Səristan Səmədov,Bakı şəhəri 20 saylı Notariat Ofisinin notariusu
Şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsi nəticəsində ölkəmizin hərbi-siyasi uğuru, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına 30 il düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.
Müharibənin ilk günündən ədliyyə işçiləri də döyüşlərdə iştirak üçün gözlərini qırpmadan cəbhəyə yollanmış, həmçinin könüllü iştirak edərək böyük fədakarlıqlar nümayiş etdirmiş, döyüşlər davam edən müddətdə və daha sonralar da döyüşçülərimizə, şəhid ailələrinə dəstəklərini əsirgəməmişlər. Eyni zamanda məlumdur ki, bir çox ədliyyə işçisi tamamilə könüllü əsaslarla Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından vəsaitlər köçürüblər. Nazirliyin tibb xidmətinin həkimləri də Vətən müharibəsi dövründə zərər çəkənlərə lazımi tibbi yardım göstərib, ədliyyə orqanlarında mütəmadi olaraq qanvermə aksiyaları keçirilib. Ədliyyə Nazirliyinin əməkdaşları döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə tez-tez baş çəkib, sovqatlar təqdim ediblər. Bu gün haqq savaşı iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər göz önündədir, şəhid ailələri və yaralı hərbçilərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir.
Azərbaycan Respublikası tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmişdir. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış müstəqil dövlətimizin ilk Konstitusiyasının 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilməsi ölkəmizin tarixində ən parlaq səhifələrdən biridir. Konstitusiya qəbul edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar, o cümlədən onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı sahəsində əsaslı tədbirlər görülmüş və bu islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın həyatında yeni bir mərhələ başlandı. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya göstərdi.
AXC 1918-ci ilin 28 mayından - 1920-ci ilin 28 aprelinədək, yəni cəmi 23 ay mövcud olmasına baxmayaraq, mühüm demokratik hüquqi islahatlar həyata keçirdi. Çətin və mürəkkəb tarixi bir şəraitdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan olundu, dövlət quruculuğu sahəsində ciddi tədbirlər görüldü. Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə – 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edilmiş, nüfuzlu ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədov həmin quruma rəhbər təyin olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq edilmişdir.
Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı 11 noyabr 2000-ci il tarixli sərəncamla ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Ölkəmizdə aparılan hüquqi islahatların tərkib hissəsi kimi, Ədliyyə Nazirliyində də son illərdə köklü islahatlar aparılmış, nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər görülmüşdür.
Sonda bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, onlara xidməti işlərində böyük nailiyyətlər, möhkəm can sağlığı, xoşbəxtlik arzu edirəm.
