Əflatun Amaşov,Azərbaycan Mətbuat Şurasının sədri
Qazaxıstanda baş verən proseslərin Azərbaycanda, o cümlədən ölkəmizin mediasında və sosial şəbəkə seqmentində doğurduğu reaksiyaları diqqətlə izləyirəm. Əslində bu sayaq olaylar bir növ indiqatordur - bizim münasibətimiz necə olacaq?
Əlbəttə, hər kəs fikrini bildirməkdə azaddır. Baxışların da müxtəlifliyini təbii qarşılayıram. Amma ortada bir zorakılıq, xaos, anarxiya, dövlət hakimiyyətinin müəyyən mənada iflic hala düşdüyü effekti verən mənzərə var. Və bu bizim reaksiya hədəfimizdirsə, gərəkdir ki, ölçülü-biçili davranaq. Bunu xüsusən də jurnalistlərimiz düşünməlidirlər. Bunu düşünmək eyni zamanda peşə borcudur.
Unutmayaq ki, medianın təqdim etdiyi məhsul birbaşa cəmiyyətə işləyir. Demək, məhsul maksimum dərəcədə etibarlı, səlist, soyuqqanlı, emosiyadan kənar olmalıdır. Çox istərdim ki, jurnalist həmkarlarım dediklərimi ətraflı düşünsünlər.
