Spiker qeyd edib ki, parlamentlərin, eləcə də parlamentlərarası əməkdaşlıq platformalarının həm milli, həm də beynəlxalq səviyyədə qərar qəbuletmə prosesinə təsiri üçün xüsusi mexanizmlərə və əsas vasitələrə malik olması qanunverici orqanların beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynamasını şərtləndirir. Bu, parlamentlərin qlobal idarəetmənin əhəmiyyətli bir komponentinə çevrilməsinin yolunu açır. Bu mənada, hesab edirəm ki, parlament spikerlərinin 2000-ci ildə keçirilən Ümumdünya Konfransının ardınca BMT ilə işləmək üçün parlament ölçüsünün yaradılması tarixi və strateji bir addım idi.
S.Qafarova əlavə edib ki, bu gün parlamentlər BMT-nin fəaliyyətinə iki mexanizm - üzv dövlətlərin təşkilatda daimi nümayəndəlikləri vasitəsilə və birbaşa müraciət etməklə təsir edə bilərlər. Yeni təsir mexanizmlərindən danışarkən, Parlamentlərarası İttifaqın təşkilati və vasitəçilik roluna diqqət çəkən Sahibə Qafarova deyib ki, BMT-də müzakirə olunan qlobal miqyaslı məsələlər, qəbul edilən qərarlar barəsində məlumatların milli parlamentlərə, milli parlamentlərin mövqelərinin isə BMT-yə çatdırılması Parlamentlərarası İttifaqın fəaliyyətinin yeni mühüm bir istiqamətini təşkil edə bilər.
Milli Məclisin sədri çıxışında Ermənistan spikerinin səsləndirdiyi əsassız iddialara cavab verərək, deyib ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.
