Milli Cəbhə Partiyasının sədri,
millət vəkili
Bu gün Milli Cəbhə Partiyası - MCP Qadınlar şurasının üzvləri ilə "Təmiz Dünya" Qadınlara yardım İB-nin nəzdində Bakıda yerləşən “Qadın və uşaq sığınacağı”nı ziyarət etdik. Mehriban Zeynalova bizi sığınacaqla tanış etdi. Növbəli şəkildə dit sığınacaqları da ziyarət edəcəm.
Qeyd edim ki, iki məsələ ilə bağlı yerindəcə həll yolu tapa bildik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədri Zaur Əliyevə göstərdiyi anlayış və köməyə görə təşəkkür edirəm. Sığınacaqda olan qadın və uşaqların müalicəsi və müayinəsi ilə bağlı ciddi problem var. Hörmətli Zaur müəllimlə danışdım və bu məsələni yüksək səviyyədə həll edəcəyini dedi.
Digər problem komunal xərclərlə bağlıdır. Sığınacağın gəliri yoxdur axı, onun üçün də bu cür yerlərdən biznes strukturu kimi komunal xərc tələb etmək yanlışdır. Sığınacaqda 31 uşaq, 20-yə yaxın çarəsiz qadın var. Bu qədər insanın istifadə etdiyi komunal xərclər böyük məbləğə dayanır. "Azərsu" sədrinin müavini Etibar Məmmədovla danışdım, vəziyyəti dedim. Etibar müəllimə anlayışı və köməyi üçün təşəkkür edirəm.
Sığınacaq sakinlərinin bayramını təbrik edib, partiyanın gücü çatanı da etdik. Həqiqətən, bu cür sığınacaqların əhəmiyyəti çox böyükdür. Məişət zorakılığına məruz qalmış qadınlara sahib çıxmaq ən böyük yaxşılıqdır. Kim istəyirsə ki, cənnəti bu dünyada qazansın Azərbaycanda fəaliyət göstərən bu cür sığınacaqları, uşaq evlərini, qocalar evini ziyarət edib köməklik göstərsin.
Hansı restorana gedirsən, doludur. Eyni adamlar bir yerdən başqa yerə transfer edirlər və əsasən eyni adamlardır. Ayda bir günlük restoran pulunuzu bu yerlərə xərcləyin. Xahiş edirəm bunu.
Qanunvericilik, dövlət səviyyəsində də xeyli məsələlər var ki, həllini tapmalıdır və bu məsələ ilə ciddi məşğul olmalıyıq. Görüşləri keçirib bitirək, sonra əlaqədar dövlət orqanları ilə bərabər çalışaraq müəyyən nəticələrə, İnşallah nail olacağıq.
Qeyd: təhlükəsizlik baxımından sığınacaq sakinlərini çəkib göstərmirik. Orada olan bir çox qadınların həyatı hələ də təhlükədədir. Ərləri onlara zorakılıq tətbiq edir və hər kəs onların önündə acizdir. Qanun da, ölkə də. Bir çox ailə problemləri dünyagörüşünün zəifliyindən, sosial problemlərdən, işsizlikdən, narkotika istifadəsindən, qısqanclıqdan və psixi pozuntulardan əmələ gəlir.
