Sizin reklam burada
Sizin reklam burada
  • Vəsiyyətnamənin təsdiq edilməsi

    Vəsiyyətnamənin təsdiq edilməsi Rəna Dadaşova,
    Bakı şəhəri 36 saylı Notariat Ofisinin xüsusi notariusu

    “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə notariuslar tərəfindən aparılan notariat hərəkətlərindən biri də vəsiyyətnamələrin təsdiq edilməsidir.
    Bəs vəsiyyətnamə nədir?
    Vəsiyyətnamə-fiziki şəxsin ölməsi halı üçün özünə məxsus olan əmlakı barəsində qanunla müəyyən olunmuş yazılı formada tərtib etdiyi xüsusi sərəncamdır.
    Qeyd etmək lazımdır ki, yalnız öz hərəkətləri barəsində mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxslər vəsiyyət edə bilərlər.
    Vəsiyyətnamə bir tərəfli əqd olduğundan, vəsiyyət edən özünə məxsus olan əmlakın hamısını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlar sırasından şəxslərə, həmçinin, dövlət və bələdiyyə orqanlarına, hüquqi şəxslərə vəsiyyət qoya bilər.
    Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin paylarını müəyyənləşdirə bilər və ya vəsiyyətnamədə hansı əmlakın hansı vərəsəyə verildiyini qeyd edə bilər.
    Bununla yanaşı, vəsiyyət edən vəsiyyətnamə ilə heç bir səbəb göstərmədən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum etmək hüququna malikdir və bunu əsaslandırmağa borclu deyil.
    Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da qanun üzrə vərəsə ola bilməz.
    Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtib edilməsinə qanunvericiliklə yol verilmir.
    Eyni zamanda vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə hazırlanması da qanuna ziddir. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib etməsi mümkündür ki, bu vəsiyyətnamə ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.
    Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1179-cumaddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Vəsiyyətnamənin notariat formasının tələblərinə görə vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməli, imzalamalı və notarius, notarius olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilməlidir.
    Vəsiyyətnamə qanunla müəyyən edilmiş hallar istisna olmaqla şəxsən vəsiyyət edən tərəfindən imzalanmalıdır. Əgər şəxs cismani qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə vəsiyyətnaməni özü imzalaya bilmədikdə vəsiyyətnaməni onun xahişi ilə başqa fiziki şəxs vəsiyyət edənin iştirakı ilə notariusun və ya notariat hərəkətini aparan digər vəzifəli şəxsin yanında imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi vəsiyyətnamənin təsdiq qeydində göstərilməlidir.
    Eyni zamanda vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazılmasına da yol verilir. Bu halda vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Bu qaydada yazılmış vəsiyyətnaməni vəsiyyət edən oxumalı, notariusun və şahidlərin yanında imzalamalıdır.
    Vəsiyyətnamə bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu bir tərəfli əqd olduğundan, vəsiyyət edən istənilən vaxt əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən, yaxud dəyişdirən yeni vəsiyyətnamə tərtib etməklə, notariat orqanına ərizə verməklə və vəsiyyətnamənin bütün nüsxələrinin özü və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə dəyişdirilə və ya ləğv edilə bilər.
    Həmçinin Mülki qanunvericiliklə vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları da müəyyən edilmişdir.
    Belə ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə, vəsiyyət edilmiş yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə və vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə vəsiyyətnamə qüvvədən düşmüş sayılır.
    Mülkiyyət hüququ subyektin ona mənsub əşyaya, əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
    Bu baxımdan qanuni əsaslarla fiziki şəxs ona mənsub olan əmlaka öz istəyi kimi sərəncam vermək, o cümlədən onu vəsiyyət etmək hüququna malikdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ