Tarixən Azərbaycan qadınları həyatın müxtəlif sahələrində fəallıq göstərmiş və seçilmişlər. Eləcə də 2-ci dünya müharibəsində Azərbaycanlı qadınlar, hətta müharibənin ön cəbhələrində fədakarlıq göstəriblər.
Azərbaycanda qadın siyasətinin və qadınların yeni, parlaq inkişaf mərhələsi Ulu Öndər, Ümummilli Lider mərhum Heydər Əliyevin dövründə onlara verilən əhəmiyyətin yüksəlməsi və qadınların dövlət idarəçiliyində irəli çəkilməsi ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Xüsusilə qeyd edilməlidir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə və dünyada müasir, vətənpərvər və inkişaf etmiş Azərbaycan qadınının təcəssümünə çevrilib. Artıq dünyada Azərbaycan qadını haqqında təsəvvür və fikirlər stereotip və klişelər əsasında deyil, Mehriban xanım Əliyevanın şəxsiyyəti və fəaliyyəti əsasında formalaşır. Onun UNESCO-nun və müsəlman aləmini əhatə edən İSESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi, eyni zamanda Şərqdə və Qərbdə, Asiyada və Avropada təmsil etməsi Azərbaycanın yumşaq güc siyasətinin formalaşmasında və uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın lider rolunda çıxış etdiyini göstərir.
Hazırda Azərbaycan qadınları cəmiyyətdə fəal və aparıcı qüvvə kimi çıxış edirlər. Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu böyükdür. Bu inkişafın xüsusiyyətlərindən biri onun milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizə sədaqət və yüksək vətənpərvərlik hissinin qorunub saxlanmasıdır. Vətən müharibəsindəki qələbəmiz və həmin qələbənın hərəkətverici qüvvəsi olan gənclərimizin qəhrəmanlıqları Azərbaycan qadınının onlara verdiyi yüksək tərbiyəyə və ülvi vətənpərvərlik duyğusuna dəlalət edir. Eyni zamanda, şəhid və qazilərimizin analarının, bacılarının və həyat yoldaşlarının Vətən müharibəsi zamanı və sonrakı dövrdə göstərdikləri dəyanət və mətanət hər birimiz üçün qürur mənbəyidir. Bununla, qadınlar ölkəmizdə uşaq və yeniyetmələrin əsl vətəndaş kimi yetişməsində müstəsna rol oynayırlar.
Azərbaycan qadınları vətəndaş cəmiyyəti quruculuğu sahəsində də fəal iştirak edirlər, gender bərabərliyinin möhkəmlənməsi istiqamətində töhfə verirlər. Eləcə də, dövlət qurumlarında, parlamentdə, siyasi həyatda, elm və mədəniyyət sahələrində təmsil olunurlar.
Azərbaycanda qadınların inkişafı məqsədilə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilmiş, qanunvericilik aktları qəbul edilmişdir. Bu siyasətin tarixi və intellektual kökləri Azərbaycanın mütəfəkkir və ictimai xadimlərinin qadına münasibətinə bağlıdır. Burada xüsusilə Əhməd bəy Ağaoğlunu qeyd etmək lazımdır. O, həm Azərbaycanda, həm Türkiyədə qadın hüquqlarının inkişafına intellektual töhfələr vermişdir. Habelə, bu yaxınlarda Prezident İlham Əliyevin heykəlinin açılışımı etdiyi Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin dünyəvi təhsil verən qızlar məktəbi əlamətdar tarixi hadisə idi. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərinin mərkəzində ucaldılan heykəlinin açılışı zamanı Prezident İlham Əliyev onun təşəbbüsü və maliyyə vəsaiti ilə yaradılmış qızlar üçün dünyəvi məktəbi “gələcəyə yönəlmiş bir addım” kimi səciyyələndirib. Prezident qeyd edib ki, o zaman müsəlman aləmində qızlar üçün dünyəvi təhsil verən bu nadir məktəbin açılması uzaqgörənlik idi. Beləliklə, Azərbaycan qadını intellektual təməllər əsasında tarixi inkişafı yolu keçərək cəmiyyətimizin tərəqqisinə mühüm xidmətlər göstərib.
