Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
Son 30 ildə torpaqlarımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ildə ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunması ilə taclandı və beləliklə də bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımların qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Lakin, bunlara baxmayaraq biz qan yaddaşımızı, tarixdə Azərbaycan xalqına qarşı tutulmuş divanları, törədilmiş soyqırım aktlarını unutmamalı, bu faciələrin yeni, gənc, vətənpərvər ruhda yetişən nəsilə çatdırılmasında hərtərəfli fəaliyyət göstərməli, eyni zamanda tariximizdə, ədəbiyyatımızda, folklorumuzda, bütövlükdə mədəniyyətimizdə hər zaman bu işlərə yer verməli, bu tarixi nəsildən-nəsilə ötürərək xalqımızın belə faciələri yaşamasına bir daha yol verməməliyik.
İkinci Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilmişdir. Almanların Yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilmişdir. Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam etmiş və Azərbaycanın tarixində də qanlı yaraya çevrilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən biri də məhz Xocalı soyqırımıdır. 34 il əvvəl, 1992-ci ilin fevral ayında törədilmiş soyqırım zamanı insanlarımız heç bir əxlaqa sığmayan işgəncələrə məruz qaldılar, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə taptalandı. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərib.
Artıq Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Bir tərəfdən qəhrəman övladlarımızın şücaətindən bəhs edərək şəhidlərimizin ruhunu şad edir, onların adlarının əbədiləşdirilməsini həyata keçiririk, digər bir tərəfdən isə işğaldan azad edilmiş torpaqlarımıza “Boyük Qayıdış”a şahidlik edirik. Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş Xocalılar qürurla, fəxarətlə öz evlərinə qayıdırlar.
Görülən işlər çərçivəsində 26 fevral 2024-cü il tarixində Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması həmin facisədə dünyasını dəyişmiş soydaşlarımıza bütün Azərbaycan xalqının ehtiramının təzahürü idi.
Bu il isə 26 fevral tarixində Prezident İlham Əliyevin iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışının keçirilməsi xalqımızın qan yaddaşının əbədiləşdirilməsi və tarixi ədalətin tam bərpası yolunda atılmış ən mühüm addımlardan oldu. İki il öncə dövlət başçısının iştirakı ilə təməli qoyulan bu kompleksin bu gün məhz azad edilmiş Xocalıda istifadəyə verilməsi Azərbaycan dövlətinin sarsılmaz iradəsinin və şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzun yerinə yetirilməsinin bariz nümunəsidir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində bu gün də davamlı olaraq addımlar atılmaqdadır. Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, xüsusilə Heydər Əliyev Fondu yarandığı ilk gündən bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı fəaliyyət aparıblar. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Xocalıya ədalət!" hərəkatı son 20 il ərzində dünyanın dörd bir yanında simpoziumlar, konfranslar və təqdimatlar keçirərək erməni təbliğat maşınının yalanlarını ifşa etmişdir.
Ermənistan dövləti və onun havadarları bu qanlı faciəni ört-basdır etməyə, hətta Azərbaycanın özünü günahlandırmağa çalışsalar da, görülən işlər nəticəsində artıq 20-yə yaxın ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımışdır. Bu proses həm hüquqi, həm də siyasi müstəvidə Azərbaycanın haqq səsini dünyaya duyurmuşdur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ədaləti biz özümüz təmin etdik. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində qazanılan şanlı Zəfər, Xocalının azad edilməsi və nəhayət, müharibə cinayətkarlarının Bakı şəhərində məhkəmə qarşısına çıxarılması ədalətin tam təntənəsidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm hərbi qələbə qazanmış, həm ərazi bütövlüyünü tam bərpa etmiş, həm də əli xalqımızın qanına batmış quldurları ədalət məhkəməsinə təslim etmişdir. İşğal dövründə bizə edilən bütün təzyiqlərə, "reallıqla barışın" çağırışlarına baxmayaraq, dövlətimizin əyilməz iradəsi və ordumuzun rəşadəti böyük Zəfərimizi təmin etdi.
Bu gün artıq “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə daha çox insanların məskunlaşması üçün iş yerlərinin, elm, təhsil, mədəniyyət, iaşə infrastrukturlarının qurulmasına xüsusi diqqət ayrılır. Bu məcrada cənnətə çevrilən Qarabağımızın hər bir şəhərində xüsusi abidə komplekslərinin yaradılması tarixi Zəfərimizin yetişməkdə olan yeni nəsil üçün daha yadda qalan olunmasını ortaya qoyacaqdır.
Beləliklə, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı bir daha göstərdi ki, müdrik xalqımız öz tarixini unutmayacaq, hər zaman güclü olacaq, bir daha belə faciələrin təkrarlanmasına imkan verməyəcəkdir, müstəqiı Azərbaycan dövləti isə nəinki Cənubi Qafqazda, bütün dünyada xalqlar üçün sülhün və ədalətin ən böyük carçıısı olacaqdır.
