Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan cəsarətli çıxış və ciddi təklif

    Razi Nurullayev
    Milli Məclisin deputatı,
    Milli Cəbhə Partiyasının - MCP sədri

    "Atributinfo.az" millət vəkili Razi Nurullayevin dünən-martın 7-də Milli Məclisin plenar iclasında "Elektroenergetika" haqqında qanun layihəsi ilə bağlı çıxışını təqdim edir:
    - Parlamentdə ikinci çıxışım
    “Elektroenergetika” haqqında qanunda olan terminlərin sayı, deməyə əsas verir ki, qanun üzərində xeyli zəhmət çəkilib. Amma, qanunun bu şəkildə qəbulu ciddi problemlər yarada bilər. Qanun layihəsininin hazırlanmasında göstərdiyi səylərə görə hörmətli Sadiq müəllimə dərin təşəkkürümü bildirirəm. Qanun üzərində xeyli işləmək və onu sadə istehlakçıların, yəni elektrik enerjisindən istifadə edən kasıbın maraqlarına uyğunlaşdırmağa çalışaq.
    Qanunun bu şəkildə qəbulu elektrik enerjisinin qiymətinin bir neçə dəfə artması ilə nəticələnəcək. Bu isə sosial narazılıq, əhalinin sosial vəziyyətinin ağırlaşması və bütün istehlak məhsullarının artımına səbəb olacaq. Yəni bazarda olan qiymətlər də 2-3 dəfə bahalaşmağa məcbur olacaq. Bunun ardınca qaz və su qiymətləri də artmağa doğru gedəcək, çünki, iqtisadiyyatın aparıcı qüvvəsi həm də elektroenergetika sahəsidir.
    Elektroenergetika bazarının liberallaşdırılması enerjinin müxtəlif şirkətlər tərəfindən əhaliyə satılmasıdır. Dövlətin məqsədi əhalini davamlı, keyfiyyətli, dayanıqlı və əlçatan enerji vasitələri ilə təmin etməkdir. Amma, necə? Bu gün 70 faiz regional paylayıcı şəbəkələr istismar dövrünü bitirib və iri həcmli sərmayələr tələb olunur ki, onları sağlamlaşdıra bilək. Biz bu şəbəkələri sağlamlaşdırmadan liberal bazar modelinə keçidlə vəziyyəti daha da ağırlaşdıracağıq. Əminlik varmı ki, hansısa şirkət yüz milyonlarla vəsaiti yatıracaq və regional paylayıcı şəbəkələri yeniləyəcək? “Barmek” və “Bayva” zamanı da gördük ki, mövcud sistemləri də dağıtdılar və bir manat da vəsait yatırmadılar. Hər kəsin marağında mövcud olandan qazanmaqdır. Pul qazanmaq istəyən şirkətin nəyinə lazımdır ki, camaat narazı qalacaq, ödəməyə gücü çatmayacaq. Bizim ölkəmizdə sosial məsuliyyət hissi o qədər güclü deyil axı…
    Bəli şirkətlərin qarşısında tələb qoyulacaq ki, infrastrukturu yeniləyin. Onlar da baxacaq ki, mövcud tariflə pul yatırmağa dəyməz və gözəl də əsaslandıracaq. Tələb edəcək ki, enerji tarifləri iki-üç dəfə bahalaşsın. Onlar camaatın, kasıb xalqın cibinə girib olan-olmazını süpürüb yatırım qoyacaq, qazanacaq və sosial narazılığı da nəzərə almayacaq. Burada oturan deputatlar narazı camaatın qabağına çıxmalı olacaq, hökumət nümayəndələri, dövlət adamları narazı xalqın qarşısında cavab verməkdə çətinlik çəkəcək.
    Demirəm ki, qəbul etməyək. Edək, amma indi yox. Heç olmasa, qanunun qüvvəyə minməsi tarixini çəkək 2028-ci ilə. Qanun beş il sonra qüvvəyə minsin.
    Təklif edirəm ki, ictimai dinləmə keçirilsin. Bu qanun enerji sahəsində siyasəti kökündən dəyişir və biz bunu birbaşa qəbul etməyək. Xanım sədr Sizin təşəbbüsünüzlə parlamentdə gözəl bir ənənə yaranıb. Maraqlı tərəflərin iştirakı ilə geniş ictimai dinləmə keçirilir. Bir ictimai dinləmə keçirilsin və maraqlı tərəflər fikirlərini əsaslandırsın. Qanunu təqdim edən tərəf, ictimai təşkilatlar, ekspertlər, dövlət idarələri, “Azərenerji”, “Azərişıq” iştirak etsinlər və suallarımıza cavab versinlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ