Sizin reklam burada
Sizin reklam burada
  • Azad olunmuş ərazilərdə elə şərait yaradılır ki, insanlar bundan sonra rahat yaşasınlar

    Azad olunmuş ərazilərdə elə şərait yaradılır ki, insanlar bundan sonra rahat yaşasınlarİqbal MƏMMƏDOV,
    Milli Məclisin deputatı

    Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə rayonlara səfər edərkən görülən işlərlə tanış olur, yeni obyektlərin təməlini qoyur. Dövlət başçısı yanvarın 12-də yerli televiziya kanalları­na müsahibəsində də görülən işlərdən geniş söhbət açdı.
    Dövlət başçısı əvvəlcə bəyan etdi ki, son illərdə ölkəmizin valyuta ehtiyatları 2,5 mil­yard dollar artıb. Özü də bu, keçən il böyük xərclər olmasına baxmayaraq, artıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləcə də ölkəmizin digər yerlərində investisiya proqramları icra edilib. Bu ilki dövlət büdcəmiz isə tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkənin əldə etdiyi bu nailiyyətlər iqtisadi sahədə çox gözəl mənzərə olduğunu göstərir: “Bu il azad olunmuş torpaq­larda, həm investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük. Təkcə vergi orqanları keçən il proq­nozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər”.
    Azərbaycan lideri bildirdi ki, işğaldan azad olunmuş zonaların tezliklə yenidən qurularaq sakinlərin öz evlərinə qaytarılması prioritet vəzifə olaraq qalır. Bu məqsədlə həmin region­larda irimiqyaslı işlər görülür. Yeni infrastruk­tur yaradılır, elektrik stansiyaları tikilir, dəmir və şose yolları çəkilir. Şəhərlərarası yolların çəkilişi geniş vüsət alıb. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcərlə Laçın arasında 4 kilometr uzunlu­ğu olan ikinci tunel inşa edilir. Bu, Kəlbəcərə Göygöl-Gəncə istiqamətindən getməyə və həm strateji, həm də vətəndaşların oraya qayıtma­sı nöqteyi-nəzərindən bütün məsələləri həll etməyə imkan verəcək. Həmçinin Bərdə-Ağdam avtomobil yolu inşa edilir.
    Prezident İlham Əliyev dedi: “Biz Nafta­lanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik. Digər yollar, məsələn, Füzuli–Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol - magistral yol çəkilir, Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Horadiz–Ağbənd, Zəngilan–Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi... Dəmir yolları. Artıq Bərdə–Ağdam dəmir yolunun inşasına başlamışıq. Horadiz–Ağbənd–Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlamışıq”.
    Dövlət başçısı tarixi abidələrin bərpası barədə danışdı. Qeyd etdi ki, Şuşa şəhərində böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. İndi məktəblərin, xəstəxanaların təməli qoyulur. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imza­lanıb: “Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar... Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”.
    Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri məhz bu istiqamətdə gedir. Çünki 30 ilə qədər məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanlarımız öz yurdlarına ləyaqətli şəkildə qaytarılmalı və rahat yaşamalıdırlar.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ