Sizin reklam burada
Sizin reklam burada

“Kəlbəcərin azadlığı hansısa razılaşmanın yox, ordumuzun gücü sayəsindədir” – Aqil Məmmədov

"Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 2 il ötür. Artıq, xalqımız işğal tarixçələrini yox, rayonlarımızın işğaldan azad olunması tarixçələrini qeyd edirlər”.
Bu fikirlərin müəllifi Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən deputat Aqil Məmmədov bildirib ki, Kəlbəcər rayonunun 28 ildən sonra bir güllə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm diplomatik, həm də hərbi gücünün göstəricisidir: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli oldular. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin erməni tərəfinin müraciəti əsasında Rusiyanın xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Belə ki, noyabrın 25-də rayon artıq işğaldan azad olundu.28 illik işğaldan sonra Kəlbəcər öz azadlığına, öz sahiblərinə qovuşdu. Amma, Kəlbəcərin azad olunması hansısa razılaşmanın nəticəsi deyildi. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə elə bir reallıq yaratmışdı ki, kapituliyasiyaya imza atmamaq, Kəlbəcər rayonunu bolaştmamaq erməni ordusuna çox ağır itkilər bahasına başa gələ bilərdi. Azərbaycan ordusu Kəlbəcəri də azad edəcəkdi. Bunu bilən Ermənistan rəhbərliyi və onun havadarları təslimçilik bayrağını qaldırdılar. Bu baxımdan, Kəlbəcərin azad olunması da bilavasitə ordumuzun gücü ilə baş verdi”.
Millət vəkili bildirdi ki, Prezident İlham Əliyev noyabrın 25-də xalqa müraciətində Kəlbəcər rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi: “Prezident bildirdi ki, Azərbaycan xalqı uzun illər ərzində bu günü səbirsizliklə gözləyirdi. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd etdi ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.
A.Məmmədov bildirib ki, işğal dövründə onminlərlə kəlbəcərli məcburi köçkünə çevrilmişdi.: “İllərdir tor­paqlarımızı işğal altında  saxlayan erməni vandalla­rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı”.
Millət vəkilinin sözlərinə görə hazırda Kəlbəcərdə qəbul edilmiş dövlət proqramına uyğun olaraq böyük infrastruktur layihələri icra edilir: "Bu işlərin başında sözsüz ki, Göygöl rayonu ilə Kəlbəcəri birləşdirəcək Murov dağının altından çəkilən tuneldir. Tunelin çəkilişi intensiv şəkildə həyata keçirilir. Eyni zamanda, hər iki tərəfdən yeni yollar çəkilir. Çünki, bu yol Laçına qədər uzanacaq. Kəlbəcərdə su elektrik stansiyalarının tikilməsi işi də sürətlə davam etdirlir. Bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında, onun tapşırıqları əsasında görülür. Cənab Prezident bir neçə dəfə Kəlbəcərə səfər edərək görülən işlərlə yerində tanış olub. İşlərin belə sürətli və keyfiyyətli aparılmasında bir məqsəd var - böyük qayıdışa tezliklə nail olmaq. Azərbaycan dövləti əhalimizin doğma yurd-yuvalarına mümkün qədər qısa müddətdə qayıtması üçün hər şeyi edir və edəcək".




  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ