Sizin reklam burada
Sizin reklam burada

2023-cü il – “Heydər Əliyev İli”dir

2023-cü il – “Heydər Əliyev İli”dirMəzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. 29 il bundan öncə, 3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi.
Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq tariximizin səhifələrinə öz adını yazdı.
Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri öz təsdiqini əməli işdə tapdı.
Yalnız Heydər Əliyevin Hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur.
O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail olmuş, eyni zamanda sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Onun gənc nəslə olan diqqət və qayğısı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Gənclər Günü bütün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd olunmağa başlanıb.
Ulu Ondərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi məhz Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Bu gün xalqımız əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Əldə edilən uğurların icraçısı isə Ulu Öndərimizin layiqli siyasi varisi Möhtərəm Prezidentimiz İlham Əliyevdir.
1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırdı. 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.
Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edəcəkdir.
Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Bunlar artıq müxtəlif görkəmli şəxslər tərəfindən edilir və bundan sonra da daim ediləcəkdir, çünki o, bir dünya şöhrətli Azərbaycanlı, dövlət xadimi və lider kimi adını dünya tarixinə yazmışdır.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.









  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ