Millət vəkili Ulu Öndərin milli həmrəyliyin təmin olunması istiqamətində tarixi təşəbbüsünə də xüsusi diqqət yönəldib: “Azərbaycan dilinin dövlət statusu qazanması Ulu Öndərin qətiyyətinin nəticəsidir. Ümummilli Lider dövlət dilimizin böyük himayədarıdır. Dahi şəxsiyyət bildurmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi ən böyük nailiyyələrimizdən biridir. Bu, təkcə dil deyil, həm də azərbaycançılıq məsələsidir. Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin parlaq ifadəsi idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.”
Əliabbas Salahzadə vurğulayıb ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir: “Canından artıq sevdiyi Azərbaycanın daim öndə olması, ən yüksək zirvələri fəth etməsi dahi şəxsiyyətin əsas arzusu idi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı məhz bütün dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi, ölkəmizin daha da qüdrətlənməsinə öz töhfələrini vermələrinə stimul oldu.”
Millət vəkili qeyd edib ki, müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.”
Əliabbas Salahzadə Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirib: “Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bu yolun davamlılığını, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinin əsasını qoydu. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işlərin Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Axıra çatdırılması nəzərdə tutulan məsələlər sırasında ilk növbədə Qarabağ münaqişəsinin həlli dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Ölkə Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. İki ildən artıqdır ki, ölkəmizin həyatında yeni bir dövr başlayıb. Azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycana hansı sahədən baxsaq Ümummilli Liderin misilsiz xidmətlərini görürük. Dahi şəxsiyyət məhz möhkəm təmələ söykənərək dövlətimizin və xalqımızın gələcəyinin daha da yaxşı olacağına əminliyi əsasında bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
