Xarici investorların ölkəmizə bugünə qədər qoyduğu investisiyalarda əsas yeri neft və qaz sahəsi tutsa da, Azad İqtisadi Zona yaradılmaqla iqtisadi əlaqələrin daha da genişləndirilməsi mümkün olacaqdır. Qeyri-neft sektoruna dövlət tərəfindən göstərilən diqqətin nəticəsi olaraq, formalaşdırılan Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması iqtisadiyyatımıza böyük töhfələr verəcəkdir. Bu töhfələr ilk növbədə qeyri-neft sektorunun dinamik inkişafında və iqtisadi artımda qısa müddətdə özünü göstərəcəkdir.
Hazırda Ələt Azad İqtisadi Zonasının 60 hektarında layihələndirilmə işləri başa çatıb, inşaat işləri başlayıb və infrastruktur yaradılıb. İqtisadi Zonanın ümumi sahəsi isə 850 hektardır. Burada bir neçə vacib məqama toxunmaq yerinə düşərdi.
İlk növbədə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Ələt qəsəbəsindən keçdiyi üçün iqtisadi zonanın yerləşdiyi ərazi olduqca strateji və mühüm bir ərazidir.
İkincisi, Ələt qəsəbəsində böyük boş torpaq sahələri mövcuddur, hansı ki, bu torpaq sahələri kənd təsərrüfatı üçün tam yararsız idi və bu qədər böyük ərazidə İqtisadi Zona yaradılmaqla torpaqların səmərəli istifadəsinə şərait yaradıldı.
Üçüncüsü, Ələt Azad İqtisadi Zonasının yerləşdiyi ərazidə həmçinin, Bakı Beynəlxalq Ticarət Limanı yerləşir ki, bu da Azad Zonanın effektiv fəaliyyət göstərməsinə, daşımaların həm də dəniz vasitəsilə həyata keçirilməsinə böyük kömək olacaq.
Dördüncüsü, Ələt qəsəbəsi paytaxt Bakı şəhərinə yaxın olmaqla proseslərə daha çevik reaksiya verməyi və koordinasiya etməyi təmin edəcəkdir.
Bundan başqa, azad iqtisadi zonanın qurulması ölkəmizin biznes mühitinin daha da inkişafına şərait yaradacaqdır.
Dünyada yayılmış pandemiyanın dövlətlərə vurduğu ziyan hamımıza bəllidir. Belə ki, pandemiyanın kəskin yayılması iqtisadiyyata ciddi şəkildə zərbə vurmuşdur. Bir çox ölkələrin iqtisadiyyatlarının məhv olması səbəbindən böyük miqdarda borcları yaranmış, bu məqsədlə də Dünya Bankı da daxil olmaqla bir sıra nüfuzlu təşkilatlara borc üçün müraciət etmişlər. Lakin, ölkəmizin iqtisadi potensialının artması nəticəsində bizim borca ehtiyacımız olmamış, əksinə, pandemiya dövründə 30-dan artıq ölkəyə və beynəlxalq təşkilatlara maddi yardımlar etmişik. Bu da yalnız vaxtında qurulmuş dayanıqlı iqtisadiyyatın, atılmış doğru addımların nəticəsində mümkün olmuşdur.
Eləcə də, İqtisadi Zona fəaliyyətə başladıqdan sonra ölkəmizin iqtisadiyyatının qısa müddət ərzində daha da böyüməsi nəzərdə tutulur. İqtisadi Zonanın yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən görüləcək işlər əvvəlcədən dəqiq müəyyən edilmiş və Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzalanmışdır. Həmin Sərəncamdan sonra isə, İqtisadi Zonadakı idarəetmə də daxil olmaqla bu sahədəki bütün münasibətləri tənzimləmək məqsədilə 2018-ci ildə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
İlk növbədə, xarici investorların cəlb edilməsi məqsədilə onu vurğulamalıyıq ki, bu sahədə qanunvericilik bazası tam formalaşdırılmış və Azad Zonanın fəaliyyət qaydaları ilə tanışlıq hamı üçün əlçatan edilmişdir.
İkincisi, ölkəmizdə çox gözəl investisiya iqlimi yaradılıb ki, bu da kifayət qədər böyük investisiyaların ölkəmizə cəlb ediləcəyinin ilkin proqnozunu verir. Bu gün iqtisadiyyatımız dinamik xətlə inkişafdadır və Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu sahədə qazanılmış uğur isə, təbii ki, investorlarda böyük maraq yaradır.
Digər mühüm fakt isə ondan ibarətdir ki, ölkəmizdə olan sabitlik və təhlükəsiz mühit xarici investorların cəlb edilməsi üçün əsas məqamlardan biridir. Azərbaycanın nəinki regionun, həmçinin dünyanın ən güclü ölkələrindən biri olması, habelə sabitliyin və təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ölkəmizin həm də qüdrətinin göstəricisidir.
Bütün bunlar əminliklə deməyə əsas verir ki, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması iqtisadiyyatımızın daha da inkişafına böyük töhfə olacaqdır.
