Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Sonra deputat bildirib ki, Qubadlının azad edilməsi II Qarabağ savaşının gedişində strateji əhəmiyyət kəsb edən qələbə idi: “Düz iki il bundan əvvəl, 2020-ci il oktyabr ayının 25-də müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir. Həmin gün müharibənin gedişatında son dərəcə önəmli yer tutub. Belə ki, məhz Qubadlı azad olunandan sonra Şanlı Ordumuzun Laçın istiqamətində yolu açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də işğaldan azad edildi. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü və artıq müharibənin taleyi həll edildi. Artıq bütün dünya, həm də düşmən gördü ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dura bilməz. Qubadlının azad olunmasından sonra Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz Zəfər missiyasını şərəflə davam etdirdi və noyabrın 8-də Şuşada müqəddəs üçrəngli bayrağımızı ucaltdı.”
Həmçinin N.Aslanov bu gün Qubadlının yenidən qurulması istiqamətində görülən işlərin getdikcə daha böyük vüsət aldığını vurğulayaraq bunları deyib: “Bu gün Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Baş plan ən müasir normalara uyğun, Qubadlının təbiəti və tarixi keçmişi nəzərə alınmaqla hazırlanır. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin bu rayona etdiyi səfərlər Qubadlıda aparılan yenidənqurma işlərinin dövlətin diqqət mərkəzində saxlandığını təsdiq edir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən ilin 25 oktyabr tarixində Qubadlıya etdikləri səfərin gedişində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, eləcə də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak etmələri xüsusi önəm kəsb edən hadisələrdir. Aydındır ki, Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər ilk növbə mühüm iqtisadi əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, sovet vaxtında Qubadlı rayonu üzrə elektrik enerjisinin ümumi istehlakı 12 meqavat idi. Ancaq yeni istifadəyə verilmiş yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Bu o deməkdir ki, icra olunan infrastruktur layihələr dinamik inkişafa hesablanıb.”
Deputat belə bir məqamı da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə aparılan işlər də xüsusi diqqət mərkəzində saxlanılır: “Əlbəttə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması vacib işlərdəndir. Təsadüfi deyil ki, bu işlər də birbaşa Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir və bilavasitə dövlət başçısının xüsusi nəzarətində saxlanılır. Məhz bu baxımdan da Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin keçən il yaradılmış hərbi hissə kompleksi vacib strateji əhəmiyyət kəsb edir. Ölkə Prezidenti kompleksin açılışında iştirak etməklə bu məsələnin vacibliyini bir daha vurğulamış oldu” – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
