Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkəmizin bütün bölgələrində hökumət və qeyri hökumət qurumlarının təşkilatçılığı silsilə tədbirlər keçirilir.Ümummilli Liderin həyatın bütün sahələrində, xüsusilə hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işləri xüsusi olaraq qeyd etmək gərəkdir. O dövrdə yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” deyən dahi lider Heydər Əliyevin rəhbərliyi ilə zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı. Ümummilli Lider yeni Konstitusiya layihəsinin hazırlanmasını öz üzərinə götürdü və bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi. 1995-ci ilin noyabrında isə ümumxalq səsverməsi yolu ilə Konstitusiyamız qəbul edildi.
İstisnasız qeyd etmək lazımdır ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi diqqət mərkəzində olub. Konstitusiyanın qəbulu ilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu qazandı. Ulu Öndərin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair Fərman imzalandı. Ümummilli Liderimizin rəhbərliyi ilə aparılan əsaslı məhkəmə-hüquq islahatları nəticəsində yeni, üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis olundu.
Bütün mənalı həyatını öz xalqına bəxş edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi. Onu da xüsusi vurğulamaq lazımdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ədliyyə və məhkəmə-hüquq islahatları son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət göstərib. Eyni zamanda 2006-cı ildə dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.
Bir daha qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı və ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq müəyyənləşdirən zaman milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırladı, köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan verdi.
Ümummilli Lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının Ədliyyə Nazirliyinin yeni əsasnaməsini təsdiq etməsi ilə onun cəmiyyətdə mühüm rolu təsbit edildi, ona hüquq mühafizə orqanı statusu verildi, ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında mühüm təkan oldu. Məhz Ümummilli Liderimizin başladığı islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilib, onun təməlini qoyduğu hüquqi islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün uğurla həyata keçirilir.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı yolunda əldə olunan nailiyyətlər təbii ki, bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi doğurmaqla, hamımızın qurub-yaratmaq əzmini daha da artırır və biz elə çalışmalıyıq ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ölkəmizdə sosial-iqtisadi tərəqqisindən geri qalmasın.
Ağayev Cahangir Rafiq oğlu
Bakı şəhəri 51 saylı notariat ofisinin hüquqşünası
