Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

    Yasin Ələsgərov,
    YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının fəal üzvü

    Məlumdur ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi müstəqil Azərbaycanın həyata keçirdiyi siyasətin prioritet istiqaməti kimi ölkənin inkişaf strategiyasında mühüm mərhələ təşkil etmişdir. Müstəqilliyimizin bərpasından sonra nizami ordu kimi formalaşdırılan, müasir texnikalarla təchiz olunan milli ordumuzun hərbi təhsil sistemi də təkmilləşdirilmiş, əsgər və zabitlərin döyüş qabiliyyəti artırılmışdır. Maddi-texniki bazanın ilbəil möhkəmləndirilməsi, bu sahədə irimiqyaslı islahatların həyata keçirilməsi, yeni hərbi hissələrin yaradılması nəticəsində Silahlı Qüvvələrimiz bu gün dünya miqyasında güclü ordular sırasında qərarlaşıb. İkinci Qarabağ müharibəsində bütün dünya ordumuzun bölmələrinin rəşadətinə, qüdrətinə şahid oldu. Qeyd edək ki, ötən əsrin sonlarında Ermənistanın təcavüzkarlığı, ərazi iddiaları nəticəsində torpaqlarının bir hissəsini itirən Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına ciddi səy göstərdi, qarşı tərəfi zəbt etdiyi əraziləri qan tökülmədən, müharibə olmadan geri qaytarmağa çağırdı. Lakin Ermənistan Azərbaycan torpaqları hesabına ərazilərini daha da genişləndirmək məqsədilə ölkəmizlə sərhəddə təxribatlarına, terrorçuluq əməllərinə ara vermədi, münaqişənin həlli ilə bağlı danışıqlar ərəfəsində isə daim vəziyyəti gərginləşdirdi.
    Onu da qeyd edək ki, Müstəqilliyinin ilk illərində respublikamızda hakimiyyətsizlikdən, xaos və anarxiyadan istifadə edərək havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasətini davam etdirdi. Amma bir şeyi unutdu ki, artıq Azərbaycan iqtisadi cəhətdən geridə qalmış, ayrı-ayrı silahlı birləşmələrdən ibarət pərakəndə orduya sahib ölkə deyil, öz müqəddəratını özü həll edə biləcək, heç bir yerdən asılılığı olmayan, müstəqil siyasət yürüdən dövlətdir. Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunun alternativ yolu yoxdur. Nə beynəlxalq hüququn qərar və qətnamələrinə, nə də Azərbaycan dövlətinin düşmənin təxribatlarına, işğal faktına dözmək niyyətində olmadığı ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan məğlub ölkəyə çevrildi. Azərbaycan Ordusu cəmi 44 günə düşmənin bütün xəyallarını alt-üst etdi.
    Yeri gəlmişkən, Dövlətimiz öz torpaqlarını işğaldan azad etməyə əslində 2016-cı ilin aprelində başlamışdı. Belə ki, aprel ayının 1-dən 2-nə keçən gecə və gün ərzində Ermənistan silahlı birləşmələri tərəfindən bütün cəbhəboyu ön xətt mövqelərimiz və yaşayış məntəqələrimiz güclü artilleriya atəşinə tutuldu. Hücumların qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin görülməsi barədə qərar qəbul edildi, qəhrəman ordumuzun əsgər və zabitləri düşmənin təxribatına layiqli cavab verdilər. Döyüşlər zamanı mövcud imkanlarının az bir faizini nümayiş etdirən Azərbaycan Ordusunun bölmələrinin uğurlu əks-hücum əməliyyatları nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində bəzi mövqelərimiz düşməndən azad olunmuş, ümumilikdə 2000 hektardan çox torpağımız ordumuzun nəzarətinə keçmişdir. Azad edilən ərazilərdə yeni mövqelər, mühəndis-istehkamları qurulmalıdır. Azərbaycan Ordusunun bölmələrinin bir neçə saat ərzində geri aldığı mövqeləri ermənilər 3 gün fasiləsiz olaraq əks-hücuma keçsələr də, qaytara bilməmişlər. Düşmən itirdikləri mövqeləri geri almaq məqsədilə aprelin 4-də yenidən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edərək bu istiqamətə əlavə qüvvələr cəlb edib. Lakin düşmənin bütün həmlələrinin qarşısı qətiyyətlə alınmış və geri çəkilməyə məcbur edilmişdir. Döyüşlərin dayandırılması üçün beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciətlər edən Ermənistanın dördgünlük Aprel döyüşlərində 300-dən artıq canlı qüvvəsi məhv edilmiş, 500-dən çox hərbçisi yaralanmış, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra ictimaiyyət qarşısında çıxışı zamanı demişdir: "2016-cı ilin Aprel döyüşləri bizim çox böyük qələbəmiz idi, mənəvi cəhətdən və strateji nöqteyi-nəzərdən. O döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər bizə əlavə imkanlar yaratdı, o cümlədən İkinci Qarabağ müharibəsində uğurlu yürüşümüzə də zəmin yaratdı...".
    Ən əsası, həm mənəvi, həm də strateji cəhətdən mühüm qələbəmiz olan 2016-cı il Aprel döyüşlərində ordumuzun əsgər və zabitləri rəşadət göstərərək Zəfərimizin bünövrəsini qoydular. İkinci Qarabağ müharibəsində böyük qələbəyə aparan yol məhz Aprel döyüşlərindən başladı. Ordumuzun gücünün, vətənpərvərliyinin, xalqımızın birliyinin, ən əsası isə Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün göstəricisi olan Aprel döyüşləri bir daha sübut etdi ki, müstəqil Azərbaycan ərazi bütövlüyünü təmin etməyə qadirdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ