Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının strateji zirvəsidir

    2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində mühüm mərhələdir. Bu sənəd iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirməklə yanaşı, regional təhlükəsizlik, siyasi əməkdaşlıq, iqtisadi inteqrasiya və hərbi tərəfdaşlıq baxımından yeni strateji reallıq formalaşdırıb.
    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
    Deputat qeyd edib ki, Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanması dərin siyasi və mənəvi məna daşıyır. Bu sənəd Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələyə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi.
    “Şuşa Bəyannaməsi iki dövlət, bir millət prinsipinin ən yüksək siyasi ifadəsidir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu sənədlə yalnız dostluq və qardaşlıq çərçivəsində deyil, həm də müttəfiqlik səviyyəsində təsbit olundu. Bu, regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi baxımından mühüm tarixi hadisədir”, - deyə deputat vurğulayıb.
    Bildirilib ki, Bəyannamə siyasət, müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil və informasiya sahələrində əməkdaşlığı əhatə edir. Bu sənəd iki ölkənin strateji maraqlarının uyğunluğunu, qarşılıqlı etimadın yüksək səviyyəsini və ortaq gələcəyə baxışını əks etdirir.
    Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və regionun iqtisadi inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi, Orta Dəhliz və digər nəqliyyat-kommunikasiya layihələri Azərbaycanla Türkiyə arasında əlaqələri daha da gücləndirməklə yanaşı, bütövlükdə region üçün yeni imkanlar yaradır.
    “Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik hər iki dövlətin iqtisadi, siyasi və hərbi gücünü artırır. Bu əməkdaşlıq Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına, bölgədə davamlı sülhün təmin olunmasına və inteqrasiya proseslərinin dərinləşməsinə xidmət edir”, - deyə parlamentari bildirib.
    O, əlavə edib ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı yardım məsələlərinin əks olunması xüsusi tarixi əhəmiyyətə malikdir. Bu, hər iki ölkənin milli təhlükəsizliyinin qorunması, ordular arasında əlaqələrin möhkəmləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əsas yaradır.
    Sonda vurğulanıb ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin birgə iradəsinin, qardaşlığının və strateji baxışının rəmzidir:
    “Bu sənəd yalnız bugünün deyil, gələcəyin də yol xəritəsidir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, ortaq maraqların müdafiəsində qətiyyətli mövqeyi və bölgədə yeni əməkdaşlıq imkanlarını ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da regionda sülhə, sabitliyə və inkişaf proseslərinə mühüm töhfə verəcək”, - deyə qeyd olunub.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ