YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri
Məlum olduğu kimi, Azərbaycan BRICS ölkələri ilə əməkdaşlığını dərinləşdirmək istiqamətində addımlar atır. Yeri gəlmişkən, Prezident cənab İlham Əliyevin Rusiyanın Kazan şəhərində BRICS ölkələrinin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək üçün ora dəvət edilməsi də əslində Azərbaycan arasında əlaqələrin getdikcə daha da sıx inkişaf etməsinin göstəricisidir. BRICS ölkələrinin miqyasına baxsaq, görərik ki, bu ölkələrin hər biri ilə Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr mövcuddur. Həm ikili, həm regional, həm də qlobal müstəvidə bu əlaqələr inkişaf edir. Məsələn, Çin "Bir kəmər, bir yol" layihəsində, Orta Dəhlizdə həm də ikili iqtisadi əlaqələrin mövcudluğu, eyni zamanda BMT çərçivəsində ölkəmizlə sıx əməkdaşlığa malikdir. Rusiya isə qonşu dövlətdir, iqtisadi, siyasi, mədəni əlaqələrimiz var. Yəni Moskva ilə əlaqələr də artan xətt üzrə davam edir. Eyni zamanda Latın Amerikası ölkəsi olsa da, Braziliya ilə əlaqələrimiz həm diplomatik səviyyədə, həm siyasi səviyyədə inkişaf mərhələsindədir. Cənubi Afrika Respublikası, Hindistan, İranla da əlaqələr mövcuddur. BRICS ölkələri əhali, ərazi və iqtisadi potensial baxımından dünyanın təqribən 45 faizə qədərini əhatə edir. Bu isə böyük bazar deməkdir. Yəni BRICS-də olmaq Azərbaycan üçün bu üstünlükləri ortaya qoyur. Əgər Azərbaycana qarşı hər hansı bir qərəz baş verərsə, Qərb ölkələri tərəfindən sanksiya tətbiq edilərsə, biz Çin, Rusiya, Hindistan bazarına, eyni zamanda digər BRICS-ə daxil olan ölkələrin bazarlarına çıxış əldə etməklə iqtisadi vəziyyətimizin stabil saxlanmasını həyata keçirə bilərik. Nəinki iqtisadi vəziyyəti stabil saxlaya bilərik, hətta inkişafı daha da sürətləndirə bilərik. Çünki elə Çinlə Hindistan ikisi bir yerdə, üç milyard əhalinin yaşadığı ölkədir. Bu da kifayət qədər böyük bir rəqəmdir. Azərbaycanın həm Hindistan, həm də Çinlə bir milyard manatın üzərində ticarət dövriyyəsi var.
Beləliklə, bu baxımdan BRICS-in böyük əhəmiyyəti var. Hazırda dünyada sürətlə qütbləşmə gedir. Düzdür, Azərbaycan balanslı siyasət yürüdür, amma bununla bərabər, yenə də özünün həm siyasi, həm iqtisadi, həm də hərbi təhlükəsizliyini təmin etməlidir. Ən əsası, ölkəmizin gələcəyi baxımından Azərbaycanın BRICS-lə əlaqələrinin dərinləşdirilməsi çox əhəmiyyətlidir.
