İslam Mirzəzadə,Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu
2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-dək 44 gün ərzində Azərbaycan əsgəri düşmənin belini döyüş meydanında qırmağı bacardı. Hər bir azərbaycanlının qəlbindəki torpaq həsrətinə Azərbaycan əsgəri addım-addım son qoydu. Onların döyüş ruhunun yüksək olmasında əsas rol oynayan faktorlardan biri vətənpərvərlik hissi idi. Azərbaycan əsgərinin döyüş hazırlığı ilə yanaşı, döyüş ruhu qarşısında da düşmən tab gətirə bilmirdi. Bu döyüşlərdə cəngavər oğullarımızla qısa müddət ərzində böyük uğur əldə etdik. Şəhidlərimizə görə üzülürük. Lakin təsəllini aldığımız qisasla, işğaldan azad etdiyimiz tarixi ərazilərimizlə tapırıq. Şəhidlik çox yüksək məqamdır. Ölümlərin ən alisidir.
Vətənpərvərlik - Vətəninə, dövlətinə, xalqına, millətinə olan sonsuz sevgidən yaranan bir duyğudur, məfkurədir. Doğulub boya-başa çatdığı yurduna bağlı olan, onun uğurları üçün çalışan hər kəs vətənpərvərdir. Onu sevmək, sevdirmək və qorumaq hər birimizin müqəddəs borcudur. Bu gün şəhidlərimizin şərəfinə ucaldılmış abidələr qarşısında, məzarları önündə Vətən üçün özünü sipər edən oğullarımızı anırıq. Onlar Vətən yolunda canlarını qurban verdilər. Şəhidlər ölməzlər, onlar daim ürəklərdə, yaddaşlarda yaşayacaqlar. Böyük Zəfəri və Böyük Qələbəni xalqımıza bəxş edən şəhidlərimizi ən səmimi, ən ülvi duyğularla yad edirik.
Azərbaycan əsgəri hər zaman Ana Vətənimiz qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməyi bacarıb. Minlərlə şəhid vermiş yurdumuzun tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən hər bir oğlumuz qəhrəmanlıq ənənələrimizi qorumaqla öz ata-babalarının tarixi qəhrəmanlıq yolunu getmişdir. O tarixi yol ki, uzun və keşməkeşlidir... Azərbaycan əsgəri istər Horadiz əməliyyatında, istərsə də Aprel döyüşlərində düşmənə layiqli cavab verdi. Ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi. 44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama - şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz!
