Həyətyanı sahələri qalsa da, qızlar ailə qurduqdan sonra baxımsızlıqdan evləri uçulub dağılmışdı. Xalam hərdən ailəsi ilə o kəndə gedib gəlsə də, anamın xatirələrindən və xalamın kənddən gətirdiyi söz-söbətlərdən başqa, o kəndlə uzun müddət əlaqəsi olmamışdı. Yalnız son illər bir neşə dəfə bacılarla doğma yurd yerinə bir yerdə getmək qismət olmuş, övladlarının əhatəsində o yerləri, indi qurumuş çay kənarını, dağ ətəyini, atalarının yurd yerini gəzmiş, bu vaxtadək həyatda qalmış həmyaşıdları ilə görüşüb, söhbət etmək onlara qismət olmuşdur. Anamızın o zaman evlərinin qarşısında olan və indi də yerində olan, həmişə “suvenir dağ” dediyi, bir zamanlar qonşu uşaqları ilə çıxıb, çal-çağır etdikləri hündür təpəyə, yanında olsaq da, “özüm çıxacam” deyib, yardımsız çıxaraq təpənin üstündə xeyli oturub, günün batmasına tamaşa etməsi hələ də gözümüzün önündədir. Qardaş dedikləri, bir evin uşaqları kimi bir yerdə böyüdükləri Fazil müəllimi (indi o da dünyasını dəyişib), gəlinimiz dedikləri Gözəl xanımı, qonşu qızı Miriyyəni, artıq dünyasını dəyişmiş, biz gördüyümüzdə isə saç-sağğalı ağarmış Ağalar dayını görəndə anamın sevincini, uşaqlaşmasını görmək bir ayrı tamaşa idi. Ağalar dayı da anamla xalamı görəndə kövrəlib ağladı, öz uşaqları ilə birgə ona da həmişə lavaşın arasına yağ-pendir, şor qoyaraq, dürmə edib verən Nəcmə ananı xatırladı.
Deyirik, nə yaxşı ki, anamız ömrünün son illərində həmişə özləmini çəkdiyi o doğma yerlərə getdi, o insanlarla görüşə bildi. Vaxtilə atasının əli ilə əkilmiş, hələ də ayaqda duran, mövsüm vaxtı budaqlarının arasına sərçə kimi doluşan, əlləri və üzləri qırmızı şirə olmuş kənd uşaqlarının sevimlisi, qocaman xar tutun meyvəsindən yemək ona da qismət oldu. (Biz də özümüzü o zövqdən məhrum etmədik, əllərimiz dirsəyə kimi tutun şirəsinə bulaşdı)
Anamız zəhmətkeş qadın olub, beş övladını halal zəhmətlə böyüdüb, bizə daim doğruluğu, dürüstlüyü, halallığı, əzmlı olmağı, böyüklərə hörmət etməyi təlqin edib. Evimzdə uşaqlıqdan müxtəlif nağıl kitabları, “Göyərçin”, “Pioner” “Elm və həyat”, “Ulduz” jurnalları, müxtəlif qəzetlər olurdu. Yaxşı kitabxanası vardı, kitab oxumağı sevirdi, şəkil çəkirdi bəzən də şeir yazırdı. Əlyazmaları vardı. Yaşadığımız Hövsan qəsəbəsinin ictimai həyatında gözə çarpmadan iştirak edirdi. Qəsəbəmizin məktəblərində müəllim kollektivi ilə görüşüb, təlim-tərbiyə işləri ilə bağlı məsləhətlər verirdi, yazılar təqdim edirdi. Dəfələrlə onu qadınlar şurasına dəvət etmışdilər, iştirak etmişdı. Telejurnalist Mailə xanım Muradxanlı ilə bir necə dəfə görüşmüş, fikirlərini bölüşmüşdü, əlyazmalarını göstərmişdi. Dəfələrlə onu verilişə dəvət etmək istəmişdi Mailə xanım, lakin anamız üçün önəmli olan dünyanın, insanların gözəlləşməsi idi, özünün məşhur olması deyildi.
Bizə və ətrafımızdakı yoldaşlarımıza təbiəti sevməyi, qorumağı, suya qənaət etməyi, insanlara statuslarına görə fərq qoymamağı və başqa bu kimi, əslində çox dəyərli olan fikirləri aşılayırdı daim. Bayramlarda beşinci mərtəbədən birinci mərtəbəyə kimi, millət (rus, tatar, azəri) fərqi qoymadan iri nimçələrdə bayram plovu və şirniyyatını birinci qonşulara göndərərdi, sonra bizim üçün çəkərdi. Mərd, gözü tox, qürurlu, vüqarlı, kişi qeyrətlı, mərhəmətli qadın idi anamız. Elin anası idi anamız. Bizim yoldaşlarımızın da anası idi anamız. Anamızın dünyasını dəyişməsi onları da üzdü, “can Hənifə xala” deyərək, kədərimizə şərik oldular, yanımızda oldular. Sağ olsunlar.
Ana haqqı böyükdür, bu haqqı verib, bitirmək olmaz. Özləmini çəkəcəyik həmişə. Əziz anamız, öz əbədi dünyana köç etdin. Aramıza bir nəfəs qədər yaxın, qərinələr qədər uzaq bir zaman, tük qədər incə, kainat qədər erişilməz məsafələr, sədlər girdi. Amma sən həmişə yanımızda, yörəmizdə olacaqsan. Əlinin, nəfəsinin dəydiyi hər yerdə olacaqsan. Sözümüzdə, söhbətimizdə, izlərini buraxdığın qəlbimızin ənginliyində olacaqsan. Bu gün əlimiz çatan yalnız sənin üçün dua etməkdır. Allahın Rəhməti, Nuru üzərinə olsun, Ana! Məkanın Cənnət olsun! Haqqını bizlərə halal et.
Beş övladının adından:
Zeynəb Camaləddin
