Dünya tarixində insanlığın endiyi və ucaldığı hallar çox olub. Bu dəyişmələrə bəzən bir ömür yetmir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, həyat davam edir. Hər cür ədalətsizliklərin müvəqqəti qələbəsi ağllı insanları çaşdırmamalıdır. Cəmiyyətdə haqqa tapınan, onu müdafiə edən, öz xeyirxah əməlləri ilə nümunə göstərənlər təmiz və mütərəqqi adamlar da az deyil. Belələrini görəndə insanın qəlbində tərkidünyalıqdan əl çəkib, cəmiyyətin xeyirxah, fəal üzvünə çevrilmək istəyi güclənir.
Tarixi vərəqlədikcə agah olursan ki, bəşəriyyət tarixində məhz, küfrlərə bac verməyən ədalət həyatı çökməyə qoymayıb. Unutmayaq ki, həyat haqsızlıqlar özülündə deyil, haqla haqsızlığın mübarizəsi və nəticə etibarilə haqqın zəfər təntənəsi üstündə qurulub.
Bütün insanlar ömrünün az-çoxluğundan asılı olmayaraq bir iz, bir ad qoyub köçürlər dünyadan. Yaxşısı-pisi hərənin öz ixtiyarındadır. Xoşbəxt o kəslərdir ki, əməlləri xalq tərəfindən bəyənilərək qiymətləndirilir. Belələrindən biri də Saatlı rayonunda çox böyük nüfuz sahibi olmuş və 4 ay bundan öncə əbədiyyətə qovuşmuş, dünyasını dəyişmiş Mirnazim Ağayevdir (el arasında ona Hacı Mirfateh deyirdilər).
Sağlığında aramızda saf və səmimi hisslərə söykənən bir dostluq yaranmışdı. Hər dəfə onunla söhbət edərkən, sanki seyidi yenidən kəşf edirdim, ürəyimdə Hacını insanlığa nümunə kimi dəyərləndirirdim.
Yeri gəlmişkən, oxuculara xatırladım ki, Hacı Mirnazimlə hələ sağlığında ikən, müqəddəs Həcc ziyarətindən qayıdarkən, səfər təəssüratları ilə bağlı “Atribut”da bir müsahibəm dərc olunmuşdu. Ötən il dekabrın ortalarında qəfil əcəl onu yaxalayanda isə bərk mütəəssir olmuşdum və öz pərişanlığımı,üzüntümü qələmə aldığım bir essedə ifadə etmişdir. Həmin yazının sonunda bu böyük insana həsr etdiyim “Saatlının böyük ağsaqqalıydın” sərlövhəli bir şeirim də var idi. Həmin şeirdən cəmi bir bəndi təkrar da olsa oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm:
Səxavət ağacdısa, gövdəsiydin,
Əlsiz-ayaqsızların kölgəsiydin.
Sən Tanrının seçilmiş bəndəsiydin,
Nə yaxşı ki, yaranmışdın, varıydın,
Saatlının böyük ağsaqqalıydın.
Hər bölgənin, hər elin, hər obanın bir ağsaqqalı olur. Gerçəkdən belə adamları Tanrının seçilmiş bəndəsi adlandırmaq doğru olardı. Məsələn, Mirmöhsün ağanı bütün Bakı (eləcə də Azərbaycan), Seyid Sadığı cənub zonası, Seyid Lazım ağanı, Mir Yusif ağanı isə Qarabağ bölgəsi inanc yeri kimi qəbul etmişdilər. Hacı Mirnazim ağanın atası mərhum Mirəziz ağa da bu qəbildən ağır Seyyid ocağı, el ağsaqqalı idi və onun mərhəmətli yolunu, missiyasını layiqincə davam etdirmək Hacı Mirnazim (Hacı Mirtaleh) ağaya görünür nəsib olmuşdu. Saatlı camaatı onu nümunəvi, ziyalı, xeyriyyəçi iş adamı, el ağsaqqalı kimi qəbul edirdi. Əlbəttə, xalq hər adamı belə qəbul etmir, yalnız düzlük, təmizlik, xeyirxahlıq və digər mühüm keyfiyyətlərə malik insanlar həmin missiyanı daşımağa layiq görülürlər.
Mən özüm də o bölgədən olduğum üçün yolum tez-tez Saatlıya düşür. Düşünəndə ki, artıq Hacı Mirtalehi görməyəcəyəm, onunla munis söhbətlər daha olmayacaq, xeyli dərəcədə mütəssir oluram. O mühitə baş çəkəndə yeri açıqdan-açığa görünür. O yer ki, yalnız və yalnız seyidə məxsus idi və bu da həm də yüksək təqvası ilə, "Əhli-beyt" aşiqi olması ilə layiq idi. Bu birq həqiqətdir ki, kimsə onu bir daha əvəz edə bilməyəcək. Baxmayaraq ki, bu nəsildə kifayət qədər nümunəvi, xeyirxah insanlar indi də var. Onlardan biri də Hacı Mirtaleh adanın digər qardaşı Hacı Mirata ağadır. Sözünün, əməlinin ağırlığı, çəkisi ilə çoxlarına nümunə olan bu nəcib insan, ünlü ziyalı eyni zamanda başçılıq elədiyi kollektivin sevimlisi, yol göstərənidir Hacı Mirata ağa. Əlbəttə, bu barədə növbəti yazılarımda söz açacağım şübhəsizdir.
Bugünkü təsəllim isə odur ki, Hacı Mirnazim (Hacı Mirtaleh) kimi insanlar cismən aramızdan getsə də, yüzlərin, minlərin qəlblərində yuva qurublar. Onun barəsində hələ çox deyiləcək, çox yazılacaqdır. Çünki bu seyidi tanıyanların hər birinin ürəyində bir Hacı Mirnazim heykəli var, bir insanlıq nümunəsi kök salıb.
Sədi Şirazinin “Gülüstan” əsərində oxuyuruq: “Böyük ruhani başçılarından birinin oğlu öldü. Soruşdular ki, qəbir daşının üstünə də yazaq?
Dedi: Quran ayələrinin izzət və hörməti daha yüksək olduğundan rəva deyil ki, belə yerlərə yazılsın, çünki zaman keçdikcə pozulub gedər, camaat onu tapdalayıb keçər, ya da üzərində bir it xarablıq edər. Əgər bir şey yazmaq zəruridirsə, bu beyt bəsdir:
Bostanda bitəndə yamyaşıl otlar,
Şadlıqdan ürəyim əsərdi tir-tir.
Gəl ey dost, indi gör bahar çağında,
Necə qəbrim üstə yaşıl ot bitir.
Hacı Nazim haqq dünyasına qış fəslində qovuşdu, nur içində yatsın, yeri behiştlik olsun. İndi yurdumuza bahar ətri gəlir, ağaclar çiçəkləyir, torpaq yaşıl örpəyə bürünür. Bax, elə bu duyğular altında da oxuduğunuz sətirləri qələmə aldım. Yazdıqlarımı mənə ürəyim diqtə elədi və o gözəl insanı xatırladım.
Saleh əməllər, xeyirli işlər hamı görə bilər. İmkanlı adamlar bəzən bunu ya məcburiyyət qarşısında qalaraq və ya el gözü, el sözü xatirinə edirlər. Belə olan hallar müvəqqəti an kimi ötüb keçir. Yalnız ədəb və mərifət, mərhəmət sahiblərinin bütün əməlləri xeyirxah, Allah bəyənən və daimi olur.
Ruhun şad olsun Hacı Mirtaleh ağa. Uca Yaradan məkanını CƏNNƏT qərar versin!
P.S. Xatırlatmaq istərdim ki, Hacı Mirtaleh ağanın özündən sonra yolunu davam etdirəcək iki qızı bir oğlu var. Qızlarından Leyla xanım dil-ədəbiyyat müəlliməsidir. Digər qızı Zəhra xanım isə Azərbaycan Tibb Universitetində təhsil alır. Oğlu Mirhəşim Saatlıda kifayət qədər hörmət qazanmış ata ocağının layiqli davamçısıdır. Şəkildə ağanın qucağında əyləşən isə Zeynəb nəvəsidir. Allah hər birini xoş taleli eləsin!
Bəradər SƏMƏNDƏRLİ
